Bizim paxıllığımız

Və ya 8 mart sonrası…

Source:

Bəli, biz paxılıq. Bunu hamımız çox yaxşı bilirik. Məsələn, bu yazını yazanda da yaxşı bilirdim ki, bizimkilər məni tənqid yox, məhz təhqir edəcəklər. Tənqidin nə demək olduğunu öyrənə bilmədik iki əsrdir. Tənqidə açıq olsaydıq Axundzadədən bu yana tənqid edən ziyalılardan soruşardıq, “axı siz nə istəyirsiniz?” Bəlkə, elə onlar düz deyirdi. Tənqidlərdən dərs çıxara bilmədik.

Bəli, əsasən də qadınlarımız dərs çıxara bilmədi. Axundzadənin yaratdığı bu xalq 150 ildə dəyişə bilmədi, dəyişikliyə getmədi. Mentaliteti seçdi. Bizim Malalamız olmadı. Malala kimdir? Malala Yusifzay. Bəli, bu qadın bu il Nobel mükafatına layiq görülüb. Özdə bilirsiniz hansı cəmiyyətdə? Adını eşidəndə dodaq büzdüyünüz Əfqanıstanda! Mükafata layiqliylinə gəldikdə isə, əlbəttə, layiq idi.

Qadının məktəbə, dərsə getməyinin ərə getməyindən aşağı tutulduğu cəmiyyətdə, qadının təhsillə məşğul olmasını qətiyyətlə istəyən qadın qəhrəmandır. Ona 100 Nobel mükafatı verilsə də azdır. Qız uşaqlarını məktəbə aparmaq üçün Taliban gülləsinə tuş gəlsə də, bu yolda dirənmək əsl qəhrəmanlıqdır.  18-ci əsrin ortasından, 20-ci əsrin axırlarına qədər Azərbaycanda bir qadın çıxıb demədi ki, bu qədər dramaturq, yazıçı, tənqidçi düz deyir, biz elmlə məşğul olmalıyıq, dolma bükməklə deyil.

Çünki, onlara ərə getmək xeyir edirdi. Gəlin, səmimi olaq, xanımlar. Rahatçılığınızı Çar imperiyası, Sovetin repressiya maşını ilə mübarizəyə qurban vermədiniz. Bugünkü əziyyətiniz də elə onun bəhrəsidir. Malala olmadınız. Bizim Malalamız H.Z.Tağıyev olmuşdu, Bakıda qızlar məktəbi açaraq. Sizi onu da bəyənmədiniz, “müsəlmançılıq” damarınız qabardı. Tağıyevi qızlarınızı pozmaqla kişilər yox, elə məhz qadınlarınız damğaladı.

Bizim cəmiyyətdə paxıllığı bilirsiniz, ən çox harda hiss edirsən? Əgər sən zamanında vaxtını nəsə boş bir işə həsr edib, sonra kitaba, elmə həsr edəndə. Belə etmək olmaz. Bunu bizimkilər deyir. Fılankəs keçmişdə belə olub? O, nə vaxtdan ağıllı oldu? Başlayırlar başından basmağa. Özünü inkişaf elətdirmək mümkün deyil. Gərək anadan olanda alim olasan. 150 ildə Axundzadənin, Məmmədquluzadənin tənqid etdiyi pyeslərdə necə idiksə, indi də eləyik. Çünki, biri öz şəxsi inkişafı yolunda qalxmaq istəyir, kənardan hamı başlayır mız qoymağa.

Özləri “göysatan” olduğu üçün elə hamını elə görmək istəyirlər. Keçmişdə səhvin olubsa, bizimkilər elə başa düşür ki, onu düzəltmək olmaz. Elə sən o olmalısan. Şəxsi inkişafın üstündə elə oturublar ki, kənara çəkilsələr, bilirlər ki, özlərinin həyatda heç nəyə nail olmadığı üzə çıxacaq. Diplomu kənara atıb, bazarda alver yolunu seçən toplum dəyişikliyə nail ola bilməz. Nail olsaydı, öz inkişafına nail olardı.

Bu gün mentalitet yolunu seçənlər, çox yaxşı bilirlər ki, o yoldan çıxsalar, özlərinin əslində yalançı, qeyri-səmimi biri olduğu ortaya çıxacaq. Elə dövlətin yeritdiyi siyasət də bir növ özümüzün etdiyi hərəkətlərdən ortaya çıxır. Ətrafımızdakı insanların inkişafına, qadınların xaricdə təhsil almasına yaxşı baxmayan insanlar, paxıldırlar. Eyni siyasəti də hökumətimiz bizə tətbiq edir. Hər addımda təhsilin, elmin inkişafına badalaq vurur. Çünki, elə orda təmsil olunanlar da bizim içimizdən çıxıb. 150 ildə dəyişməyən bu toplumun içindən çıxıb. Nə gözləyirik axı? Mən çox şey gözləmirəm. Hüququmuzu bizə heç kim verməli deyil, o sizindir, tələb edin və alın!

Ana səhifəMənim FikrimcəBizim paxıllığımız