Bölgələrə ayrılan pullar və görülən işlər

Qubad İbadoğlu: “Biz yenə də regiondan gələn insanların Bakıdakı qul bazarlarında iş axtarmasının şahidi olacağıq”

Source:
”Qul bazarı”
”Qul bazarı”


Qubad İbadoğlu: “Biz yenə də regiondan gələn insanların Bakıdakı qul bazarlarında iş axtarmasının şahidi olacağıq”

“2004-2017-ci illərdə, yəni 13 il ərzində Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı layihələrə 62 milyard 800 milyon manat xərclənib. Bu, kifayət qədər böyük vəsaitdir. Buna baxmayaraq, bölgələrdə nəinki inkişaf gedib, işsizlik, yoxsulluq yüksək həddədir”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu belə deyir. O, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən layihələrin səmərəliyi barədə açıqlama yayıb.

Bölgələrin inkişafına 13 il 5 milyard manat

İqtisadçı bildirir ki, 2004-cü ildən bugünədək hər il dövlət büdcəsindən bölgələrin inkişafı məqsədilə təxminən 5 milyard manat ayrılıb. Rəsmi məlumatlarda da bildirilir ki, təkcə 2004-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə bütün mənbələrdən 50 milyard 700 milyon manat vəsait sərf edilib (həmin dövr üçün təxminən 60 milyard dollara yaxın). 2014-cü ildə əlavə olaraq, 4,5, 2015-ci ildə 3,6, 2016-ci ildə isə 4 milyard manat vəsait ayrılıb.

62,8 milyard manat vəsait nə deməkdir?

Qubad İbadoğlu deyir ki, bütün bu vəsaitlər regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ayrılıb. İnkişaf varsa, biz bunu sürətləndirə bilərdik:

“Təəssüflər olsun ki, 62 milyard 800 milyon manatlıq vəsait xərclənən regionların iqtisadi vəziyyəti bizi narahat edir. 62,8 milyard manat vəsait nə deməkdir? 66 rayonun hər birinə orta hesabla təxminən 1 milyard vəsaitdir. 1 milyard 13 il ərzində bir rayonun nəinki inkişafı, hətta onun çiçəklənməsi, şəhərə çevrilməsi üçün kifayət idi. Xərclənən vəsaitlərin hesabına ən çox qazanan dövlət büdcəsi olmalı idi. Ancaq 2018-ci ilin büdcəsində yerli gəlirlər 3,23 faizdir. 2018-ci ilin dövlət büdcəsinə yerli vergilər hesabına 650 milyon manat daxil olması proqnozlaşdırılır. Bu pul 62,8 milyard manat vəsaitin 1,3 faizidir. Təsəvvür edin, biz 62 milyard vəsait qoyduq, ancaq bu gün həmin vəsaitin cəmi 1 faizi vergi şəklində geri dönüb”.

Yerli vergilərin dövlət büdcəsində payı azalıb

İqtisadçı bildirir ki, həmin sərmayə hesabına bölgələrdə başqa əlavə dəyər formalaşardısa, iş yerləri problemi həll olunardısa, bununla hardasa razılaşmaq olardı. Ancaq bu, baş verməyib. Üstəlik, 2015-ci ildən etibarən yerli vergilərin dövlət büdcəsində payı azalıb:

“2015-ci ildə yerli vergilər hesabına dövlət büdcəsinə 834,5, 2016-cı ildə 766 milyon manat vəsait daxil olub. 2017-ci ildə bu rəqəmin 620 milyon manat olacağı gözlənilir. 2018-ci il üçünsə vəsaitin həcmi 650 milyon manat proqnozlaşdırılıb. 2015-ci ilin faktiki göstəricisi ilə 2018-ci ilin proqnoz göstəricisi arasında təxminən 70 milyon manat fərq var. Bu, o deməkdir ki, rayonlardan daxilolmalar son 3 ildə azı 70 milyon manat azalıb”.

Niyə hər il ayrılan 5 milyarddan nə dövlət büdcəsi, nə vətəndaş, nə də ki, iqtisadiyyat fayda görə bilir?

Qubad İbadoğlu hesab edir ki, bunun əsas səbəbi rayonlarda xərclənən vəsaitlərin qeyri-məhsuldar istiqamətlərə yönləndirilməsidir:

“Əsas sərmayə yönləndirilmişdi rayonların təhsil və səhiyyəsinə. İndiyədək 3 minə yaxın məktəb açılıb. Eyni zamanda, rayonlarda səhiyyə obyektlərinin də sayı artırılıb. Qeyd etmək istəyirəm ki, həm də rayonlarda 40-dan çox olimpiya kompleksləri tikilib. Bununla yanaşı teatrlar, muzeylər və mərkəzlər də salınıb. Bunların da əksəriyyəti bir nəfərin adı ilə bağlıdır. Heydər Əliyev muzeyi, Heydər Əliyev mərkəzi, Heydər Əliyev parkı və s. Əsas xərcləmələr də bu istiqamətə yönəldilib. Bu gün həmin parkların, mərkəzlərin, muzeylərin, olimpiya komplekslərinin saxlanması, istismarı əlavə xərclər tələb edir. Bu xərclər də dövlət büdcəsindən qarşılanır. Bir tərəfdən qeyri-məhsuldar sektorlara vəsait qoyulub, əldə edilən sərmayə səmərəsiz xərclənib, digər tərəfdən isə bu xərcləmələr yeni xərclər yaradıb. Həmin o qeyri-məhsuldar sahələrin saxlanmasına vəsait yönləndirilib”.

