Brendlər

və ya müasir quldarlıq quruluşu…

Source:

Bakıda demək olar, hər gün yeni brend dükanlar və müxtəlif obyektlərin açılış xəbərlərini eşidirik. Xeyli sayda adam bu xəbərlərə sevinir. Çox vaxt bəzi brendlərin ölkəyə gəlməsi xəbəri əməllicə toy-büsata səbəb olur. Axırıncı belə şadyanalığı mən Bakıda “Sturbucks”-ın açılacağı ilə bağlı xəbərdə görmüşdüm. Facebookda qızğın müzakirələr gedirdi.

Bu həmin ərəfələr idi ki, ABŞ-ın bir sıra ştatlarında “Sturbucks”-ın işçiləri daha yaxşı məvacib, layiqli şərait və ədalətli rəftar tələbləri ilə tətil edirdilər. Böyük hərakat olmasa da, xəbər saytlarına çıxacaq qədər ciddi idi. Ancaq saatı milyonlarla dollar dəyərində qiymətləndirilən, dünyanın ən böyük kofe mağazaları şəbəkəsi işçilərinin maaşını saatı 7,5 dollardan artıq qaldırmağın mümkünsüzlüyünü təəsüflə qeyd edirdi.

Təbii, heç kimin bu söhbətlərdən xəbəri yox idi. Əvəzində müzakirə olunan bu idi ki, guya həmin bu “Sturbucks”-ı hansısa nazir gətirir ölkəyə. Bir neçə adam da yazmışdı ki, söhbət “Sturbucks” kofelərindən gedirsə, onu lap oliqarx oğlu da gətirsə, yenə də əla xəbərdi. Siz nə danışırsız? Sturbucks kofesi!! Kitab, dərin düşüncələr, yüksək zövq, ali zümrə.

Adamların brendlərə qarşı münasibətini nə müəyyənləşdirir? Təbii ki, ilk ağıla gələn zövq və keyfiyyət fikridir. Ancaq məsələnin əsl mahiyyəti tamam başqadır. Hansısa brendi ona yüksək qiymət ödəyərək seçmək, əslində əla keyfiyyəti , hansısa ən gözəl dadı seçmək məqsədi daşımaqdan çoxdan çıxıb. İndi adamlar sadəcə brendin formalaşdırdığı imici alırlar. Əslində, elə hansısa brendin məhsullarının bu qədər səbəbsiz yerə baha olması da onunla əlaqədardı. Müxtəlif cür təbliğat və reklam sayəsində Sturbucks məhsullarını almaq sadəcə işgüzarlıq, ciddilik, yüksək sinfə mənsub olma, zövqlülük və intellektualizmlə assosasiya olunur.

Keyfiyyətli və kinolardakı xoşbəxtliyin illuziyası. Dad və keyfiyyət hər nə qədər yaxşı olsa, bu seçimdə kiçik əhəmiyyət daşıyır. Əsas mahiyyət brend məhsulunun sənə yüklədiyi imicdir. Sən də əslində baha qiyməti bu imic üçün ödəyirsən. Bu qədər sadə, flan brend məhsulunun daimi müştərisisənsə, ətrafa daim o məhsulun illərlə şüurlarda formalaşdırdığı imicə sahib biri kimi görünürsən. Seçimlərimiz bizim haqqımızda çox şey deyir, brendlər isə insanların yaratmaq istədiyi təssüratları çox yaxşı bildikləri və öz imiclərində onları cəmləşdirdiyi üçün bizə onları seçməkdən asan yol qalmır.

Brendlərə bu cür valehedici münasibət onların sadəcə daha çox satış yaratmaq üçün nail olmaq istədiyi marketinq uğurudur. Bu, onların tam qələbəsidir. Ancaq məsələnin başqa tərəfləri onların yaratdıqları bu imic və dükanları kimi rəngli və parlaq deyil. Onların ibtidai məqsədlərindən tutmuş, 3-cü dünya ölkələrində fəaliyyət göstərən fabrik və zavodlarında istismar olunan işçi sinfi və öz dükanlarındakı işci heyəti ilə rəftarı bu parlaqlığın, bu imicin tam əksidir. Ondan başlayaq ki, bir çox brendlər isanın həqiqətdə heç bir ehtiyac duymadığı məhsullardır və onlar canlı təbiətin məhvi hesabına başa gəlir. Suni tələbatlar seriyasına daxil olan belə məhsullar, müxtəlif heyvan dərilərindən olan çantalar, ayaqqabılar və xəz dəri geyimləridi.

