”Böhran meylləri 2017-ci ildə davam edəcək”

Rövşən Ağayev: ”İqtisadiyyatı hərəkətə gətirən investisiya qoyuluşları azalıb”

Source:


Rövşən Ağayev: ”İqtisadiyyatı hərəkətə gətirən investisiya qoyuluşları azalıb”

Dövlət Gömrük Komitəsi (DGK) 10 ayın yekunlarına görə, xarici ticarət statistikasını açıqlayıb. Qeyri-neft sektorunun ixracında ciddi azalma var – ötən ilin 10 ayı ilə müqayisədə 355 milyon dollar (26.5%) azalma var.

Dövlət Statistika Komitəsinin məlumatında isə sənaye istehsalında azalma olduğu bildirilir: “Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az sənaye məhsulu istehsal edib. Sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda istehsal edilib. Qalan 5,2 faiz elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoruna, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektoruna aiddir”.

DSK-nin məlumatına görə, noyabrın 1-i üçün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 11 mlrd. 889,2 mln. manat təşkil edib. İstiqamətlər üzrə bu, belə görünür: istehsalat obyektlərinə 9 mlrd. 593,3 mln. manat və ya ümumi xərclərin 80,7%-i qoyulub. Bundan əlavə, xidmət sahəsi obyektlərinə 1 mlrd. 807,8 mln. (15,2%) qoyulub. Mənzil fondunun inkişafına 488,1 mln. manat (4,1%) ayrılıb. Son beş ildən fərqli olaraq böyük hissəni xarici kapital təşkil edib – 59,1% və ya 7 mlrd. 22,9 mln. manat, yerli maliyyə inyeksiyaları 4 mlrd. 866,3 mln. manat təşkil edib.

“Üçdə iki hissədən çox (67,3%) özəl kapitalın payına düşüb. Bütün kapital xərclərin – 7 mlrd. 191,9 mln. manatın 60,5%-i neft sektoruna ayrılıb”,-deyə bildirilib.

DGK və DSK-nin məlumatlarını Meydan TV-yə şərh edən iqtisadçı Rövşən Ağayev bildirib ki, Azərbaycan üçün ən maraqlı olan qeyri-neft ixracıyla bağlı məqamlardır, bu, ixrac baxımından ölkənin qeyri-neft potensialının zəif olduğunun göstəricisidir:

“Çox təəssüf ki, qeyri-neft sektorunda ixrac potensialı həmişə zəif olub, amma böhran dövründə azalma daha çox davam etdi. Manatın dəyərdən düşməsində bir yanaşma belə idi ki, manat baha olduğu dövrdə yerli məhsulları da bahalaşdırırdı və ixrac üçün cəlbedici olmurdu. Manat ucuzlaşanda belə bir gözlənti yarandı ki, bəlkə qeyri-neft ixracı genişlənə və iqtisadiyyata müsbət təsiri olar. Bu ilin 10 ayının nəticəsinə görə, qeyri-neft ixracı 355 milyon dollar, yəni 26,4 faiz azalıb. Onsuz da kiçik idi, bu il də faiz olaraq azalmayıb, həcm olaraq kəskin kiçilib. Məsələ ondadır ki, Azərbaycanın bazarları yüksək inkişaf etmiş ölkələrin bazarları deyil. Türkiyəni kənara qoysaq, Azərbaycanın ixracında 70 faizə qədər 3 ölkənin əsas payı var – İraq, Əfqanıstan və Rusiya. Türkiyəni daxil etdikdə, Azərbaycanın qeyri-neft ixracatında payı 75 faiz təşkil edir. Məsələ ondadır ki, ixrac etdiyimiz məhsulların idxalı artıb. İkinci, azalma yalnız qiymət fərqilə bağlı deyil, çəki ilə də əlaqəlidir, təbii azalma da var. Yəni kütlə olaraq ölkədən çıxan məhsulun həcmi azalıb”.

Səbəblərə gəlincə, iqtisadçı bildirib ki, hökumətin institutları ciddi araşdırma aparmalıdır: “Birinci, İxraca Yardım Təşviqi Fondu və İqtisadi İnkişaf Nazirliyi mütamadi olaraq Azərbaycanın hansı bazarları itirməsini araşdırıb ictimaiyyəti məlumatlandırmalıdır. Sual qoyulmalıdır: Azərbaycan hansı bazarları itirir və hansı ölkə həmin bazarı götürür? Səbəbi nədir? İkinci, manatın devalvasiyası niyə kömək etmədi? Axı rəsmilər birinci devalvasiyada belə açıqlamalar verirdi”.

