”Bizə su verin!”

Qazaxlılar qazılan artezian quyularından nə vaxt su çıxacağını gözləyir

Source:


Qazaxlılar qazılan artezian quyularından nə vaxt su çıxacağını gözləyir

Qazax rayonunun Kommuna kəndinin sakinlərinin su problemləri var. Onlar Meydan TV-yə müraciət edərək bildiriblər ki, kənddə iki artezian su quyusu qazılıb. Ancaq 4 ildir ki, istifadəyə verilmir:

“Həmin quyular qazılanda hamımız sevincək olduq ki, bundan sonra su sarıdan əziyyət çəkməyəcəyik, bolluq olacaq. Ancaq 4 ildir ki, həmin quyular eləcə durur, istifadəyə verilmir. Gah dedilər, açılışı olacaq, İcra Hakimiyyətindən gələcəklər. Gah dedilər bir ay, iki ay sonra olacaq. Eləcə 4 ilə qədər çəkdi”.



“Camaatın gözü qalıb yollarda”

Sakinlərin anlamadığı odur ki, əgər istifadəyə verilməyəcəkdisə, dövlət niyə xərc çəkib quyu qazdırırdı: “Bizdə olan məlumata görə digər kəndlərdə də vəziyyət oxşardır. Sanki hansısa planı doldurmaq üçün quyular qazıldı, ancaq istifadəyə verilmədi ki, verilmədi. Camaatın gözü qalıb yollarda. Deyirik, bəlkə bu gün-sabah istifadəyə verilər. Hələ bir səs yoxdur”.



“Quyuları necə qazıblar, eləcə də su versinlər”

Kənd camaatı arteziandan əvvəl də suyu daşıyırdılar, indi də. Deyirlər, kaş bu quyular qazılmasaydı, onda gözlənti də olmazdı:

“Quyuları qazıb, gözümüzü yolda qoydular. Yayda bizim üçün lap çətin olur. Əkin-biçin, mal-qara. Əslində qışın da öz çətinlikləri var. Su daşımaq nə dərəcədə asandır? Çətindir. Quyuları necə qazıblar, eləcə də su versinlər kəndə”.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2011-ci ilin dövlət büdcəsindən 3 054 066 manat, su təchizatı qurğularının istismarı və xidməti üzrə bələdiyyələrə göstərilən maliyyə yardımı ilə bağlı xərclərə isə 776 951 manat vəsait ayrılıb. Son 2 ilin (2012-2013) büdcəsindən isə “Azərsu” ASC-yə 20 000 000 manat ayrılıb. Bundan başqa, “2008-2015-ci il Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” kənd yerlərində içməli su təminatının yaxşılaşdırılmasını, kəndlərdə etibarlı su təchizatı sistemlərinin yaradılmasını nəzərdə tutur. Proqramın icra müddəti bitib, ancaq kəndlərdə camaatın su problemi bitməyib.



Dövlətin hesabına görə 2016-cı ildə bölgələrdə su problemi olmamalıdır

Su xətlərinin çəkilməsi regionların inkişafının 2009-2013-cü illəri əhatə edən dövlət proqramlarının vacib istiqamətləridir. Bura rayon mərkəzlərində, iri qəsəbələrdə və bölgələrdə yerləşən şəhərlərdə kanalizasiya və su xətlərinin çəkilməsi daxildir. Ölkə başçısı İlham Əliyevin sözlərinə görə, əhalinin sutkada 24 saat ekoloji təmiz içməli su ilə təminatı, bölgələrdə kanalizasiya şəbəkəsinin qurulması regionların inkişafında əsas vəzifədir.

Prezident 2012-2013-cü illərdə Azərbaycan Hökuməti ilə Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri” layihəsinə dair 2 saziş imzalayıb. Respublikanın rayonlarında su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulmasını nəzərdə tutan layihələrə 720 milyon dollar sərmayə qoyulub. Prezident.az saytında yerləşdirilən məlumata görə, bütövlükdə əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üzrə 61 şəhər və rayon mərkəzlərində iş görülür: “2013-cü ilin əvvəllərinə qədər regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilib və ya təmir olunub, 25 su anbarı tikilib”.



“Artezianların sənədləşdirilməsi işləri aparılır ki, istismara qəbul edilsin”

Qazax rayon icra başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Tahir Musayev Meydan TV-yə bildirdi ki, Kommuna kəndindəki artezian quyularının istifadəyə verilməsi üçün təkcə həmin artezianların elektrik xəttinə qoşulması məsələsi qalıb. Yaxın günlərdə problem həllini tapacaq: “Ötən il Qazax rayonunda 9 dənə artezian qazılıb. Bu gün də həmin artezianların sənədləşdirilməsi işləri aparılır ki, istismara qəbul edilsin. Ondan əvvəlki ili 18 artezian qazıldı və istifadəyə verildi”.



2 milyard xərclənib, bəs nəticə?

Kənd camaatı artezianların 4 il öncə, icra başçısının müavini Tahir Musayev isə ötən il qazıldığını deyir. Görünənsə odur ki, artezianlar istifadəyə verilmədiyindən, kənd camaatı susuzluqdan əziyyət çəkir. Ümumiyyətlə, 2005-ci ildən indiyədək su və kanalizasiya sisteminin qurulmasına 2 milyard manatdan artıq vəsait ayrılıb. “Azərsu” ASC bölgələrin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində çox iş görüldüyünü, kənd camaatı isə su tapmadıqlarını, İcra Hakimiyyəti problemin tezliklər aradan qalxacağını deyir. Ekspertlərsə hesab edir ki, büdcədən ayrılan vəsaitlərin xərclənməsinə ictimai nəzarət olmayıb. Nəticədə, bu sahədə problemlər olduğu kimi qalmaqdadır.

Ana səhifəXəbərlər”Bizə su verin!”