Qubad İbadoğlu

Rayonlarda müəyyən infrastruktur var, amma iqtisadiyyat yoxdur

İqtisadçı deyir ki, əslində ayrılan vəsaitlər hesabına rayonları inkişaf etdirə bilərdilər. İş yerləri açmaq olardı:

“Bilirsiniz ki, Azərbaycanın real əhalisinin 50 faizi bölgələrdə yaşayır. Belə çıxır ki, bu gün rayonlarda müəyyən infrastruktur var, amma iqtisadiyyat yoxdur. Müəyyən bölgələrdə yollara, qaza, elektrikə müəyyən vəsait xərclənib. Əslində bundan sonra iqtisadiyyat inkişaf etməli idi. Azərbaycan dövləti rayon iqtisadiyyatından bəhrələnməli idi. Ancaq əksinə oldu, bu gün iqtisadiyyatımız raxit xəstəyə bənzəyir. Başı böyük, bədəni arıqdır. Baş Bakıdır, bədən isə bölgələr. Bədən xəstə vəziyyətdədir. Ona görə də əhali Bakıya axın edir. Nəticədə Bakıda sıxlıq yaranıb, tıxac problemi var. İnsanlar ya Bakıda iş tapır, ya da ölkəni tərk edib, xaricə gedirlər. Bölgələrə yatırılan sərmayə korrupsiyasız, rüşvətsiz, bir sözlə, düzgün istiqamətlənsəydi, bunların heç biri olmayacaqdı. İnsanlar bölgələrdə iş yerləri tapar, dolanışıqları düzələrdi. Rayonlarla Bakı arasındakı fərq aradan qalxardı. İndiki qədər xarici mallardan asılı durumda olmazdıq. İdxal məhsullarını ölkəyə gətirməzdik. Bunun üçün valyuta xərcləməzdik. O zaman manat da indiki kimi zəif olmazdı. Rayonlarda istehsal sahələri, sexlər, fabriklər, müəssisələr olardı. İnsanlar iş yeri qazanar, məhsul istehsal edib, Azərbaycan vətəndaşlarının istehlakını təmin edərdilər. Yerli istehsal inkişaf etdikcə, qiymətlər də sabitləşərdi, indiki kimi baha olmazdı”.

Azərbaycanda daxili mənbələr və büdcə vəsaiti hesabına sərmayə siyasətini düzgün həyata keçirməmişik

Qubad İbadoğlu deyir ki, Azərbaycanın bölgələrindəki ucuz işçi qüvvəsi sənaye komplekslərinin yaranmasına imkan verirdi:

“Sexlər aça, istehsal sahəsi yarada bilərdilər. Azərbaycanın bunun üçün kifayət qədər potensialı var idi. Bəs nəyə görə, bu, baş vermədi? Ona görə ki, rayonlarda istehsal sahələrini bir sıra iri şirkətlər, o cümlədən “Gilan Holding” və başqaları inhisara götürdülər. Onlar başladılar inzibati əsaslarla, deyək ki, gömrük idxalında, gömrük ödənişlərində süni artımlarla ölkəyə gələn malların həcmini azaltmağa. Nəticədə özlərinin pis və keyfiyyətsiz mallarını istehlakçılara sırımağa çalışırlar. Rəqabət olmadığına görə bu sahədə də inkişaf olmadı. Bu gün Azərbaycandakı istehsal müəssisələrinin anbarları doludur. Burada 577 milyon manatlıq mal qalığı var. Bu, o deməkdir ki, istehsal olunmuş məhsullar satılmır. Onlar rəqabətə dözümlü deyil. Biz onları xaricə göndərə bilmirik. Daxildə isə alıcılıq qabiliyyəti aşağıdır. Bütün bunların da başlıca səbəbi ondan ibarətdir ki, biz yenə də Azərbaycanda daxili mənbələr və büdcə vəsaiti hesabına sərmayə siyasətini düzgün həyata keçirməmişik. Bu gün heç kim rayona sərmayə qoymur. Baxmayaraq ki, biz hesab edirik ki, rayonda müəyyən infrastruktur var. Amma istənilən halda bölgələrə sərmayə qoyuluşu ildən-ilə azalır. Dövlət büdcəsinin imkanları da uzun müddətli ola bilməz”.

62,8 milyardlıq sərmayə rayona həqiqətən gedibsə, nədən onun faydasını görə bilmirik?

