Böhtan atmağa görə yeni cəza tətbiq ediləcək

Azərbaycanda böhtana görə yeni cəza – azadlığın məhdudlaşdırılması tətbiq olunacaq

Source:


Azərbaycanda böhtana görə yeni cəza – azadlığın məhdudlaşdırılması tətbiq olunacaq

Bununla bağlı Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilir. Hazırda bu əmələ görə, 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrum etmə cəzası var. Təklifə əsasən isə böhtana görə, 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq ediləcək.

Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsə aşağıdakı tələblər qoyulur:


– yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;


– elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək;


– məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;


– cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmək, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hüquqşünas Xalid Ağaliyev hesab edir ki, uzun illərin təcrübəsi böhtan və təhqirə görə, hazırda mövcud olan tənzimləmə özünü doğrultmur.

“Bu maddələr yalnız hansısa tənqidçini susdurmaq lazım gələndə işə düşür. Başqa demək olar ki, heç bir halda tətbiq edilmir”, deyən X.Ağaliyev hesab edir ki, sözügedən maddələri dəyişdirmək, zənginləşdirmək yox, ümumiyyətlə ləğv etmək lazımdır.

“Bizim qanunvericilər böhtana, eləcə də təhqirə görə, cinayət məsuliyyətini ümumiyyətlə, ləğv etməlidilər. Hökumətimizin bununla bağlı müəyyən öhdəlikləri də var. Dəfələrlə diffamasiya ilə bağlı qanun layihələri də hazırlanıb, müzakirə edilib. Ancaq təəssüflər olsun ki, böhtan və təhqirə görə, cinayət məsuliyyəti nəzərdə tutan maddələr hələ də məcəllədə saxlanılır. Böhtan və təhqirə görə, cinayət məsuliyyəti ləğv edilməli, bu məsələlər mülki qaydada tənzimlənməlidir. Hər kəs Azərbaycandan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrini, ümumiyyətlə, ləğv etməsini gözləyir. Həmin maddələri daha da zənginləşdirmək təcrübəsinə son verilməlidir. Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarında da bu tezis aydın şəkildə ifadə olunur ki, böhtan və təhqirə görə, həbs cəzası olmaz”.

Ana səhifəXəbərlərBöhtan atmağa görə yeni cəza tətbiq ediləcək