Yolunuz düşsə, Dərnəgül körpüsü ilə hava limanına gedərkən, Dərnəgülə çatmamış sağa dönüb, maşını Keşlə bazarına tərəf sürün. Bu yolda maşın sürmək istər gündüz olsun, istərsə gecə fərq etməz, cəfa çəkməyə bərabərdir.
Birincisi, yol bərbaddır, çala-çuxurdu, sanki burdan maşınlar yox, tanklar keçir. İkincisi, gecə maşın sürmək ikiqat zülmdür, çünki ərazinin işıqlandırması yoxdur. Yalnız qarşıdan gələn maşınların işığı hesabına yolu görmək olur.
Yolun sağ və sol hissəsində bir-birinə bitişik nimdaş evlər var. O evlərdə yaşayan insanlar isə yolu adlayarkən maşınlara fikir vermir, harda gəldi, necə gəldi yol keçirlər. Bir də görürsən göz-gözü görməyən yerdə kimsə özünü atdı maşının qabağına. Həm də bu dar yolda avtobus dayanacağı var. Bu üzdən yolda tez-tez tıxac olur. Hamı başlayır siqnal verməyə, bir-birinin yolunu kəsməyə, axırda səs-küy yaranır, mərəkə qopur, məzhəb itir. Dava-dalaş düşür.
Payız-qış aylarında yoldakı çuxurlar su ilə dolur və yol üstündə irili-xırdalı bir neçə hovuz yaranır. Hovuzlar quruyandan sonra isə yol olur palçıq. Yolun sağ tərəfində yaşayan uşaqlar, sol tərəfdəki məktəbə gedincə paltarları, ayaqqabıları bulaşır. Elə məktəbin yanında hər səhər kəsilən inəklər də ölümdən qabaq bir xeyli palçıqda eşələnirlər. Qəssəbxanadan bir az irəlidə tikinti materialları satılan xırda dükan var. Bu dükanda bir eşitmə-danışma əngəlli satıcı işləyir. Yağışlı günlərdə həmən satıcı malını yerbəyer edəndə, vıyıltısını eşitmədiyi maşınlar onun əyin-başını gölməçə suyu ilə isladırlar. Yol qırağı ilə məktəbə gedən uşaqları da eynən. Yolun sonu bitir körpüdə. Orada, körpünün altında ilin hər fəslində fəhlələr durur, az pula hər işi görməyə razı olanlar.
Xülasə, hər dəfə oradan keçərkən düşünürəm ki, televizorda hökümətimizin tez-tez dediyi ”bizim öz yolumuz var” cümləsindəki yol, yəqin ki, həmin bu yoldur.
Şanlı hökumətimizdən fərqli olaraq, bəndeyi-həqiriniz o yola ad da verib. Çörək yolu. Bilməmiş olmazsız, məmləkətimizdə “çörək pulu” deyilən bir anlam var. Adətən şəhərdə üzərinizə əl açıb gələn dilənçilərin ilk sözü “çörək pulu ver” olur. Yəni çörək almaq üçün pul istəyirlər. Yerli məmurlar isə ildə bir neçə dəfə yalandan, yolun orasını-burasını yamayıb çörək qazanırlar. Gəl ki, bu pul qazanmaq deyil, vəzifədən sui-istifadə edib vətəndaşın başın aldatmaqdır. Bu baş aldatmaq isə dünən, bu gün yaranmayıb. Bu yalançılığın kökü gedir Sovet dövrünə.
Olmayanı şişirdib olan kimi göstərməyin, peyindən konfet düzəltməyin ilk toxumları həmin ərəfədə əkilib. Hər il partiya tərəfindən qoyulan normanı doldura bilməyib yunun, yumurtanın, pambığın, taxılın, toyuğun, südün, qısası ümumi məhsulun rəqəmləri yalandan yazılır, yeyinti, rüşvət ört-basdır olunurdu. Beləliklə, Sovet Azərbaycanı mərkəzi partiya qarşısında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirirdi. Sonra Sovet dağıldı, itib getdi, amma artıq müstəqil olan Azərbaycanda sovet partiya kadrları qaldılar. Elə hökumətin üzərinə götürdüyü öhdəliklər də. Bu, artıq yun, yumurta, taxıl, süd, pambıq öhdəliyi deyil, boyun olduğu idman yarışları idi.
