Bolduinin operatoru güllələməsinin görüntüləri yayılıb

Alek Bolduin. Mənbə: “The New York Times”

Görüntülər “CBS Evening News”un efirində nümayiş etdirilib

Aktyor Alek Bolduinin çəkiliş meydançasında təsadüfən odlu silahla “Rust” filminin rejissoru və operatorunu yaraladığı kadrlar yayımlanıb.

Polis tərəfindən təqdim olunan portativ kamera ilə çəkimiş görüntülər “CBS Evening News” proqramının efirində nümayiş etdirilib.

Kadrlardan görünür ki, həkimlər yaralanmış operator Qalina Hatçinsə ilkin tibbi yardım göstərirlər.

Polislər isə aktyoru dindirirlər.

Materialda həmçinin Bolduinin silahdan istifadəni öyrəndiyi kadrlar da var.

Alek Bolduin ötən ilin oktyabrında “Rust” filminin atışma səhnəsi lentə alınarkən rejissor Joel Souzanı və 42 yaşlı operator Qalina Hatçinsi yaralayıb.

Qalina Hatçins ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Hatçinsin həyat yoldaşı Bolduini və filmin yaradıcı heyətini məhkəməyə verib.

Bolduin də “Rust” filminin prodüserlərindən məhkəməyə şikayət edib.

Aktyor məhkəmədən əldə olunacaq təzminatı operatorun ailəsinə bağışlamaq niyyətindədir.

Bir neçə gün öncə Nyu-Meksiko ştatının Əməyin Mühafizəsi və Təhlükəsizliyi Tədbirləri bürosu filmi ərsəyə gətirən “Rust Movie Productions” şirkətinə 136 min 793 dollar cərimə tətbiq edib.

Büro Alek Bolduinin günahsız olduğu qənaətinə gəlib.

Polislərin tapançadakı boş patronların dolusu ilə əvəzlənməsi ehtimalı var.

Bunun kim tərəfindən edildiyi hələ ki məlum deyil.

Ana səhifəMədəniyyətBolduinin operatoru güllələməsinin görüntüləri yayılıb