Böyük köç

Sizin ölkəyə niyə köçkünlər gəlmir?

Source:

Köçkünlər və qaçqınlar Avropa Birliyinin axırına çıxırlar. İqtisadi və siyasi müşkülləri danışıq və güzəştlə yoluna qoyan Avropa miqrant axını qarşısında orta əsr divarları çəkməyə başlayır. Sanki Berlin divarının sökülməsini yeni demokratiya dövrünün rəmzi elan etmiş Avropa deyil bu…

Bu əsnada xalqımız kədərli bir xəbər eşitdi. Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov İngiltərəyə köçdü. Əvvəl ailəsini göndərdi, sonra isə özü köçdü.

Hacı Əbdülə bu xəbəri çatdıranda, o belə şərh verdi ki: “Gavər ölkədə ayı qurtarıb, uşağa yeməyə heç nə qalmayıb, acından köçüb ölkədən”.

Bəziləri isə deyir ki, məsələ ayıda deyil, məsələ hakimiyyətin onun dədəsinə münasibətindədir. Anara ağrılı gəlir ki, onların bu qədər yaxşılıq etdiyi hakimiyyət bu qədər nankorluq edib dədəsinin halal qazanc mənbələrini onun əlindən alır. Hakimiyyət belə nankor işlərlə məşğul olanda heç xatırlamır ki, ailə nə qədər xərc və zəhmət çəkib Amerikada Azərbaycanı təbliğ edib! Onun uğurlu daxili və xarici siyasətini ləziz yeməklərlə və dadlı içkilərlə Vaşinqtonun xeyli siyasətçisinə anladıb.

Məmmədovlar inciyib. Küsüb. Cavab zərbəsi təsirlidir: ölkəni Anarsız qoymaq! Bilsinlər indi ailənin qədrini. İndi kim Vaşinqtonda kefkomları bir yerə toplayıb, bir gecədə iki milyon dolları göyə sovura biləcək?

Yayındıq mövzudan. Söhbət köçdən gedirdi. Kosmosdan Yerə baxanda görürsən ki, insan seli başlayır Afrikanın ortasından, yavaş-yavaş yavuqlaşır Şimali Afrikaya və yaxın Şərqə, oradan quru yolu ilə sızılır Türkiyəyə və Yunanıstana, su yolu ilə axır İtaliyaya, oradan da hopur Avropanın müxtəlif ölkələrinə.

Bu köçdən heç kim qurtula bilməz. Əgər Avropa Birliyinin üzvüsənsə: “ Aç qapını! Gələk səni öldürək!”

Avropa çaşıb, qalıb. Heç cür anlamır ki, nə baş verib. Axı Avropa, doğrudan da, nə edib ki? Heç nə! Yazıq Avropa!

Bədxahlar deyir ki, Avropa öz acgözlüyünün və səfehliyinin bədəlini ödəyir. Əgər Avropa gedib Liviyanı bombalamasaydı və tıxac kimi Afrikanın lüləsini qapamış əl-Qəzzafini devirib öldürməsəydi, heç bir köç başlamayacaqdı. Bombaladılar, Muammarın xəbərdarlıqlarını qulaqardına vurdular, devirib -“Vau!” – öldürdülər, indi al gəlsin!

Şərqdə yeni yüksəkgəlirli texnoloji sahə yaranıb. Miqrant ixracı qaçaqmalçılara milyardlarla dollar gəlir gətirir. Özünüz hesablayın, hər il 1,5 milyon qaçqının hərəsi azı 10 min avro haqq ödəyib Avropa sahillərinə çatırsa, bu, nə qədər pul edir? Məsrəf cüzi, demək olar ki, qəpik-quruş, çıxdaş edilmiş köhnə təknələr, yamanmış rezin qayıqlar, üzən nə varsa, hər şey işə yarayır. Qaçaqmalçılar bəzən əvvəlcədən pul ödəmiş qaçqınları heç Avropa sahillərinə çatdırmamış, dənizin ortasında tərk edib, sürətli qayıqlarla aradan çıxırlar. Qaçqınlar ya batır, ya da onları sahil xidmətinin gəmiləri xilas edib, qaçqın düşərgəsinə gətirir.

