(ikinci hissə)
Sus turnirini qalmaqallı şəkildə tərk edən Bobbi Fişer 1968-ci ildə İsraildə və Yuqoslaviyada o qədər də güclü tərkibi olmayan iki turnirdə iştirak edir və hər ikisində birinci yeri tutur. O, bu turnirlərdə keçirdiyi 26 oyunda 19 qələbə qazandı və 7 heç-heçə etdi.
Bundan sonra ilyarım müddətində oynamağı dayandırdı və “Mənim 60 yaddaqalan partiyam” adlı kitabını buraxdı. Başqa şahmatçılar adətən “Mənim ən yaxşı oyunlarım” adı altında yalnız qələbə qazandıqları oyunları çap etdikləri halda Fişerin kitabında 48 qələbə, 9 heç-heçə və 3 məğlubiyyət vardı. Məğlubiyyətlər 1959-cu ildə Taldan, 1960-cı ildə Spasskidən, 1967-ci ildə Gellerdən idi. Hərtərəfli və obyektiv təhlilə görə kitab indi də yüksək qiymətləndirilir.
Qalmaqallı xarakteri Fişeri növbəti dəfə çempionluq adından məhrum edə bilərdi. O, zonalararası turnirə vəsiqə qazanmaq üçün 1969-cu ilin ABŞ çempionatında iştirak etməli idi, amma yenə də bəzi tələblər irəli sürdü, mükafat fondunu az hesab etdi və iştirak etmədi.
Həmin çempionatda üç şahmatçı eyni nəticə göstərərək çempion oldular və onardan biri, Pol Benko vəsiqədən Fişerin xeyrinə imtina etdi. Benko macar idi və ölkəsi SSRİ tərəfindən 1956-cı ildə işğal ediləndən bir il sonra Qərbə qaçmışdı. Ola bilər ki, özünün sovet şahmatçılarına qalib gələ bilməyəcəyini anladığından vəsiqəsini Fişerə verməklə SSRİ-dən qisas almağa çalışırdı. Əgər belə idisə, bu qisası alındı. Bu jestinə görə, Benkoya 2000 dollar kompensasiya da ödənildi.
Zonalararası turnirdən əvvəl isə başqa bir önəmli şahmat hadisəsi baş verdi. 1970-ci il mart-aprel aylarında Belqradda SSRİ və dünyanın qalan hissəsi arasında “əsrin matçı” keçirildi. Hər komandada şahmatçılar 10 lövhədə yarışırdılar. Fişer görüşə birinci lövhədə oynamaq iddiası ilə gəlmişdi, amma danimarkalı Bent Larsen son nəticələrini əsas gətirərək özünün birinci lövhədə oynamalı olduğunu bildirdi. Fişerin adi halda oynamayıb geri qayıtmalı idi, amma gözlənilmədən ikinci lövhəyə razılaşdı.
Beləcə, birinci lövhədə Larsen dünya çempionu Spasski ilə, ikinci lövhədə isə Fişer eks-çempion Petrosyanla oynadı. Dörd dövrədən ibarət matçda üç oyundan sonra Laren-Spasski görüşündə hesab bərabər idi – 1,5:1,5. Son oyunda isə Spasskini Şteyn əvəz etdi və uduzdu. Fişer ilk iki oyunda Petrosyanı məğlub etdi, ikisində isə heş-heçə qeydə alındı – 3:1. Ümumiyyətlə, 1-4-cü lövhələrdə dünya yığması qalib gəldi, doqquzuncu lövhədə heç-heçə oldu, amma digər lövhələrdəki nəticələrin hesabına sovet komandası 20,5:19,5 hesabı ilə qalib gəldi.
Əsrin matçından sonra bir sıra güclü şahmatçıların (Petrosyan, Tal, Smıslov, Korçnoy, Bronşteyn, Reşevski və s. cəmi 12 nəfər) iştirakı ilə blits üzrə iki dövrədən ibarət turnir keçirildi. Fişer 22 oyunda 19 xal (+17-1=4) toplayaraq fantastik nəticə göstərdi. O, ikinci yeri tutan Talı 4,5 xal qabaqladı. Uduzduğu yeganə adam üçüncü yeri tutan Korçnoy oldu.
Bundan sonra Fişer Yuqoslaviyanın iki şəhərində (Rovin və Zaqreb) keçirilən turnirdə 17 oyundan 13 xal (+10-1=6) toplayaraq qalib gəldi. O, cəmi bir dəfə, 8-ci turda heç qrossmeyter titulu olmayan Vladimir Kovaçeviçə gözlənilmədən məğlub oldu, özü də ağlarla.
