Birdən-birə özümü tənha, yazıq, aciz hiss elədim. Birdən-birə əlçatan-əlçatmaz ətrafımda üzlərdən maskalar çəkildi və onların arxasında gizlənən başqa bir sifət zahir oldu.
Nə qədər qana susamış dost-tanışım varmış?!
Mütərəqqi düşüncəli, peşəkar insan haqları müdafiəçisi, humanist, dissident, diktatorluğa, istibdada, korrupsiyaya qarşı və demokratiya uğrunda mübarizlər – az qala hamısı profillərini milli bayraqlara bürüyüb, həzz ilə, ləzzətlə, sevinclə bir-birinə “bizimkilərin onlara qan uddurduğu” haqqında məlumatlar paylaşmağa başladı.
Birinci müharibədən sağ çıxanlar kamuflyaj geyinib, “kalaşnikovu” çiyninə atıb cəbhədəki gənc əsgərlərə “ruh verməyə” yollandı.
İllərlə toplanmış uzaqvuran silah işə salındı, ön xəttə yaxın kəndlər dağıdılır, evlər yanır…
Vəcdə gəlmiş qadınlar da bu tarixi məqamın iştirakçısı olmaq istəyirlər.
“Görəsən, harda könüllü yazılmaq olar?”, – “Hə, mən də gedərdim. Vaxtilə tibb bacısı kursunu keçmişəm”…
Döyüş meydanından uzaq olanlar qarşılıqlı hirs, nifrət dərəcəsini enməyə qoymur, “düşmənin vəhşiliyini və insafsızlığını” nümayiş etdirmək üçün internet şəbəkəsindən bu münaqişəyə, bu konkret hadisələrə aidiyyəti olmayan şəkillər tapıb paylaşırlar.
Coşqunluq səngimir… “Gəbərmiş leşlərini qoyub qaçırlar, bir-iki günə Xankəndidə olarıq”, – “Gərək bu dəfə dayanmayaq, ən azı Yevlaxa kimi getməliyik”…
Bundan bir-iki gün sonra da bir-birinə “düşmənin dəyirmanına su tökməməyi” tövsiyə edən interaktiv dostlarımın əksəriyyəti düşmən itkilərinin sayına dair müdafiə nazirliyinin həqiqətlərini paylaşaraq, döyüşlərin dayandırılmasına heyfsilənirdi.
Oğullarını əbədiyyətə tapşıran qadınlar televiziya kameraları qarşısında qürur hissi yaşadıqlarını deyirdilər.
Mümkünsüz, çıxılmaz, səndən asılı olmayan hallar da olur. Lakin övlad itkisindən ağır, kədərli dərd, bəla ola bilməz… “Bizim” itkilər haqqında “onların” məlumatlarına nə qədər inanmasaq da, müxtəlif mənbələrdən gələn xəbərlər yüzlərlə insanın zərər çəkdiyi şübhələ doğurmurdu.
Lakin ara azca sakitləşdikdən sonra təhlillər yenə də “düşmənə qarşı bir yumruq kimi səfərbər olmağa hazır və yüksək döyüş ruhuna malik olduğumuzu” göstərdi – “gərək axıracan gedəydik”.
Bu axırın harada bitəcəyi, nə ilə nəticələnə biləcəyi heç kəsi maraqlandırmır. İtkilərin, döyüş meydanında qalan, şikəst olanların sayının yüzlərə çatması da “təbiətin qanunu” kimi qavranılır: “ölüm həmişə var, sadəcə bu, ən gözəl, ən maraqlı ölümdür”, – atəşkəsin yenidən pozulacagı ilə bağlı qulağına gələn səs-sədadan şövq alan xanım yazır.
Bu vəhdət hətta “rejim əleyhinə” fəalların çoxunu vəcdə gətirmişdi. Hər iki dildə sosial şəbəkədə: “Bəs deyirdiz, ölkə ölkə deyil” – posta rast gəlmişdim. Meyarlar necə dəyişkən imiş.