Avropa Molla Nəsrəddinin vəziyyətinə düşüb. “Gəl, bağla dilimə!” Bütün dünyaya car çəkmişdi ki, “İnsanların hüquqları, o cümlədən yaşamaq hüququ var!” Budur, yad insanlar gəlib soruşur: “Biz insanıqmı?” Avropa fəxrlə deyir: “Əlbəttə!” Onda da qaçqın-köçkün deyir: “Sizin siyasətinizin sayeyi-mərhəmətinizdən mənim bərbad ölkəm dönüb dəlixanaya, hamı bir-birini qırır. Mən isə insanam, mənim yaşamaq hüququm var, özü də bu hüquq universal hüquqdur, mən harada olsam, elə orada da hüququm tanınır, budur, gəlmişəm Avropaya, mənim yaşamaq hüququmu təmin edin!”

Xanım Merkel deyir ki, “neynək, madam ki, gəlmisiniz, biz də öz dəyərlərimizə uyğun olaraq, gərək sizin yaşamaq hüququnuzu təmin edək”. Deyir və edir, Almaniyaya gələnləri xalqın hesabına yedizdirib-içizdirir, ev-eşik verir, dil öyrədir, məktəbə qoyur.

Köçkünlərin çoxu təşəkkür edir və başlayır yeni mühitə öyrəşməyə. Bəziləri isə elə hesab edir ki,onlar öz batini milli hisslərini ifadə etmək üçün gəlib düşüblər cənnətə. Və başlayırlar öz milli-mənəvi dəyərlərini yerli camaata nümayiş etdirməyə. Nə edirlər, daha demirəm, hamı bilir.

Nəticədə yerli millətçilər dirçəlib deyirlər ki, daha bəsdir, köçün qarşısını alın, biz istəmirik abad vətənimiz gəlmələrin sayəsində onların ölkələrinə dönsün. Deyirlər və başlayırlar seçkilərdə səslərini artırmağa. Avropa dalır dərin fikrə: “Aya, bu nə işdir, dayanan yerdə bu millətçilər niyə belə gücləndilər?”

Avropada 508 milyon insan yaşayır. 1,5 milyon köçkünü qəbul və həzm edə bilmir. 1,5 milyon əhalisi olan Estoniyaya bir nəfər köçkün hələ ayaq basmayıb, bütün eston xalqı vahimə içindədir. Ümummilli müzakirə gedir.

La-Manşın Fransa sahilində Kale şəhərinin kənarında 5-6 min köçkün yığılıb İngiltərəyə keçmək istəyir. Bunu eşidən ingilislər Avropa Birliyindən çıxmaq məsələsini referenduma çıxarırlar. Özlərininkilər bəs edir.

Macar jurnalist xanım qucağında uşaq qaçan şərqli köçkünə badalaq verib yıxdığına görə ictimai qınağa məruz qalmışdı. Nə bilmək olar, bir azdan ona münasibət necə olacaq, çünki bu ölkə də daha köçkün qəbul etmək istəmir.

Yunanıstan, Makedoniya, Serbiya, Avstriya, Monteneqro, Çexiya, Bolqarıstan və Rumıniya az qala hərbi vəziyyətə keçməyə hazırlaşırlar. Nə olub? Köçkün gəlir! Köç gəlir!

Yunanıstanın sabiq maliyyə naziri Varufakis deyir ki, “Avropa, belə getsə, dağılacaq.”

Bizim müxalifət isə deyir ki, “Bizim strateji yolumuz Avropaya inteqrasiyadan keçir”. “Səni sevəcəyəm, sən sevməsən də!”

Avropa Türkiyəyə 3 milyard avro təklif etdi ki, “Sən Allah, bağla yolu, saxla onları özündə, biz pulunu verərik”. Türkiyə razılaşdı. 2,5 milyon köçkünə sığınacaq verdi. Avropa 3 milyard avronu hələ də tapammır.

Yay mövsümü, isti havalar yaxınlaşır. Qaçqın dalğası təkrar kükrəyəcək. Qərb siyasətinin və yerli hakimlərin tamahkarlığının qurbanı olan insanların axını sel dalğası kimi aşıb-daşıb Avropa Birliyini yuyub, aparacaqmı?

Qəribə adamlardır. Gəlib bizim hakimiyyətdən soruşmurlar ki, “Siz nəyi və necə edirsiniz ki, qaçqınlar Azərbaycana gəlmir və əksinə, buradan gedir?”

Soruşsunlar, deyək…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəBöyük köç