Blinken Əliyevi Laçın dəhlizini kommersiya nəqliyyatı üçün açmağa çağırıb

E.Blinken və İ.Əliyev

İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını söyləyib

Yanvarın 23-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevi Laçın dəhlizinin dərhal kommersiya nəqliyyatı üçün açmağa çağırıb.

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

Məlumatı “Turan” yayıb.

E.Blinken “Laçın dəhlizində humanitar böhran riskinin Ermənistan və Azərbaycan arasında sülh perspektivlərini sarsıtdığını vurğulayıb”, – deyə Dövlət Departamentinin məlumatında vurğulanıb.

N.Prays bildirib ki, Entoni Blinken İlham Əliyevi Ermənistanla ikitərəfli sülh müzakirələrində səyləri ikiqat artırmağa təşviq edib.

“Entoni Blinken Azərbaycanda insan haqları ilə bağlı narahatlıqları da qaldırıb”,- Ned Prays əlavə edib.

President.az Entoni Blinkenin İlham Əliyevlə telefonla danışdığını təsdiqləyib.

Bildirilib ki, ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib:

“Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini söyləyib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib”.

“Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb”, – məlumatda vurğulanır.

Məlumata görə, İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir:

“Dövlət başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib”.

Məlumatda İlham Əliyevin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd etdiyi bildirilir:

“İlham Əliyev deyib ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir. Prezident Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib”.

Ana səhifəSiyasətBlinken Əliyevi Laçın dəhlizini kommersiya nəqliyyatı üçün açmağa çağırıb