İnsanın sırf heyvan dərisindən nəsə geyməyinə indi heç bir ehtiyac yoxdu. Bu ki, ibtidai icma quruluşu dövrü deyil. Timsah dərisindən ayaqqabı və ya sumka, hansısa başqa heyvan xəzindən şuba geyməyi zövq hesab edən və onlara yüksək qiymət ödəyənlərin şüurlarında ciddi yeniliklərə ehtiyac var. 3-cü dünya ölkələrindəki fabrik və zavodlarda insanların istismarı haqqında isə aşağı-yuxarı hamının xəbəri var.

Bakıda çox gözəl, rəngli və parlaq brend mağazaların yanından keçəndə, orda insan iztirabından başqa gözümə başqa bir şey görünmür. Nə vaxt qadın məhsulları satan mağazaların yanından keçirsən, görürsən ki, orda başdan-ayağa qara geyindirilmiş, yorğunluğun əldən saldığı, gözlərində həyat eşqi ölən qızlar, həyətdə oynayan uşaqlara qoşulmağa icazəsi olmayan uşağın pəncərədən baxdığı kədərlə küçədən keçənlərə baxırlar. Onlar 10 saat dikdaban ayaqqabıda ayaq üstə qalır, daim müştəriyə gülümsəməli, hər cür axmaq adamın kaprizlərinə və aşağılayıcı münasibətinə dözməli, müdirdən, nəzarətçidən ittiham, tənqid eşitməlidilər.

Təsəvvür edin, ən sərt sistem olan hərbidə belə əsgərlər keşik növbələrini 2,3 saatdan bir dəyişirlər. Brend mağazalarda, otellər və restoranlarda isə insanlar 10 saatlarla ayaq üstə durmalıdır. Hansısa harının biri məkana girəndə əmrə müntəzirlik və mutiliklə krala layiq qarşılanmasından həzz alsın deyə ( adını “servis” qoyublar) insanlarla bu şəkildə rəftar etmək vəhşilikdi. Hər gün bu şəkildə 10 saat istismar olunan adam, işdən sonra qalan cuzi vaxtda yaşamağı və sabaha yenidən eyni şey üçün güc toplamağı necə bacara bilər? Çətin ki…

Bu qədər yorğunluq və stress işdən sonra onun yaşamağa qalan bir neçə saatını da məhv edir. İnsanın yaşamağa və xoşbəxt olmağa sadəcə vaxtı qalmır. Sanki insan ətdən, sümükdən deyil. Bir neçə yüz manatın müqabilində. O pullar ki, ancaq yemək və yol pulumuza çatır. Bəzən də yeməyib, geyinirik. Brend mallar. Bunun adı müasir quldarlıq quruluşu deyil, nədir bəs?

Əgər brendlər iddia elədikləri yüksəkliyə layiqdilərsə, doğrudan bu qədər rəğbət və pərəstişi haqq edirlərsə, öncə işçi şəraitini düşünsünlər. Üzdə əlvan rənglər, xoşbəxtlik saçan reklamlar, parlaqlıq, alt qatda isə sadəcə insan əzabı. Bəlkə onlar işcini insan yerinə qoymağı bacarsalar, insanları istismar eləməsələr, pul ehtirasından başqa nəsə bir dəyər tanısalar, biz də brend xəstələrinin hayıl-mayıllıqlarına bir təhər dözərik, nəsə pozitiv bir şey taparıq, bütün bunlar bizdə ikrah oyatmaz.

Yoxsa, onlar insan əzabları üstündə qurulan müasir kiçik quldarlıq quruluşu modelindən başqa bir şey olmayacaq.

Ana səhifəMənim FikrimcəBrendlər