CESKO-ya 600-dən çox şikayət daxil olub
Gürcüstanda oktyabrın 8-də keçirilən seçkilər çoxlu qayda pozuntuları ilə yadda qaldı.
CESKO-nun verdiyi məlumata görə, oktyabrın 8-də ümumilikdə 600 -dən çox, təkcə Bolnisi rayonu üzrə məntəqələrdən 116 qayda pozuntusu ilə bağlı şikayət daxil olub.
Parlamentə seçkilər günü Pərviz Səlimov Bolnisinin Zveli Kves kəndində 20 saylı məntəqəsinə seçicilərin xüsusi mikroavtobuslarla daşıyıb gətirilməsini təşkil edirdi. O, həmçinin məntəqə qarşısında seçicilərin içəri soyad ardıcıllığı ilə daxil olmasına da nəzarət edib, məntəqə üzvü olmasa belə. Bu barədə özü danışır.
“Mən bu dairə üzrə “agitatoram”. Artıq 600 adamın daşınmasına kömək etmişəm. 41 saylı partiyanın (“Gürcü arzusu” Partiyası) adamları, yerli icra qurumları kömək edirlər, maşınlar təşkil edirlər. Camaatı toplayıram ki, layiqli namizədimizə, 41saylıya səs versinlər”- deyən Pərviz Səlimov özünü yerli icra qurumu tərəfindən bu məntəqəyə nəzarət etmək üçün təyin edilən nümayəndə kimi təqdim etdi.
Bolnisi üzrə əksər məntəqlərin qabağında bu cür canfəşanlıq edib əksər seçicilərlə tək-tək maraqlanan adamlara rast gəlmək olurdu. Seçicilər əksəriyyəti elə bu “agitatorlar”ın tapşırdığı nömrəni seçdiklərini deyirdilər. Qadın seçicilər arasında isə Alidə Cabbarova kimi ərlərinin tapşırdığı namizədə səs verdiyini deyənlər də vardı:
“Bundan öncəki seçkidə də gəlmişdim. İştirak edirik. Yoldaşım kimə dedi, ona da səs verdim. Biz hakimiyyəti ayaqlayıb başqasına səs verə bilmərik. Suyumuz yoxdu, deyiblər çəkəcəklər”.
Kənd sakini 36 yaşlı Xalidə Bayramova isə deyir ki, onlar həmişə hökumət namizədlərinə səs veriblər, elə bu il də heç nə dəyişməyib:
“Bizim yerli bələdiyyənin adamları kimə deyirsə, ona da səs verdim. Bizə pensiya verən, şərait yaradan kimdi, böyüyümüz də odur. Basqası nə bilək bizə gün ağlayacaq, ya yox?”
Seçki günü Bolnisidə xüsusi seçici fəallığı müşahidə edilməsə də, müşahidəçilər qanun pozuntularının yetərincə olduğunu bildirdilər. Seçki günü Bolnisidə 22 saylı partiyanın müşahidəçisi olan İvane Kalidze seçkidə bir neçə nəfərin pasportu olmadan səs verməsini müşahidə etdiyini deyir:
“Bayırdakı seçici siyahısından nömrələrini yazıb, bir kağız parçası ilə gəlib səs verirlər. Təxminən üç nəfər şəxsiyyət vəsiqəsi olmadan səs verib. Məntəqə sədrinə etirazımızı bildirəndə, heç reaksiya da vermir”.
Elə bu 20 saylı məntəqədə bir kabinəyə iki nəfərin girib səs verməsinə də nə məntəqə sədri, nə də nəzarətçilər mane olurdu. Müşahidəçilərin şikayətləri ilə bağlı suallara cavab verən məntəqə sədri Bahəddin Bayramov bildirdi ki, məntəqədə şəffaf seçki keçirilir və deyilən şikayətlər böhtandır:
“Tam şəffaf seçki aparırıq. Məntəqə üzrə 1356 seçici var. Onlardan real olanı 1100 nəfərdir və həmin sayda da bülleten verilib. Burda heç bir qayda pozuntusundan söz gedə bilməz. Yanlış anlaşılmadır”.
