O, yeni seçkilər keçirilənə qədər hökumətə rəhbərlik etmək istəyir
Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifələrindən istefa verdiyini açıqlayıb.
Bu barədə o, iyulun 7-də xalqa müraciətində bildirib.
Boris Conson yeni seçkilər keçirilənə qədər Böyük Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətində olduğunu söyləyib.
O, həmçinin partiyanın və hökumətin gələcək liderini maksimum dəstəkləyəcəyini vəd edib.
Siyasətçi, eyni zamanda, istefasından sonra Birləşmiş Krallıq hökumətinin Ukraynaya lazımi qədər yardım göstərəcəyini deyib.
Ancaq Boris Conson bəzi layihələri tamamlaya bilməməyindən narahatlığını da ifadə edib:
“Gördüyünüz kimi, kütlə instinkti çox güclüdür”.
“Mən Mühafizəkarlar Partiyasının gələcək liderinə bacardığım qədər dəstək olacağam. Dünyanın ən yaxşı işini tərk etdiyimin nə qədər kədərli olduğumu bilməyinizi istəyirəm”, – Conson belə deyib.
Boris Consonun istefasını tələb edənlər ilkin olaraq onun karantin qaydalarının pozmasını göstərirdilər. Belə ki, koronavirus məhdudiyyətlərinin olduğu günlərdə Baş nazirin ofisində əyləncə məclisi təşkil etdiyi deyilirdi.
İkinci əsas amil kimi isə mühafizəkarların “Parlament qamçısı”nın müavini Kris Pinçerin nalayiq davranışlarını bildiyi halda, onun bu vəzifəyə təyin olunmasına razılıq verdiyinin üzə çıxması olub.
Böyük Britaniyanın qanunverici orqanında “Parlament qamçısı” partiya millət vəkillərinin intizamlı çalışmasını təmin edən şəxsə deyilir. Beləliklə, B.Consona qarşı irəli sürülən iradlar birbaşa partiyanın fəaliyyəti və ya kursu ilə əlaqəli deyil. Əsas şikayətlər onun fərdi və rəhbərlik xüsusiyyətləri ilə bağlıdır.
Baş nazir artıq bir neçə dəfədir ki, parlament və polis araşdırmaları vaxtı öz ifadələrini dəyişdirib.
Onun tənqidçiləri bunu qeyri-məqbul hesab edirlər.
İyulun 6-da B.Consona qarşı maliyyə və səhiyyə nazirləri çıxış ediblər.
Rişi Sunak və Sahid Cavid onu vəzifədən getməyə səsləyiblər.
Bildirilir ki, son iki sutkada Baş nazirin komandasını tərk edən siyasətçilərin sayı 60-a yaxınlaşıb.
Boris Conson 1964-cü ildə Nyu-Yorkda anadan olub.
O, 2008-2016-cı illərdə Londonun meri olub.
B.Conson 2019-cu ildən Böyük Britaniyanın Baş naziridir.