Bizim həkimlər

Tibb bacısı ağzımın suyunu silmək istəmədi…

Source:

Onurğamdan aldığım travmaya görə əməliyyat olundum.Əməliyyatım yeddi saatdan çox çəkdi. Əməliyyatdan sonra məni xəstəxananın “Ağır reanimasiya şöbəsi”nə yerləşdirmişdilər. Ətrafımda ağır xəstələr və tibbi personal var idi. Heç taqətim yox idi. Tibb bacısından ağzımın suyunu silməyi rica etdim. O mənə gözləməyimi tapşırdı. Uzun müddət gəlmədiyini görüb, onu bir də çağırdım. Tibb bacısı onu ikinci dəfə çağırmağıma hirslənib, üstümə qışqırdı. Dedi:

Səndən başqa xəstə yoxdur burda?!

Əsəbiləşdim, ondan işini icra etməyi tələb etdim. Mübahisəm nəticə vermədi, o, acığa düşüb, gəlmədi. Əvəzində başqa tibb bacısı kömək etdi. Mən də həmin tibb bacısından şöbə müdirinə şikayət etdim.

Əməliyyat həkimim və anestezioloqum çox yaxşı insanlar idi. Xəstəxanada yatdığım müddətdə mznz ruhən çox dəstək olurdular. Amma əməliyyat həkimim bizə xəbərdarlıq eləmədi ki, xəstəxanadan çıxan kimi, reabilitasiya mərkəzlərində daimi müalicə alım. Xəstəxanadan çıxandan sonra, evdə yeddi ay boşuna itirdim. Bakıdakı reabilitasiya mərkəzi barədə atamın tanışı vasitəsilə xəbər tutub, getdik. Orda fizioterapiya və müalicələrin mənə müsbət təsiri oldu. Yataq şəraitindən qurtulub, əlil arabasına otura bildim.

Yay ayında Ukraynadakı sanatoriyaya müalicəyə getmək istəyirdim. Reabilitasiya mərkəzindəki həkimim isə məsləhət gördü ki, getmiyim. Guya hələ vəziyyətim ora uyğun deyil. Halbuki, getsəydim, daha yaxşı olardı. Həkim bunu naşılığı ucbatından elədi. Növbəti il Ukraynada oldum və görüb, əmin oldum ki, vəziyyəti çox ağır əlillər də müalicə alır və daha yaxşı olurlar.

Ümumiyyətlə, travmadan sonra öz həyat tərzimin və müalicələrimin daha effektli şəkil almağının yollarını həkimlərdən yox, məndən daha əvvəl travma almış əlillərdən öyrənmişəm. Həkimlər yeni travma almış insana və yaxınlarına başa salmırlar ki, necə davranmaq lazımdır ki, əlilin bədəninə yara düşməsin, sidik və böyrək kisəsində daş əmələ gəlməsin, bədəninin işləməyən əzələlərini tonusda saxlasın, yataq şəraitində və oturanda nələrə diqqət etsin, psixologiyasının korlanmasının qarşısını necə alsın, isti və soyuq havalarda əks təsirlərdən necə mühafizə olunsun.

Buna görə də, neçə əlil tanıyıram ki, bədənini yaralar basıb, bədənində gigiyeniya qaydalarına riayət etmir, əzələlərində atrefiya gedib, bir sözlə, vəziyyəti acınacaqlıdır.

Bizim ölkədə ən çürük sahə – maariflənmə sahəsidir. Bu sahə hər tərəfdən qanqrena olub. Insan şüuruna ən təsirli vasitə olan televiziyalarımız insanları normal maarifləndirməyə tövbə etdirib. Halbuki, televiziya bu sahə üzrə normal maarifləndirmə aparsa, belə hallar xeyli azalar.

Əməliyyatdan sonra xəstəxananın “Ağır reanimasiya şöbəsi”ndə 28 gün yatdım. Orda tibb personalının qeyri-peşəkarlığına görə, sağ ayağımın dabanında yataq yarası əmələ gəldi. Daha sonra bu yaranı həkimlər yox, məhz anam sağaltdı. Ordakı tibb personalının çoxu isə mənə yalnız müştəri gözü ilə baxırdılar. Xəstəxananın divarında bir tablo var. Ki, bu dərmanlar xəstələrə pulsuz verilir, amma mən əməliyyata girəndə bint və yoda qədər hər şeyi atam öz pulu ilə almışdı.

Dünyada ən müqəddəs peşələrdən biri də həkimlikdi. Bu peşə insanların xəstələnəndə yaxşı yaşamağına, sağalmağına və ölümdən xilas olmağına xidmət edir. Bizim ölkədə isə bu peşə çox təhrif olunub. Mən çox yaxşı anlayıram ki, ümumi büdcəsi, bizim hərbi büdcəmizdən aşağı olan, böyük iqtisadi tənəzzül yaşayan Ermənistan həkimi aya 300 dollardan çox maaş alır, bizim həkimlər isə 200-250 manat. Belə olan təqdirdə də, nə qədər çətin olsa da, həkimlər gərək hippokrat andlarına sadiq qala, öz insanliqlarını unutmayalar.

Hippokratın andından: Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Həyatımı, sənətimi tərtəmiz bir şəkildə istifadə edəcəyəm.

Ana səhifəMənim FikrimcəBizim həkimlər