Ortada qalan, məşəqqət çəkən isə yenə sadə vətəndaş oldu. Həmən idman yarışlarına dəmir hasar, pərdə arxasından baxan camaat. Eşidin, bilin və agah olun ki, ölkəmizdə keçirilən bütün irimiqyaslı idman yarışları dövlət büdcəsindən maliyyələşir ki, həmin büdcəni də, loru dillə desək, dolduran sadə camaatdır. Məsələn, yazının müəllifi şəxsən hər ay öz maaşından büdcəyə 35 faiz gəlir vergisi ödəyir.
İdman yarışı vətəndaşda qürur, sevinc, fərəh hissləri oyatmırsa, şəhərdə idman ab-havası hiss olunmursa, xoş aura yaşanmırsa, vətəndaşlar müsbət emosiya əvəzinə diskomfort, narahatlıq, əsəb, qıcıq, həyacan keçirdirsə, əhali arasında aqressiya yaranırsa, onda bu tədbirlərdən çifayda. İdman yarışı dövlətə pul gətirmirsə, turizmə təkan vermirsə, ölkənin yığılıb qalan sosial problemlərini həll etmirsə, insanların yaşam güzəranını yaxşılığa dəyişmirsə, onda bunun adı baş aldatmaqdır.
Bir neçə dəfə İçərişəhər ətrafı F-1 üçün çəkilən şüşə kimi asfalt yolun əvəzinə, təkcə Bakıətrafı və daxili bütün bərbad yolları səliqə-səhmana salmaq olardı. Əşi, xırdaçılıq etməyək, nəinki Bakı, beş ildə xərclənən pula bütün ölkənin yolların düzəltmək olardı. Mən hələ yol qırağı işıq dirəklərini, yol işarələrini demirəm. Ümumən yol infrastrukturunu yeniləmək olardı. Gəl ki, məsələ təkcə yollarda deyil axı.
Hər il büdcədən rayonların sosial-iqtisadi inkşafına ayrılan pul, həmən rayonlarda park və idman kompleksi tikilməklə bitirdi. Lakin deyən yox idi ki, ac bədəndə turnikə çıxmağa taqət olmaz. İqtisadi-sosial problemlər parkda gəzişməklə, turnikdə sallanmaqla həll olunmur. Əvvəl iş yerləri, fabrik və istehsalat işə düşməlidir. Bizdə isə, ilk növbədə, başaldatdı işə düşürdü. Maşın, velosiped zavodları işə başlamamış bağlandı. İndi həmin idman komplekslərinin, parkların çoxunun rəngi solub, daşları saralıb. Bu səbəbdən idmançılarımız arasında legionerlər çoxalıb, ölkə idmanı özü idmançı yetişdirmək gücündə deyil.
Barmağınızı qatlayın, deyin, hansı sahədə yoxdur baş aldatmaq – səhiyyədə, təhsildə, idmanda, mədəniyyətdə, hərbidə, sosial təminatda?
Bugünlərdə əlilliyi olan insanlar etiraz aksiyası keçirdilər, dözülməz dərəcəyə çatan sosial problemlərindən danışdılar. Onsuz da onların hərəkəti üçün çətinlik yaradan şəhərdə bir yerə yığışdılar. Arada stress yaşadılar. Bir çoxu üçün yaşanmış həyacan səhhətlərinə əlavə zərər idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir neçə məmuru ilə görüşdülər. Sonda isə yenə başaldatdı oldu, yalandan söz verdilər, yola verdilər və gələn ay sosial müavinətləri tam ödənmədi. Problemləri həll olunmaq əvəzinə, birə-beş artdı. Və bu vəziyyət yuxarıda yazdığım btün sahələrdə təkrarlanır.
Elə ona görə də artıq vətəndaşın hökumətə inamı itib. Necə deyərlər, xalqın dövlətdən gözü su içmir.
Hökumətin vətəndaşı yola verməklə getdiyi yol çox uzun və keşməkeşli olacaq.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.