Çelsi” Futbol Klubunun aktivləri də dondurulub
Böyük Britaniya Roman Abramoviçə və daha altı rus oliqarxına sanksiya tətbiq edib.O cümlədən “Çelsi” Futbol Klubunun aktivlərini dondurub.
Böyük Britaniya hökuməti martın 10-da rusiyalı milyarder Roman Abramoviçə sanksiya tətbiq edərək onun bütün aktivlərini dondurub.
Eyni zamanda, İngiltərə Premyer Liqasının “Çelsi” Futbol Klubuna və Vladimir Putin rejimi ilə yaxın əlaqələri olan bir neçə rus oliqarxına məxsus aktivləri hədəf alan daha geniş sanksiya tətbiq edib.
Xəzinədarlığın Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi tərəfindən verilən bildirişə görə, Abramoviç Putin və hökuməti ilə əlaqəsinə görə hədəfə alınıb.
Sanksiyaları elan edən bəyanatda Böyük Britaniya hökuməti “Çelsi”yə oyunları davam etdirmək və futbolla bağlı digər fəaliyyətlərlə məşğul olmaq üçün xüsusi lisenziya dərc etdiyini bildirib.
Hökumət Abramoviçin Böyük Britaniya sanksiyalarından yan keçə bilməməsini təmin etmək üçün yalnız müəyyən “açıq-aşkar adlandırılmış hərəkətlərə” icazə verən bu lisenziyanı daim nəzərdən keçirəcək.
Roman Abramoviç sanksiyalara məruz qalan yeddi tanınmış rus oliqarxından biridir.
Onların arasında “Rosneft”in baş direktoru İqor Seçin, “En+” Qrupunun Oleq Deripaska, VTB Bankın sədri Andrey Kostin, “Qazprom”un baş direktoru Aleksey Miller və başqaları da var. Ümumilikdə, Böyük Britaniyanın yenilənmiş sanksiyalar siyahısına Rusiya hökuməti ilə əlaqəli 65 fiziki və hüquqi şəxs daxildir.