“Niyə bizə belə, təcrid edilmiş ölkə kimi münasibət göstərirlər?”
Böyük Britaniyaya getmək istəyən şəxslər viza almağın çətinliyindən gileylənirlər. “Turan” İnformasiya Agentliyi prosedurun necə həyata keçirildiyini, viza almaq istəyənlərin üzləşdiyi problemlərdən yazıb.
Agentlik yazır ki, 2014-cü ilin martına qədər vizaların verilməsi ilə Böyük Britaniyanın Bakıdakı səfirliyinin konsulluq şöbəsi məşğul olurdu. Amma bu tarixdən sonra səfirlik viza verməyi dayandırıb və bu məsələ vasitəçi firma ilə işləyən Miqrasiya Xidmətinə həvalə edilib.
Miqrasiya Xidmətinin (UKVİ) saytında elektron formanı doldurmaq, viza haqqını ödəmək və qəbula yazılmaq lazımdır. Bundan sonra sualları cavablandıraraq, altı mərhələdən keçmək lazım gəlir. Ard-arda “razıyam”, “təsdiq edirəm”, “başa düşürəm” kimi bəndlərə müsbət cavab vermədən irəliləmək mümkün deyil.
Anketin doldurulmasını tamamlamaq və onun qəbul edilməsi üçün onlayn ödəniş etməli, daha sonra sənədləri təqdim etmək üçün vaxt təyin etmək lazımdır.
“Bütün proses əlavə ödənişlə xidmətin yaxşılaşdırılması haqqında təkliflərlə müşayiət olunur. Amma hər şey üçün pul ödəmək lazımdır: vizanın verilməsini tezləşdirmək istəyirsinizsə, sizin yerinizə müraciəti dolduracaqlarsa, müraciətə hansısa sənədləri daxil etməmisinizsə (PDF formatında anketə yükləməmisinizsə), qəbula yalnız yazılmamısınızsa, sənədin surətini çıxarmalısınızsa və s.
Bütün bunlar əlavə xidmət hesab olunur və 130 dollar olan standart vizanın qiymətinə daxil deyil”, – agentlik yazır.
Məqalədə “xidmətlərin” dəyərinə də nəzər salınıb:
Sənədləri skan edib anketə yükləmək – 65 manat. Bunu özünüz etməmisinizsə, ya yerindəcə ödəniş etməli, ya da çıxıb anketi yenidən doldurmalı və yenidən qəbula yazılmalısınız. Bu zaman artıq əvvəlki anketi doldurmaq qeyri-mümkündür, bu da o deməkdir ki, yeni anket doldurmalı və yenidən 130 dollar ödəməlisiniz (!).
Sənədləri skan etmək üçün Londona göndərmək olar və bu xidmət 180 dollara (88,5 funt) başa gələcək.
Bunun 24 saat ərzində həyata keçirilməsini istəyirsinizsə, qiymət 273 manata (118 funt) qalxır.
Rahat vaxtda qəbula yazılmaq istəyirsinizsə, bu, 120 manata başa gələcək.
Vizanın verilməsi ilə bağlı məsələlər həll olunana qədər pasportunuzun sizdə qalmasını istəyirsinizsə, bu, 145 manata başa gələcək.
5 iş günü ərzində viza almaq istəyirsinizsə, bunun qiyməti 250 funt və ya 510 manat olacaq.
Daha əvvəl sizə viza verilməsindən imtina edilibsə və ya ölkədə icazə veriləndən artıq müddət qalmısınızsa və yeni viza almaq istəyirsinizsə, bu, 573 funt və ya 1169 manata başa gələcək və 30 gün gözləməli olacaqsınız.
“Uzun sözün qısası, standart vizanın 130 dollarlıq dəyəri hələ rahatca sənədlərinizi verib, viza alacağınız demək deyil. Yeri gəlmişkən, hazırda müraciətə baxılması üçün adi müddət 45 gün təşkil edir. Bu zaman viza alacağınıza heç bir zəmanət yoxdur”, – məqalədə qeyd olunub.
“Səfərin əsəb korlayan bütün bu prosedurlara dəymədiyi qənaətinə gəlib imtina etməyə qərar versəniz, elektron sistem pulun sizə qaytarılacağına zəmanət verir. Bunu Bakıdakı viza mərkəzində sənədləriniz qəbul edilənə qədər etmək olar. Bu halda pul 28 gün ərzində qaytarılmalıdır. Amma çox vaxt pul ümumiyyətlə qaytarılmır, ya da qeyd edilən müddətdən çox-çox gec qaytarılır. Bu sətirlərin müəllifinə pul, ay yarım keçməsinə baxmayaraq, hələ də qaytarılmayıb, vasitəçi firma isə buna görə məsuliyyət daşımır, bundan başqa, heç nə izah edə bilmir”, – yazı müəllifi vurğulayıb.
