O, istefaya məcbur edildiyini deyib
Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Britaniya İcmalar Palatasının üzvü vəzifəsini tərk etdiyi bildirilir.
Bu barədə “BBC” keçmiş baş nazirin bəyanatına istinadən məlumat yayıb.
İstefaya səbəb İcmalar Palatasının İmtiyazlar Komitəsinin iyunun 9-da COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin zamanı baş nazirin iqamətgahında partiyaların təşkili şəraitini araşdıran hesabatın nəticələrini dərc etməsi olub.
Hesabat müəllifləri Consonun Parlamenti bilərəkdən çaşdırdığı qənaətinə gəliblər.
Sabiq baş nazir bunu təkzib edib.
O, hesabat müəlliflərini siyasi qərəzlilikdə ittiham edib.
Conson istefaya məcbur edildiyini iddia edib.
“İddiaları təsdiq edəcək heç bir dəlil olmadığı halda bir ovuc şəxs tərəfindən vəzifəmdən kənarlaşdırılıram. Antidemokratik şəkildə parlamenti tərk etmək məcburiyyətində qaldığım üçün şok və dəhşətə gəlirəm”, – Consonun açıqlamasında deyilir.
Conson siyasətdən getdiyini elan etməyib.
Onun yenidən namizəd olub-olmayacağı barədə məlumat verilməyib.
Boris Conson 1964-cü ildə Nyu-Yorkda doğulub.
O, 2008-2016-cı illərdə Londonun meri olub.
2019-2022-ci illərdə Britaniyanın Baş naziri olub.