Ancaq Rövşən Ağayev sənaye istehsalında azalmanı təbii hesab edir: “Çünki iqtisadiyyatın və ev təsərrüfatlarının tələbatı azalırsa, sənaye kiçilməlidir, xüsisilə investisiya kiçilir. Əsas səbəblərdən biri dövlət investisiyalarının azalmasıdır. Son 10 ildə kapital qoyuluşlarında büdcənin çox böyük payı olub, Statistika Komitəsinin noyabrın 15-də yaydığı məlumatdan məlum olur ki, keçən ilin 9 ayında investisiya qoyuluşları 4 milyard manat olub, bu il 1,8 milyarddan da azdır. Üstəgəl, son bir ildə bank kreditlərində 25 faiz azalma var. Bilirsiniz ki, bu kreditlərin yarısı investisiya şəklində iqtisadiyyata yönəldilirdi.

Ümumilikdə iqtisadiyyatdakı böhran bütün sahələrə mənfi təsir edir. Bu baxımdan böhran meylləri 2017-ci ildə davam edəcək. Çünki iqtisadiyyatı hərəkətə gətirən investisiya qoyuluşlarıdır, bu isə azalıb. Hökumət də investisiya prosesinin stimullaşdırılmasından daha çox boğulması xəttini seçib. Səbəb odur ki, hökumət tələbi stimullaşdıranda əlavə pul kütləsinin tələb olunduğunu anlayır, sadəcə, islahatlar olmadığından rəqabətli mühit yaranmadı və real sektor indi buna hazır deyil. Nəticəyə gəldikdə, iqtisadiyyatın tələbatı bir az da azalacaq və uzunmüddətli böhran olacaq. Böhranlı şəraitdə isə hamı daha az və keyfiyyətsiz qidalanır, təhsil, səhiyyə sistemi daha ağır duruma düşür, demoqrafik problem qabarır, ölkədən xaricə ciddi axın olur. Hələ 2014-cü ilin sonunda Dünya Bankının hesabatında bu məsələlər vurğulanırdı və qeyd olunmuşdu ki, ortada qalan 67 faiz nə acdır, nə də orta təbəqə, ani iqtisadi şok nəticəsində bu qrup yoxsullar təbəqəsinə düşə bilər. Artıq böhran dərinləşdikcə, yoxsulların dairəsi daha da genişlənəcək”.

“Çox qəribədir ki, bu gedişatda maşın bazarı çöksə də, mənzillərin qiyməti dəyişmir. Səbəb nədir” – sualına Rövşən Ağayev belə cavab verir:

“Ümumiyyətlə, tikinti sektorunda əvvəl də, indi də rəqabət olmayıb. Məsələ ondadır ki, tikinti şirkətləri çox olsa da, aparıcı şirkətlər siyasi dairələrə bağlıdır. İkinci, tikinti məhsullarının idxalında xərclər böyükdür, xüsusən də son vaxtlar gömrükdə leqallaşma adıyla sərtləşmə baş verdi. Nəhayət, fundamental səbəb odur ki, məmurlar tikintidəki qeyri-rəsmi xərclərindən imtina etmək istəmir. Yəni bir kvadratmetrin maya dəyəri 200 manata başa gəlirsə, onun üçün alınan rəsmi və qeyri-rəsmi ödənişlərin hesabına qiymət iki dəfə artır. Faktiki olaraq, bu sektorda rəqabət mühiti yoxdur. İndi məmurlar çalışırlar ki, böhrana baxmayaraq ipotekanı mümkün qədər dayandırmasınlar. Əgər ipoteka bazarında böhran baş versəydi, qiymətlərə təsir edən qeyri-rəsmi xərclər götürülsəydi, mənzil bazarında qiymət düşməsinin şahidi olacaqdıq. Sadəcə, tikinti sektoruna maliyyə qoyan məmurlar bunda maraqlı deyil, itirmək istəmirlər. Bu sektorun incəliyi ondadır ki, Azərbaycanda mənzil bazarına qoyulan pullar qeyri-leqal yolla qazanılmış kapital olduğundan geri qayıtmaq narahatlığı yoxdur. Ona görə də mənzil bazarında marağı olan oliqarxlar neftin qalxmasını gözləyirlər, hələ dözürlər. Təbii ki, neftin qiyməti yaxın 2 ildə qalxmasa, mənzil bazarında qiymətlərin düşməsi qaçılmazdır”.

Ana səhifəAnalitika”Böhran meylləri 2017-ci ildə davam edəcək”