Bolnisi rayonunun Senebi kəndindəki 18 saylı məntəqədə müşahidə aparan Vahid Milli Hərəkat Partiyasından olan müşahidəçi Türkan Güləhmədova deyir ki, gördüyü qanun pozuntusuna etiraz etdiyi üçün təzyiqə məruz qalıb:
“Daşınan qutunu apardılar ki, guya xəstə var. Qanunla müşahidəçilərdən biri ilə getməli idilər. Mən istədim gedim, amma icazə vermədilər. Etiraz etdim və CESKO-ya “qaynar xətt”ə zəng etdik. Məni məntəqədəki üzvlər hədələdilər ki, seçkidən sonra problemlər yaşaya bilərsən”.
Vahid Milli Hərəkat Partiyasından Bolnisi rayonu üzrə namizədliyini vermiş Samirə İsmayılova da bildirir ki, məntəqələrdəki müşahidəçiləri ciddi təzyiqlərə məruz qalırlar:
“İndiyədək seçki kampaniyası ərəfəsində də plakatlarımızın cırılması, təbliğat aparan gənclərin döyülməsi kimi neqativ hallarla rastlaşmışdım. Bu gün də bunlar gözlənilən idi. Məsələn, seçicilərə namizədliyimi irəli sürdüyüm majoritar seçki bülleteni əvəzinə digər bülletendən 2 ədəd veriblər. Etiraz edəndə müşahidəçimizi məntəqədən çıxarıblar. Bundan başqa, açıqca seçicilərə məntəqə üzvləri 41 saylı partiyanı seçmək kimi göstərişlər verirdilər. Kameraların müşahidəsinə icazə vermirdilər”.
Bolnisi rayon üzrə 23 saylı Seçki Dairəsindən isə bildirirlər ki, məntəqələrdə seçkilər qanun pozuntusu olmadan nəticələnib. Seçicilərin fəallığı isə Bolnisi üzrə 68-70 fazi təşkil edib.
Gürcüstandakı parlament seçkilərini 30 beynəlxalq təşkilat müşahidə edib. İnsan Haqları Mərkəzinin seçkilərdə müşahidə aparan Bolnisi rayon üzrə koordinatoru Nestan Londaridze bildirdi ki, seçki günü müxtəlif səpkili qanun pozuntuları müşahidə edib:
“Bir neçə faktlar olub, lakin mən Bolnisinin Zveli Kves kəndindəki 20 saylı məntəqədə gördüyümüz bir pozuntunu qeyd etmək istəyirəm. Nahar saatında müşahidəçilər bayıra çıxan kimi qapını bağladılar və qapıdakı nəzarətçi təxminən 10 dəqiqə kimsəni içəri buraxmadı ki, nahar edirlər. Qanunla bu yolverilməzdir. Faktla bağlı CESKO-ya şikayət etmişik. Bundan başqa, əllərini bənövşəyi şüa aparatı ilə yoxlatmadan səs verməyə girənlər çox idi”.
CESKO-dan da müxtəlif beynəlxalq təşkilat və müşahidəçilərin müraciəti üzrə ümumilikdə 600-dən çox şikayət daxil olduğunu bildirdilər. Onlardan 116-sı Bolnisi rayonu üzrə məntəqələrin payına düşür. Qurumdan hər bir pozuntu ilə bağlı ayrıca araşdırma aparıldığı qeyd edildi.
Gürcüstanda parlamentə seçkilərdə fəallığa görə, birinci yeri “Gürcü arzusu” Partiyası 53,42 faizlə, ikinci yeri isə Vahid Mili Hərəkat Partiyası 24,68 faiz səslə qazanıb.