Növbəti turnir Buenos-Ayresdə keçirilirdi. Özünə sadiq olan Fişerin iştirakı son ana qədər sual altında idi. Gəlmədiyinə görə onun ilk üç oyunu təxirə salındı və sonra oynanıldı. Turnirin vaxtı uzadıldı. Fişer turnirə dalbadal 6 qələbə ilə başladı. Yeddinci turda Naydorfla heç-heçədən sonra daha beş qələbə qazandı. Sonda 17 oyunda 15 xal (=13-0=4) toplayaraq ikinci yeri tutan Tukmakovu (SSRİ) 3,5 xal qabaqladı.
Sentyabrda Qərbi Almaniyada şahmat olimpiadası keçirildi. Bu dəfə Fişer birinci ola bilmədi. ABŞ komandası dördüncü oldu. Üstəlik, Fişer SSRİ ilə qarşılaşmada Spasskiyə uduzdu (komanda hesabı 1,5:2,5) və birinci lövhədə çıxış edən şahmatçılar arasında yekun nəticədə ikinci oldu. Spasskini bu qələbəsini sonralar Kasparov onun “çempionluq dövrünün çələngi” adlandırırdı.
Noyabrda isə İspaniyanın Palma-de-Malyorka şəhərində dünya çempionluğuna iddiaçıları müəyyənləşdirəcək zonalararası turnir start götürdü. 24 şahmatçının iştirak etdiyi turnirin ilk turunda Fişer alman Hübnerlə heç-heçə etdikdən sonra dalbadal beş qələbə qazandı. O, yenə də möhtəşəm oyun göstərirdi. Turnirdə qələbə çalmasının şübhəsizliyi barədə söhbətlər yenicə başlamışdı ki, nə isə baş verdi.
Əvvəlcə o, elə də güclü olmayan iki şahmatçı – Matulovuç (yekunda 18-ci yer tutan) və Naranya (21-ci yer) ilə heç-heçə etdi. Doqquzuncu turda isə Bent Larsenə məğlub olması xüsusilə acınacaqlı idi. Bu qələbə sanki Larsenin Əsrin matçında birinci lövhədə oynamaq iddiasının haqlı olduğunu sübut edirdi. Növbəti iki turda da Portiş və Poluqayevski ilə heç-heçə qeydə alındı.
Bu zaman amerikalıları ən çox narahat edən Fişerin yenə nədənsə narazılığa başlaması, yeni tələblər irəli sürməsi, təşkilatçıların razılaşmadığı halda isə turniri tərk etməsi perspektivi idi. Sovet nümayəndələri isə əksinə, buna ümid edirdilər. Bəlkə də belə ola bilərdi, əgər vəziyyət dəyişməsəydi.
Növbəti rəqib Geller idi. O Fişer üçün rahat rəqib sayılmırdı və şəxsi görüşlərdə üstün idi. Uzun sürən bu partiya da heç-heçə bitməli idi, amma Geller 71-ci gedişdə primitiv səhvə yol verərək uduzdu. Bundan sonra Fişer daha iki qələbə qazandı və iki heç-heçə etdi.
Turnirin sonunu isə möhtəşəm keçirdi: yeddi oyunda yeddi qələbə. Beləliklə o, 23 oyunda 18,5 xal topladı (+15-1=7). 2-4-cü yerləri bölüşdürən Larsen, Geller və Hübner ondan 3,5 xal geri qaldılar. Zonalararası turnirlər tarixində belə fərqli qalibiyyətə ilk dəfə rast gəlinirdi. 1970-ci ildə göstərdiyi parlaq nəticələr sayəsində o, reytinqi 2700 həddini keçən ilk şahmatçı oldu.
Zonalararası turnirdə ilk altı yeri tutanların (Fişer, Larsen, Geller, Hübner, Taymanov, Ulmann) və ötən iddiaçılar turnirinin iki finalçısının (Petrosyan və Korçnoy) iştirakı ilə keçirilən iddiaçılar turniri olimpiya sistemi üzrə keçirilirdi. Fişer ¼ finalda SSRİ-dən Mark Taymanovla qarşılaşdı.
10 partiyadan ibarət olması planlaşdırılan matç 1971-ci ilin mayında Kanadanın Vankuver şəhərində keçirilirdi. Qalib gəlmək üçün beş xaldan artıq toplamaq lazım idi. Fişer favorit idi, amma baş verəcək hadisələr kimsənin ağlına gəlməzdi. Amerikalı şahmatçı altı oyunda altı qələbə qazandı – 6:0. Bu inanılmaz nəticə idi.
Taymanov vətənə qayıdarkən sürprzilə üzləşdi. Adətən idmançılar gömrüyü keçərkən yoxlamaya məruz qalmırdılar. Bu dəfə isə onun yükünü əməlli-başlı axtardılar, deklarasiya olunmayan valyuta (1100 qulden) və daha pisi, Soljenitsının xaricdə çap olunan və SSRİ-də qadağan edilən “Birinci dairədə” kitabını tapdılar.
