ABŞ prezidentinin müşaviri reginona səfəri çərçivəsində İran və Suriya məsələlərini müzakirə edəcək
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton oktyabrın 20-də Azərbaycana səfər etməyi planlaşdrır.
“Turan” agentliyinin məlumatına görə, Bakıya C.Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində gələcək.
“Twitter” sosial şəbəkəsində olan bloqunda C.Bolton yazıb ki, səfər zamanı o, “Amerika maraqlarının təşviqi və təhlükəsizlik məsələlərinin geniş müzakirəsini aparacaq”.
Agentlk yazır ki, bir sıra mənbələrin məlumatına görə, səfərin əsas məqsədi İran və Suriyada olan vəziyyət və bu ölkələrə qarşı siyasətdir.
“Bolton İran və Suriyaya münasibətdə kəskin mövqe tutması ilə tanınır. Gözlənilir ki, o, Rusiya və Cənubi Qafqaz ölkələrini İran və Suriya ilə əməkdaşlıqdan və onları dəstəkləməkdən çəkindirmək istəyəcək”, agentlik yazıb.
“Turan” Vaşinqtonda olan mənbələrinə istinadən xəbər verir ki, müzakirə mövzularından biri ABŞ-ın İrana tətbiq etdiyi son sanksiyaların Cənubi Qafqaz ölkələrinə təsiri ola bilər. Bu baxımdan, rəsmi Bakı və Yerevanın İranla əməkdaşlığı müzakirə predmetinə çevrilə bilər.
Məlumdur ki, rəsmi Vaşinqton rəsmi Tehranla əməkdaşlıq edən onlarla Rusiya kompaniyaları, məmurları və biznesmenlərinə qarşı sanksiyalar tətbiq edib. Analoji addımlar Cənubi Qafqaz ölkələrinə qarşı da atıla bilər.