Qubad İbadoğlu sual edir: Bu, 62,8 milyard manatlıq sərmayə haradadır? Həmin vəsait hesabına Azərbaycanı 2-3 dəfə yenidən qurmaq olardı:

“Söhbət bütöv Azərbaycandan gedir. Bu gün Azərbaycandakı əsas inkişaf Sumqayıt, Bakı və Abşeron yarımadasındadır. Gəncədə də nisbətən inkişafa nail ola bilmişik. Ancaq regionlar işsizlikdən, aclıqdan və səfalətdən əziyyət çəkir. Bu baxımdan da görünən ondan ibarətdir ki, Azərbaycanda hazırkı siyasət, xüsusən də regionların inkişafı ilə bağlı olan siyasət ciddi dəyişilməlidir. Azərbaycan regionlarının inkişafını yalnız iqtisadi rayonlar üzrə həyata keçirmək düzgün deyil. Regionlar arasında, region daxilində rəqabət mühiti yaradılmalıdır. İnkişaf üçün yeganə mənbə rəqabət olmalıdır. Azad sahibkarlara imkan verilməlidir. İcra başçılarının rayonlarda sahibkarlara müdaxilələri aradan qaldırılmalıdır. Həm yersiz, həm haqsız yoxlamalara son qoyulmalıdır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, azad sahibkarlığın inkişafı üçün də liberal siyasət olmalıdır. Siyasət indiki kimi regionların inkişafdan qalmasına səbəb olacaq şəkildə qurulmamalıdır”.

Hazırda regionların inkişaf etdiyini deyə bilmirik

İqtisadçı düşünür ki, regionları inkişaf etdirmədən Azərbaycanın davamlı inkişafından danışmağa dəyməz:

“Üstəlik, hazırda regionların inkişaf etdiyini deyə bilmirik. Biz yenə Bakıda tıxacla, sıxlıqla rastlaşacağıq. Yenə Bakıdakı qiymətlərin regionlardan daha baha olduğunun şahidi olacağıq. Biz yenə də regiondan gələn insanların Bakıdakə qul bazarında iş axtarmasının şahidi olacağıq. Bütün bunlar da Azərbaycanın hazırkı potensialı, maliyyə imkanları ilə müqayisədə ürəkaçan deyil. Mən bir daha Azərbaycan hakimiyyətini, regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində həyata keçirdiyi sərmayələrin səmərəliliyini artırmağa çağırıram. Hesab edirəm ki, bu istiqamətdə imkanlar tükənməyib. Azərbaycan regionlarında ucuz işçi qüvvəsi, Azərbaycanın təbii üstünlükləri, yerli üstünlükləri, eyni zamanda, ənənəvi istehsal sahələri buna imkan verə bilər”.

Digər ölkələrdə necədir?

Qubad İbadoğlu deyir ki, qonşu respublikalarda bu istiqamətdə çox işlər görülüb. Məsələn, Özbəkistanda “Chevrolet”, “Daevoo” zavodları qurulub:

“Eyni zavodları Rusiyada da qurublar. Digər ölkələrdə də belə istehsal sahələri formalaşıb. Artıq dünya elektriklə işləyən maşın, avtobus istehsal edir. Elektriklə işləyən təyyarə istehsalı barədə düşünülür. Ancaq biz hal-hazırda Azərbaycanda normal bir traktor da istehsal edə bilmirik. Düzdür, Gəncədə traktor zavodu açılıb. Amma nəticəsi yoxdur. İndiyədək biz kənd təsərrüfatı istehsalı, kənd təsərrüfatının maşın texniki parkının yenilənməsi üçün yenə də Belorusdan traktor və digər kənd təsərrüfatı avtomobilləri almaq məcburiyyətindəyik. Buna 100 milyonlarla valyuta xərcləmişik. Deyək ki, Naxçıvandakı “Naz Lifan”Avtomobil Zavodu var. Bu zavod fəaliyyətini demək olar ki, dayandırıb. İsmayıllıda Velosiped Zavodu açdıq. Sex səviyyəsində olsa da, heç bir ay işləmədi. Hazırda fəaliyyətini dayandırıb. Bu istiqamətdə bizim imkanlarımız olsa da, pis təsərrüfatçılıq, eyni zamanda, dövlətin iqtisadiyyata müdaxiləsi, mərkəzləşdirilmiş inzibati resurslar hesabına əldə olunan üstünlüklərin, bir qrup şirkətlərin və ya insanların nəzarətində saxlanması son nəticədə rayonları bərbad vəziyyətə gətirib çıxarıb. Bu gün işsizlərin də böyük əksəriyyəti regionlardadır. İndiki halda bu problemlərin həlli üçün bizim 62,8 milyard manat xərcləmək imkanımız yoxdur. Bu vəsait artıq xərcləndi, tükəndi. Həmin pul səmərəsiz istifadə olundu və yeni dövr üçün bu qədər vəsaitlərdən söhbət getməyəcək. Xırda sərmayələr olsa da, biz regionlarda investisiya mühitini yaxşılaşdırmaqla regionların inkişafı üçün çalışmalıyıq ki, ciddi qoyuluşlara nail olaq. Üstəlik, çalışmalıyıq ki, bu qoyuluşlar real olsun, indiki kimi yalançı olmasın”.

Ana səhifəXəbərlərBölgələrə ayrılan pullar və görülən işlər