Taymanovun sonralar verdiyi müsahibədə deyilirdi ki, pullar sovet qrossmeysteri Salo Florun xaricdə çap edilən məqalələrinin qonorarı idi. Bunu FİDE prezidenti Maks Eyvenin məktubu da təsdiqləyirdi. Amma sovet rəsmilərinə “SSRİ-ni biabır edən” şahmatçını cəzalandırmaq üçün bəhanə lazım idi.
Onu əməkdar idman ustası adından məhrum etdilər, dövlətin qrossmeysterlərə verdiyi təqaüdü azaltdılar, Fişerlə görüş ərəfəsində verilən mənzili geri aldılar, xarici səfərlərə buraxmadılar. Halbuki, Taymanov təkcə şahmatçı deyil, həm də tez-tez qastrollara çıxan məşhur pianoçu idi.
Taymanov o qədər təzyiqlərə məruz qaldı ki, kitabına görə cəzalandırıldığı Soljenitsından daha arzuolunmaz şəxsə çevrildi. Özünün dissident əhvalı ilə seçilən musiqiçi Rostropoviçin hadisəyə reaksiyası da bununla bağlı idi: “Soljenitsının başına gələnlərdən xəbəriniz var? Onda Taymanovun “Nimtsoviç müdafiəsi” kitabını tapıblar”. Yalnız ilyarımdan sonra bir qədər yumşalma oldu. Əməkdar idman ustası adını qaytarmaları üçün isə 20 il lazım gəldi.
İddiaçılar turnirinin yarımfinalında Fişerin rəqibi Ulmanna qalib gəlmiş Bent Larsen oldu. ABŞ-ın Denver şəhərində iyulda keçirilən matç yenə 10 görüşdən ibarət idi. Fişer yenə inanılmaz oyun göstərərək yenə altı oyunda altı qələbə qazandı – 6:0. Bobbi bununla sanki əsrin matçından qalan acığını çıxdı.
Bent Larsen o zamana qədər dünyanın ən güclü şahmatçılarından biri və dünya çempionluğuna namizəd sayılırdı. Amma Hamletlə analogiya əsasında “danimarkalı şahzadə” adlandırılan Larsenin kral olmaq arzusu bununla puç oldu. Fişerlə görüşdən sonra o heç zaman əvvəlki formasına qayıda bilmədi.
Digər yarımfinalda isə iki sovet şahmatçısı – Korçnoy və Petrosyan qarşılaşdı. On partiyadan doqquzu heç-heçə bitdi, yalnız doqquzuncu partiyada erməni şahmatçı qalib gəldi. Beləliklə, matç 5,5:4,5 Petrosyanın xeyrinə bitdi və o, iddiaçılar turnirinin finalında Fişerlə görüşmək hüququ qazandı.
Final sentyabr-oktyabr aylarında Buenos-Ayresdə keçirildi. Matç 12 partiyadan ibarət olmalı idi, 6 xaldan çox toplayan oyunçu qalib olacaqdı. İlk oyunda yenə Fişer qələbə çaldı. Beləliklə, o, zonalararası turnirin son yeddi turundan etibarən dalbadal 20 oyunda 20-ci qələbəsini qazandı. Bu fantastik nəticə idi və çətin ki, kimsə bu rekordu yeniləyə bilsin.
Amma növbəti turda Petrosyan qələbə çaldı və hesab bərabərləşdi. Sonrakı üç tur heç-heçə bitdi. Elə təəssürat yaranırdı ki, Fişer, nəhayət, bərabər səviyyəli oyunçu ilə rastlaşıb. Amma bundan sonrakı dörd partiyada Fişer dalbadal dörd qələbə qazandı.
Petrosyan şahmat tarixinin ən yaxşı müdafiəçilərindən biri idi. Onun ifrat ehtiyatkarlığı bəzən qalib gəlməli olduğu oyunların heç-heçə bitməsinə səbəb olurdu. Belə bir oyunçu üzərində dörd oyunda dörd qələbə çalmaq da inanılmaz nəticə idi. Beləliklə, 6,5:2,5 hesabı ilə qalib gələn Fişer çempionluq uğrunda matçda Boris Spasski ilə görüşmək hüququ qazandı.
Zonalararası turnirdən iddiaçılar turnirinin finalına qədərki dövrü götürsək, şahmat tarixi nə əvvəl, nə də sonra öz rəqiblərinə bu qədər əzici üstünlüklə qalib gələn başqa şahmatçını tanımır. Beləcə, son 24 il ərzində ilk dəfə idi ki, şahmat tacı uğrunda yarışacaq iki nəfərdən biri SSRİ-ni təmsil etmirdi.
(ardı var)