Məqalədə qeyd olunur ki, vasitəçi firma TLScontact sənədləri qəbul edir, daha sonra onları Ankaraya göndərir, yuxarıda sadalanan xidmətlərin bəzilərinə görə ödəniş alaraq vətəndaşlardan yaxşı pul qazanır. Bu zaman vətəndaşların iddialarına görə cavabdeh deyil, onları Britaniya hakimiyyətinə ünvanlayır:
“Böyük Britaniyanın İmmiqrasiya Xidmətinin elektron sistemi işgəncə sistemi kimi fəaliyyət göstərir. Zəng edib hansı problemlə qarşılaşdığını izah etmək üçün telefon danışığına ödəniş etmək lazımdır (!). Elektron məktub yazırsınızsa, Londonda onun oxunması üçün də onlayn 5,5 manat ödəniş etməlisiniz. Belə bir təəssürat yaranır ki, britaniyalılar ölkələrinə heç kimin gəlməsini istəmir, ya da bu ölkəyə gəlməyə qərar verənləri mümkün qədər sağmaq və əziyyət vermək istəyirlər”.
Müəlifin fikrincə, hər bir ölkə öz qaydalarını müəyyən etmək hüququna malikdir:
“Bu anormal sistem təkcə bizim üçün deyil, bir sıra digər ölkələr üçün də tətbiq edilir. Amma Böyük Britaniya vətəndaşları da bizə gələrkən əziyyət çəkirlər? Niyə bizə belə, təcrid edilmiş ölkə kimi münasibət göstərirlər?
Londonda və Böyük Britaniyanın Bakıdakı səfirliyində belə həvəslə bəhs etdikləri Azərbaycanla strateji tərəfdaşlıq harada qaldı?”
İki ölkə arasında diplomatik münasibətlər qurulmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə səfir Ceyms Şarp Böyük Britaniyanın Azərbaycanda ən böyük investor olduğunu bəyan edib. Məqalə müəllifi buna diqqət çəkərək deyib ki, səfir ölkəsinin Azərbaycanda qazandığı on milyardlarla dolların bu investisiyalardan dəfələrlə çox olduğunu və başda “British Petroleum” olmaqla, Azərbaycanda Britaniya şirkətləri üçün hər yerdə yaşıl işıq yandığını demir:
“Heç bir Qərb ölkəsində belə agır viza sistemi yoxdur. Bu ölkənin müstəmləkəçi keçmişi və irsi, o cümlədən “strateji tərəfdaş” adlandırdıqlarına qarşı belə təkəbbürlü etinasızlıq mövcudluğunu davam etdirir”.
Məqalədə xatırlanır ki, 1990-cı illərdə Böyük Britaniyanın Bakıdakı səfirliyində vizanı bir günə verirdi. Həmin vaxt hələ “Əsrin Müqaviləsi” yeni imzalanmışdı, britaniyalılar Azərbaycanda möhkəmlənməli idilər. Amma tədricən BP-nin mövqeyi gücləndi. Azəri-Çıraq-Günəşlinin ardınca şirkət Bakı-Ceyhan neft kəmərinin, daha sonra isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin operatoru oldu. “Görünür, 2014-cü ildə Londonda belə qərara gəliblər ki, Azərbaycanda artıq ələ keçirəcək heç nə qalmayıb və çox yumuşaqlıq göstərməyə dəyməz.
Bütün bunlara baxmayaraq, gecə-gündüz Azərbaycanı və ölkə hakimiyyətini ən ağır sözlərlə söyən şəxslər nədənsə Böyük Britaniyaya buraxılır və hətta onlara sığınacaq da verilir”, – yazıda vurğulanır.
“Bu problem Azərbaycan rəhbərliyinin, ölkə XİN-in, habelə hüquq müdafiəçilərinin diqqət mərkəzində olmalıdır. Hər il yüzlərlə vətəndaşımız bu problemlərlə qarşılaşmaq məcburiyyətində qalır. Xidməti və diplomatik pasport sahibləri üçün belə olmasa da, sıravi vətəndaşlar üçün bu, ciddi sınaq və layiq olmadıqları həqarətdir”, – məqalə bu fikirlərlə tamamlanıb.