DİN “Park-Bulvar”dakı izdihamla bağlı araşdırma aparıldığını deyir
Aprelin 17-də Rusiyada yaşayan bloger Hüseyn Həsənovun Səbail rayonunda yerləşən “Park-Bulvar” ticarət mərkəzində görüşü insidentsiz ötüşməyib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, ticarət mərkəzinə daxil olanlar polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra içəri buraxılıblar: “Lakin ticarət mərkəzinə gələn şəxslər obyektə daxil olduqdan sonra tibbi maskalarını çıxardıblar”.
Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyevin deyib ki, ticarət mərkəzlərinin daxilində insanların tibbi maskadan istifadə etmələrinə həmin obyektin əməkdaşları tərəfindən nəzarət olunur.
Onun sözlərinə görə, pandemiya qaydalarının pozulması ilə müşayiət olunan tədbirin videogörüntülərində bir nəfərin kəmərlə səhnəyə vurması da əksini tapıb: “Həmin şəxs müəyyən edilərək saxlanılıb. Bakı şəhər sakini olan Arif İbrahimov izahatında bildirib ki, o, kəməri insanlara deyil, yalnız səhnəyə vurub. Buna baxmayaraq Arif İbrahimov inzibati qaydada 15 sutka həbs olunub”.
Şöbə rəisi hazırda hadisənin baş verdiyi obyektin məsul şəxsləri barədə araşdırmaların aparıldığını, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcəyini söyləyib.
Rusiyalı bloger Hüseyn Həsənovun aprelin 17-də saat 15 radələrində izləyiciləri ilə görüşü izdihamla nəticələnib.
Sosial şəbəkələrdə yayılan görüntülərdən məlum olur ki, minlərlə insan blogeri görmək üçün mərkəzə axın edib.
İddialara əsasən, izdihamın səbəbi blogerin izləyicilərinə “Iphone” bağışlayacağını vəd etməsi olub.