Biznesmen ölüm aclığına başladı

Ağzını tikən Nicad İbrahim ədalətin bərpa olunmasını istəyir

Source:
Nicad İbrahim
Nicad İbrahim

“Mən polis, prokuror, məhkəmə və hüquq-mühafizə orqanlarının cinayətlərinə etiraz olaraq ölüm aclığı ( ağzımı tikərək ) aksiyası keçirirəm. Mənim 46 min 910 dollarımı aldadıb, şərləyib alıblar və geri qaytarmamaq üçün məni öldürmək məqsədilə güllələyiblər. Məni güllə ilə vuranları həbs etmək üçün kifayət qədər sübut və faktlar var, ancaq onlar yüksək vəzifəli insanların yaxın qohumu olduqları üçün onları cinayət məsuliyyətinə cəlb etmirlər”.

Bu sözləri maşın biznesi ilə məşğul olan Nicad İbrahim deyir.

Meydan TV ötən il noyabrın 25-də biznesmenin başına gələnləri

işıqlandırmışdı

.

Onun sözlərinə görə, başına bu hadisələr Abşeron Rayon Polis İdarəsinin mayoru Anar Əliyevdən 32 sot torpaq aldıqdan sonra gəlib. O, 2008-ci ildə “Beynəlxalq Bank”dan torpağın müqabilində maşın almaq istəyib.

Bu hadisədən sonra mayor Anar Əliyev Nicad İbrahimə deyib ki, Abşeron Polis İdarəsinin rəisinə 10 min dollar haqq ödəməlisən, yoxsa maşınına narkotik, silat atıb, səni tutduracağıq. Onun sözlərinə görə, çox keçməyib, dayısını şərləyərək 15 sutka həbs ediblər. Nicad İbrahim deyir ki, ailəsinə xələl gəlməsindən qorxub, polis orqanına 8 min dollar ödəməli olub.


Nicad İbrahim mayor Anar Əliyevin onu “Təşəbbüs” restoranına dəvət etdiyini söyləyir. Restoran sabiq baş prokuror Eldar Həsənovun qardaşı Ərəstun Həsənovundur. Ancaq məqsəd onu birdəfəlik susdurmaq imiş. Nicad İbrahim belə deyir:

“Sinəmə qəfildən tutdu. Atəş açmaq istəyəndə, tüfəng atəş açmadı. Allahdan sonra sol əlimlə tüfəngin ucunu aşağı apardım. İnsanda instiktin olaraq, qorxu hissi əmələ gəlir.Sonra dalbadal atəş açdı. Güllə ayağıma və ayaq barmağıma dəydi. Yəni sinəmə tutub, öldürmək məqsədilə güllə atırdı mənə. Özləri yüksək rütbəli polislərdir, əminliklə bilirlər ki, cinayətləri cəzasız qalacaq”.

Valideynləri onu yaralı halda Musa Nağıyev adına Xəstəxanaya çatdıra biliblər. Xəstəxananın Sabir adlı həkimi şərt qoyub ki, 2 min dollar verəcəksiniz və şikayət etməyəcəksiniz, yoxsa bir iynə ilə məhv edəcəklər. Xəstəxanaya gələn Ceyhun adlı müstəntiqin də ondan 2800 dollar aldığını deyir.

Nicad İbrahim ayağının Azərbaycanda yaxşı müalicə olunmadığını deyir. Ayağının hər an kəsilmə təhlükəsi var. Deyir, polis orqanlarına müraciət etsə də, şikayətinə baxılmır.

Ayağından güllələndiyini deyən Nicad İbrahim yalnız hadisədən 6 il sonra məhkəmə qərarı ilə tanış olur. Qərarda onun özünü güllələdiyi yazılır.

Meydan TV Abşeron Rayon Polis İdarəsinin polis mayoru Anar Əliyevlə əlaqə saxlaya bilməyib. Daxili İşlər Nazirliyində məsələni araşdıracaqlarını bildirsələr də, sonradan suallar cavablandırılmayıb.

Şikayətinin heç bir nəticə vermədiyini deyən Nicad İbrahim indi çıxış yolunu aclıq aksiyasında görür:

“Məni və ailəmi ( kiçik uşaqlarımı )ölümlə və həbslə təhdid edirlər. Məni 8 ildən çoxdur aldadırlar və süründürürlər. Artıq dayanan deyiləm. Çünki onların şikəst etdiyi ayağım da amputasiya edilməlidir. Mən ölsəm də, ağzımı açan deyiləm və aclıqdan öləcəm! Haqqımı tələb edirəm, başqa heç nə edə bilmirəm”.

Ana səhifəXəbərlərBiznesmen ölüm aclığına başladı