Bloqqerlərin fəaliyyəti qanunla tənzimlənə bilər

Ələsgər Məmmədli: ”Bu qanun sərhədləri yalnız az domeni ilə qeydiyyatdan keçən saytlar və portallar üçün keçərlidir”

Source:


Ələsgər Məmmədli: ”Bu qanun sərhədləri yalnız az domeni ilə qeydiyyatdan keçən saytlar və portallar üçün keçərlidir”

Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloqqerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

“Report”un xəbərinə görə, bu təşəbbüslə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov komitənin iclasında çıxış edib.

O qeyd edib ki, bu gün dünyada bloqqerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var və onun fəaliyyətinin sərhədləri müəyyən edilməyib: “Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var”.

Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da bu təşəbbüsü dəstələyib:

“Kim nə istəyirsə, onu da yazır. Odur ki, bu sahədə bir xaos hökm sürür. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var”.

Meydan TV deyilənlərlə bağlı hüquqşünas Ələsgər Məmmədliyə müraciət edib.

Hüquqşünas Əflatun Amaşovun Mətbuat Şurasının sədri kimi yox, deputat olaraq təklif irəli sürdüyünü düşünür:

“Deputatların da istədikləri məsələdə ifadə azadlıqları var. Nə istəsələr, təklif edə bilərlər. Amma qanunvericilikdə bunlar tənzimlənir, “KİV haqqında” qanunun 3-cü maddəsində Amaşavon sadaladıqları, bloqqerlik, sosial şəbəkələr internet mediası sayılır və eynilə bütün medianın məsuliyyəti nədirsə, onlara da şamil olunur. Yanaşma məzmun tənzimlənməsi ola bilər, qanunvericilikdə bu məsələdə də tənzimlənib. Yəni diffomativ ifadələrə, irqi, dini, milli ayrıseçkiliyə yol verilə bilməz, terrorizmə çağırış olmaz, başqalarının hüquqlarına ziyan vurulmamalıdır, sadaladıqlarım məsuliyyət yaradır”.

Ələsgər Məmmədli

Ələsgər Məmmədli deyib ki, sosial şəbəkələr Azərbaycanın deyil, ona görə də bu qanun sərhədləri yalnız az domeni ilə qeydiyyatdan keçən saytlar və portallar üçün keçərlidir:

“Az domenində isə nə bloq, nə sosial şəbəkə var. Belə olduqda bunların tənzimlənməsi prosesi praktiki baxımdan mümkün deyil. Amma hökumət sosial şəbəkələrdə fəal olan insanlara qarşı təzyiq mexanizmini işə salıb, məsələn, 148.1 maddədə məsuliyyət müəyyən olunub. Bununla belə, qanunvericilikdəki dəyişiklikdən əvvəl AXCP yetkilisi Fuad Qəhrəmanlı “Facebook”dakı statusuna görə həbs olunmuşdu. İndiki halda bu sahənin tənzimlənməsindən danışmaq mövcud qanunların çərçivəsini düzgün dərk etməmək, yaxud çərçivəsini düzgün görməməkdən irəli gələ bilər. Azərbaycan başqa ölkələrdən fərqli olaraq daha çox məhdudlaşdırıcı normalara malikdir. Avropa Şurasının üzvü olan 47 ölkənin heç birində ayrıca bloqqerlərin fəaliyyətini tənzimləyən, sərhədlərini müəyyən edən qanun yoxdur”.

Ana səhifəXəbərlərBloqqerlərin fəaliyyəti qanunla tənzimlənə bilər