Bizi birləşdirən dəyər…qalıbmı?

İki gün var ki, həmin gündə baş verənlərin məzmununa və miqyasına görə milli həmrəyliyə daha çox iddia edir

Source:
Yalçın İmanov
Yalçın İmanov

İki gün var ki, həmin gündə baş verənlərin məzmununa və miqyasına görə milli həmrəyliyə daha çox iddia edir: 20 Yanvar, bir də 26 Fevral. Hərçənd, digər yaddaqalan tarixləri də nəzəri baxımdan bu sıraya aid etmək olar. Martın 31-i (azərbaycanlıların soyqırımı günü), Mayın 28-i (müstəqillik günü), 17 Noyabr (Milli Dirçəliş Günü) və s. Amma neçə on illərdir davamlı təbliğata baxmayaraq, Martın 31-i kütləvi məzmun ala, kollektiv yaddaşda özünə yer edə bilmir, niyəsə uzaq və yad gəlir. Tarixin üzü soyuqdur, bəlkə də, düz bir əsr əvvəl əcdadlarımızın başına gətirilənlər günümüzlə heç cür assosiasiya oluna bilmir ki, bilmir. Mayın 28-i böyük əhəmiyyəti və tam mənası ilə şüurlarda oturmadığından, kəskin fərqli münasibətlərə yol açır. Bir yerdə ki, müstəqillik və onun alternativi (köləlik) hələ də müzakirə edilir, fərqli fikirlərə açıqdır, orda belə günlərin milli həmrəyliyə çevrilməsi yaxın tarixin işi deyil. Hərçənd bunda sıravi azərbaycanlının müstəqilliyin dadını, duzunu, keyfi-ləzzətini öz həyatında duyub, görüb, yaşayıb hiss etməməsinin də rolu var. O biri yandan da orta və yaşlı nəslin əhvalında sovetlərin dinc və tox illərinin şirin nostalgiyası. 17 Noyabr, heç, get-gedə bu gün daha çox tarixi atavizm təsiri bağışlayır (Axtarsan, ən yeni tariximizin ilmizonikayında digər diqqətçəkən günləri də tapmaq olar).

Bu kontekstdə 20 Yanvar və 26 Fevral daha diri, daha canlı və daha çox birləşdirici faktor kimi görünür. Həm tarix çox yaxındır, yaralar açıqdır, həm də az qala hər birimiz bu və ya başqa şəkildə bu iki gündə baş verənləri öz həyatımızda, qohum-qonşunun, dost-tanışın həyatında az, ya çox yaşayıb hiss etmişik.

Hərçənd bu il hər iki faciəli günün kütləvi ziyarətində baş verənlər düşüncə üçün yeni material verməklə, bu günlərin daha çox həmrəyliyə uyğun gəlməsi ilə bağlı mühakimələri ciddi şübhə altına alır. Söhbət müxalif Milli Şura rəhbərliyi və fəallarının Şəhidlər Xiyabanını və “Ana harayı” abidəsini yad edərkən onlara yaradılan problemlərdən

gedir

.

Bu nədir? Siyasi rəqibi istənilən anda və məqamda (hətta 20 Yanvar və 26 Fevral ziyarətində belə?!) vurmaq, alçaltmaq, aşağılamaq hirsi, hikkəsi? Yoxsa, hətta 20 Yanvar və 26 Fevral faciələrinin belə əridə bilmədiyi, qaşısında aciz qaldığı dərin daxili ziddiyyət və kəskin münaqişənin aşkar əlaməti?

Sosiologiyada buna “deviant davranış” deyirlər. Yəni, insanın əməl və hərəkətlərinin onun yaşadığı cəmiyyətdə bərqərar olmuş norma və standartlara uyğunsuzluğu, normadankənar rəftar. Alimlər bu qusurlu davranışın səbəbləri sırasında sosioloji, tibbi, pedaqoji, psixoloji və s. aspektləri göstərirlər.

Bizim haqqında danışdığımız isə sosial deviasiyadır. Yəni, konkret bir insanın, fərdin yox, hakim sosial qrupun ümumi qəbul edilmiş davranış normasından kənara çıxması, yayınması.

Deviant davranış şəxsiyyətin tipiylə bağlıdır.

Biz isə cəmiyyətin tipi ilə üzbəüzük. Pis odur ki, bu tipin müayinə diaqnostikası da ortalıqda, əlimizin altında deyil.

Bəlkə bu, hətta 90-cı illərin iki ağır faciəsinin belə həmrəylik cəzibəsinin, birləşdirici-toparlayıcı əhəmiyyətinin itirilməsinin bariz əlamətləridir?

Bəlkə, bu, elə yeni milli həmrəylik dəyərləri və hadisələrinin axtarışının anonsudur?

Yaxud tərsinə, bəlkə, daha cəmi azərbaycanlıları birləşdirəcək, həmrəy edəcək başqa heç bir dəyər, birləşdirici hadisə, yaxud gün qalmayıb?!

Mən bilmirəm, dünyanın başqa hansısa xalqında, millətində ayrıca həmrəylik günü (bizdə Dekabrın 31-i) var, ya yox, təsis olunub, ya olunmayıb, ancaq işıqlı, yaxud faciəli günlərin belə həmrəy edə bilmədiyi toplumu, qupquruca günlərin həmrəy edəcəyi ağlabatan görünmür.

Yaxşı halda bu gün elə Yeni ilə əhəmiyyətsiz əlavə ola bilər.

P.S. Vaxt vardı Novruz özü də həmrəylik bayramı kimi çıxış edirdi…



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBizi birləşdirən dəyər…qalıbmı?