Bloger Mehman Hüseynov azadlığa buraxılmadı

Məhkəmə şərti olaraq vaxtından əvvəl azad olunma müraciətinə müsbət cavab verməyib

Source:
Mehman Huseynov
Mehman Huseynov


Məhkəmə şərti olaraq vaxtından əvvəl azad olunma müraciətinə müsbət cavab verməyib

Qaradağ Rayon Məhkəməsi avqustun 24-də bloger Mehman Hüseynovun şərti olaraq vaxtından əvvəl azad olunması müraciətinə baxıb.

Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinin mülahizəsinə əsasən məhkəmə müraciəti təmin etməyib.

Bu barədə vəkil Şəhla Hümbətova jurnalistlərə açıqlama verib.

Şəhla Hümbətova deyib ki, müəssisə rəhbərliyi Mehman Hüseynovun islah yoluna qədəm qoymadığını iddia edib:

“Məhkəmə də bunu əsas götürüb qərar verdi. Mülahizədə Mehman Hüseynovun müəssisə əməkdaşlarına qarşı qeyri-səmimi olduğu, abadlıq işlərində, mədəni tədbirlərdə iştirak etmədiyi, əməyə münasibəti qənaətbəxş olmadığı qeyd olunub. Mehman Hüseynov bunları təəccüblə qarşısa da, reallığı bildiyini dedi”.

Vəkil 20 gün ərzində qərardan şikayət verəcəklərini söyləyib.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib. Həmin gün hökm oxunub və bloger məhkəmə zalında həbs olunub.

Hökm isə Bakının Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin iddiası əsasında çıxarılıb. Xüsusi ittihamçı qismində məhkəməyə müraciət edən polis rəisi iddia edib ki, M.Hüseynov yanvar ayında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən başına torba keçirilərək küçədən oğurlandığını, daha sonra idarəyə gətirilib orada işgəncələrə məruz qaldığını deməklə, böhtan atıb.

Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də hökmü qüvvədə saxlayıb.

Lakin M.Hüseynov böhtan atması barədə ittihamı qəbul etmir və həqiqəti danışdığını, həqiqətən də həmin idarənin əməkdaşları tərəfindən işgəncəyə, pis rəftara məruz qaldığını bildirir. Həbsini isə hökumətin korrupsiyası, məmurların əmlakları barədə çəkib yaydığı materiallarla əlaqələndirir.

Mehman Hüseynov anası Firəngiz Hüseynovanın vəfat etməsi ilə əlaqədar ötən həftə qısa müddətə evə buraxılmışdı.

Ana səhifəXəbərlərBloger Mehman Hüseynov azadlığa buraxılmadı