“Eksperiment” filminə baxmısınız, ya yox, bilmirəm. Film real həqiqətlərə dayanır. Baş rolu Adrien Brody oynadığı bu filmdə şəhərin bütün yerindən adamlar seçilir. Onları eksperiment üçün seçib həbs şəraitində saxlayırlar. Nəzarətçilər və cinayətkarlar insanlar iki yerə ayrılır. Ən pis hal baş verərsə, dünya ilə sadəcə bir əlaqə var: qırmızı xilas düyməsi. Nəzarətçilər heç bir ehtiyac olmadığı halda, gündən günə şiddəti artırırlar. Taaa, xilas düyməsini basmağa ehtiyac yaranana qədər.
Məni danışacağım məsələ tamam başqa şey kimi görünə bilər, amma diqqətlə baxanda mahiyyət eynidir.
Həbsi, məhbəsi xatırladan bir cəmiyyətin, qadınları bir yana, heç kişisi azad ola bilməz. Mentalitet, namus, ənənə boyunduruğuna qarşı çıxmaq mümkünsüz kimi görünür. Bizim cəmiyyətdə azadlığın özümüzəməxsusluğu var.
Məsələn, qız azad olmaq üçün ərə getməlidir. Uşaqlıqdan “Ərə gedərsən, ərin bilər, özün bilərsən”, “Ərə get, öz əlin olsun, öz başın”, “Ərə gedərsən, ərin qoysa, filan şeyi edərsən” kimi ayələrlə böyüyən qız üçün azadlığın yolu ərə getməkdən keçir. Ata danlayır, ana danları, qardaş sıxır, ərdə olan bacı sıxır, yazıq qız məcbur olur sevdiyi, istədiyi üçün deyil, azad olmaq üçün ərə getsin.
Azad olmaq üçün ərə gedən qız iki böyük nəsli barmağına sarıyır. Iki nəsil vaxt ayırır, elçilik, nişan, sonra toy edir, vaxt xərcləyir, pulu gedir, qızıl alır, toya 200-300 nəfər gəlir, tort kəsilir, gəlinlik donu kirayələnir, yengə qoşulur. Tamada gəlir, müğənni gəlir, rəqqasə gəlir…Bütün bu prosedur isə nə üçündür? Qız təmiz adını saxlasın, ərə getsin, ərli qadın statusu alsın, sonra da tutar qatıq, tutmaz ayran. Bəd ayaqda boşanacaq. Onda artıq üstündə qız adı olmayacaq. Qadın olacaq. Kişilərlə rahat görüşə biləcək. Əsası da, bir də ərə getsə, ərə getdiyi adam ondan bakirəlik tələb eləməyəcək.
Bu toy tamaşasını bax, buna görə qururlar.
Belə çıxır ki, banklardan buna görə kredit götürüb toy edir, qızıl alır, don kirayələyirlər ki, bir qız azad olsun. Ərə getsin ki, sonra boşansın. Qısası, boşanmaq üçün ərə getsin. Bu adam dolamaqdı axı, 200-300 nəfərə, onların vaxtına, puluna qarşı hörmətsizlikdi. Asan olana qaçmaq yaxşı şeydir, amma bəzi məsələlərdə bu əxlaqsızlığa oxşayır. Sırf başqalarının dedi-qodusundan, ailəsinin boyunduruğundan qurtarmaq üçün ərə gedib boşanmaq…Azadlğın belə bir variantı…
Amma mən bu qızı, yaxud belə qızları qınamıram, onu buna məcbur edən cəmiyyəti qınayıram.
Gör, cəmiyyət qadını nəyə vadar edir? Ondan nə tələb edir? Əxlaqlı cəmiyyət bunu edırmi? Etməz! Normal cəmiyyət qadından azad olmaq üçün ərə gedib, boşanmaq tələb etməz. Qız ərə getmədən rahat yaşaya bilsə, gəncliyini yaşasa, günü-güzəranı olsa, bunu etməz. Etsə də, ən axmaqlar bunu edər.
Kəndimizdə belə şeylər çox olardı. Kənd arvadları deyərdi ki, filankəs adının üstündən ləkəni götürmək üçün ərə getdi. Müvəqqəti 5-6 rayon o tərəfdən 6-7 aylıq kişi tapıb evlənirdilər ki, boşanıb dedi-qodudan, kənd camaatın tənəsindən uzaq olsun. Şəhərdə bu məsələ daha da aktualdır.
Mentalitetin sifariş etdiyi oyunlardan biri də budur, amma bu oyunun əksinə gedən insanlar da çoxdur. Sadəcə qırmızı düyməni basmaq lazımdır.
Çox tez-tez eşitdiyim bir məsələni vurğulamaq istəyirəm. “
prezident ona deməyib ki, filan şeyi etsin, camaat özü pisdir, özü” bu sözləri o qədər sıx-sıx eşidirəm ki.Bəli prezident bir başa göstəriş vermir, biri o birisini işdən çıxartmağa, yaxud yolda ürəyi pis olub, yolun ortasında oturan kişiyə etinasız davranmağa. Bunların heç birinə birbaşa göstəriş verməyib. Amma, Azərbaycanı bir experiment aparılan otağa bənzədək, bu experimenti həyata keçirdən qüvvə də dövlətin başında duran olsun.O zaman müşahidələr məncə daha yaxşı anlaşılar. Mentalitetin qan bahasına qorunub-saxlandığı bir ölkə fikirləşək. Maaşların az olduğu, insanların vətəndaş haqqlarının tanınmadığı bir ölkə düşünək. Ən adi statusların üstündə tutulan insanları düşünək və bir də nədən cəmiyyətimizin bu günə düşdüyündən şikayətlənək.