”Bizim şəraiti təmin etsinlər”


Nərimanov rayonunda yaşayan Ülvi Şirinov yaşadığı evin sökülüb yerində yeni binanın tikilməsindən şikayətçidir.

O, Meydan TV-yə müsahibəsində deyib ki, 27 ildir bu evdə yaşayır: “Ev anamın adınadır. Hansısa şirkət nümayəndələri gəlib evimizi almaq istəyiblər. 3 il bundan öncə həmin şəxslər gəlib danışıqlar apardılar, qonşularımız da müəyyən məbləğlə razılaşıb evlərini satdılar və çıxıb getdilər. Bizimlə danışıq zamanı təklif etdikləri məbləğlə razılaşmadıq. Daha sonra qarşılığında bizə başqa ev təklif etdilər. Biz gedib evə baxdıq, bəyənmədik. Bu ilin noyabr ayının 21-i bizi çağırdılar Nərimanov Rayon İcra Hakimiyyətinə. Bizimlə danışıq apardılar və dedilər ki, sizə iki ev veriləcək, pul söhbətini unudun, siz kirəyəyə köçəcəksiniz, ilyarımdan sonra yeni evinizə qayıdacaqsınız. Biz bu təkliflə də razılaşmadıq. Çünki ətrafımızda buna bənzər çox hal baş verib. Camaat əlində sənəd ola-ola qalıb evsiz-eşiksiz, neçə bunun kimi məhkəmə işi hələ də davam edir.

Biz dedik ki, ətraf ərazilərdə hazır yeni tikililərdən ev verilsin, ya da bizim istədiyimiz pul verilsin sonra çıxaq. Yəni ilyarım gözləmək təklifi ilə razılaşmadıq.

Bizim tələbimiz odur ki, hazırkı şəraitimizin eynisi bizə təqdim edilsin, biz də bu evdən çıxaq” Nərimanov Rayon İcra Hakimiyyəti Meydan TV-nin suallarını cavabsız qoydu .

Ana səhifəVideo”Bizim şəraiti təmin etsinlər”