”Borclunun ölməsi zamini məsuliyyətdən azad edir”

Əkrəm Həsənov: ”Borc ölənin əmlakı hesabına qaytarılmalıdır, əmlakı yoxdursa, silinməlidir”

Source:


Əkrəm Həsənov: ”Borc ölənin əmlakı hesabına qaytarılmalıdır, əmlakı yoxdursa, silinməlidir”

“Dostuma bankdan pul götürməsi üçün zamin durdum. Bir il sonra vəfat etdi. İndi isə bank borcu mənim ödəməyimi tələb edir. Özü də dostumun həyat sığortası olduğu halda”, – Mingəçevir sakini Nəsimi Məsiyev belə deyir.

N.Məsiyev 2014-cü ilin iyulunda iş yoldaşı Şubay Rüstəmovun 3 min 600 manat kredit götürməsi üçün “Express Bank”-ın Mingəçevir şöbəsində zamin durub. Şubay Rüstəmov elə həmin gün bankda həyat sığortası olunub. Buna görə isə 127 manat ödəyib:

“Ancaq dostum vəfat edəndən sonra bank qalan pulu mənim ödəməyimi tələb edir. Nə qədər sığortanın olduğunu desəm belə, deyir, o sığorta ürək xəstəliyindən vəfat edənlərə şamil olunmur”.

“Aldığım 190 manat heç ailəmi dolandırmağa yetmir”

Nəsimi Məsiyev deyir ki, Şubay Rüstəmov sığorta olunduğu gün şirkətin əməkdaşı bankda deyildi. Sığorta müqaviləsini krediti verən bank işçisi tərtib edib: “Bizə sığortanın hər hansı bir xəstəliyə şamil olunmadığı deyilmədi”.

N.Məsiyev deyir ki, dostu bununla ikinci dəfə idi bankdan kredit götürürdü. Hər ikisində də həyatını sığorta etdirmişdi: “Sığorta şirkəti pulu ödəməkdən imtina edir. Bank da qalan borcu mənim boynuma atır. Mənim də imkanım yoxdur”.

Nəsimi Məsiyev 7 nəfər ailə üzvü ilə birgə Mingəçevirdə kirayədə yaşayır. Deyir, aldığı 190 manat əmək haqqı heç ailəsini dolandırmağa çatmır: “Nə edəcəyimi bilmirəm. Daha çox işləyib qazanmaq kimi bir şansım da yoxdu. Qarabağ qazisiyəm”.

“İndi biz nə bilək Şubayın ürəyində problem olduğunu?”

Nəsimi Məsiyev deyir ki, dostu ilə birgə sürücü işləyib. Sağlamlıqla bağlı hər il Tibbi Komissiyadan keçiblər. Hər dəfəsində də onlara yararlı olduqları ilə bağlı sənəd veriblər: “İndi biz nə bilək Şubayın ürəyində problem olduğunu? Ona görə də onun hər hansı ciddi xəstəlikdən əziyyət çəkdiyini və bu xəstəliklə bağlı qeydiyyatda olduğunu bilmirdim”.

“Express Bank”-dan borc alan Şubay Rüstəmov 2015-ci ilin aprelində vəfat edib.

“Express Bank”-dan məsələyə münasibət öyrənmək mümkün olmadı. Öncə araşdıracaqlarını desələr də, sonradan zənglərə cavab verilmədi.

“Atəşgah Həyat” sığorta şirkətindən isə bildirdilər ki, Şubay Rüstəmovun ölüm səbəbi hipertoniya xəstəliyi olub. Ş.Rüstəmov 17 il imiş ki, bu xəstəlikdən əziyyət çəkirmiş:

“Müştəri 2014-cü ildə “Atəşgah Həyat” Sığorta Şirkəti ilə sığorta müqaviləsi bağlayarkən onda belə bir xəstəliyin olduğunu söyləməyib. Sığortaçıya ürək-damar xəstəliklərinin olmadığını deyib. Müqavilədə isə qeyd edilib ki, ürək-damar xəstəsi olan şəxslə sığorta müqaviləsi bağlanarsa, o, bağlandığı andan etibarsız sayılır. Bütün bunları nəzərə alıb Şubay Rüstəmovun ölümü ilə bağlı sığorta ödənişinin verilməsindən imtina edilib”.

Əkrəm Həsənov

Bank üzrə ekspert, hüquqşünas Ərəm Həsənov deyir ki, sığorta müqaviləsinə baxmaq lazımdır:“Əgər müqavilədə deyilirsə ki, ürək xəstəsinə sığorta şamil edilmir və sığorta şirkəti də ölənin ürək xəstəsi olduğunu bilmirdisə, bu zaman sığorta şirkəti haqlıdır. Amma bu halda da zamin məsuliyyət daşımır. Çünki borclunun vəfatı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və zamini məsuliyyətdənazad edir. Borc ölənin əmlakı hesabına qaytarılmalıdır. Əmlakı yoxdursa, silinməlidir”.

Ana səhifəXəbərlər”Borclunun ölməsi zamini məsuliyyətdən azad edir”