Əlbəttə, bu transformasiyalar birdən-birə baş verməyib, illərlə aparılan məqsədyönlü işin nəticəsidir.
Uzaq tarixi demirəm, gözümüzün qabağında baş verən hadisələr təhrif olunur. Təbliğat məqsədilə deyilən yalanlar o qədər təkrarlanır ki, yalanı yayanın özü də inanmağa başlayır.
Uşaq bağçalarına, məktəblərə gedin, divardakı şəkillərə, guşələrə baxın. “Bu, sevimli rəhbərlərimiz, bu, qəhrəmanlarımız, bu da qan yaddaşımızdır”.
Hamı rast gəlmiş olar: dili yenicə söz tutmuş bəzi 3-4 yaşlı körpələr də, soruşsan: böyüyəndə nə olacaqsan? – deyir, hərbçi olmaq istəyir ki, “filan millətdən olan düşməni” öldürsün.
Doğurdanmı kimsə bu münaqişənin həllini istəyir? Nə bir-birinizi qırıb qurtara biləcəksiniz, nə top-tüfənglə özünüzü sevməyə məcbur edə biləcəksiniz.
Bilmirəm, güzəştsiz münaqişə həlli mümkündürmü. Lakin heç kəs heç kəsə inanmır, etimad yoxdur. Əksinə, 20-22 il ərzində olan-qopan etimad da itib. Bəlkə elə beynəlxalq vasitəçilərin əsas vəzifəsi də bu illər ərzində etimad yaratmaq olmalı idi.
Üç respublikanın sərhədindəki Sadaxlı bazarında camaat bir-biri ilə nisyə alver edirdi. Topdan nisyə mal alıb, o biri ölkədə satıb, gətirib borcunu verirdin. Hərdən elə gəlir ki, sərhəd kəndlərdə qoşun olmasa, camaat bağ bostanını rahat becərmək üçün özü dil tapardı.
Bəlkə nifrət aşılamaq əvəzinə bu illər ərzində millətin bir-birinə yaxınlaşması, etimad ab-havasının yaranmasına imkan vermək lazım idi ki, “üçüncü tərəf” deyilənlər aranı qarışdıra bilməsin.
Bu aprel müharibəsində Qarabağda bir yaxşı dostumun oğlu həlak olub. İndiyə kimi zəng edib başsağlığı verməmişəm. Dilim gəlmir. Telefonla deyə bilmirəm.
Azərbaycanda doğulub, təhsil alıb, qaçqın düşənədək ömrünün böyük hissəsini orada yaşayıb, azərbaycanca da yaxşı danışır. Bu ailədə daha keçmiş dost-tanışları, qonşuları xatırlamayacaq, adlarını çəkməyəcəklər. Daha bir ailənin yaddaşına “oğlumu türklər öldürüb” həkk olundu.
Bir neçə ay bundan əvvəl sinif yoldaşım, uşaqlıq dostumu internet vasitəsilə tapmışam. Doğrusu, onun özünü yox, mən ordan çıxanda ən çoxu 4-5 yaşı olan oğlunu. İndi Rusiyada yaşayır.
Mənə lağ eləyib gülün, onun bu mesajı məni kövrəltmişdi: “Salam. Çox sağ ol hər şey yaxşıdı. Papa da yaxşıdı. Sizin sadəcə saçlariniz ağarıb. Evdə papaynan sizin şəkilləriniz var. Başa düşürəm sizi. O da hər zaman sizi xatırlayır. Dünən danışdım, sizə çoxlu salam söylüyür. Çox sevindi. Çalışaram sizi görüşdürüm. Papa da darıxıb”.
Bu görüşün baş tutması böyük sual altına düşdü. Mən daha cəsarət edib onlara yaza bilmirəm. Kim bilir, bəlkə bu 4 günlük aprel müharibəsində onların da qohumları arasında zərər çəkən olub, onların da yaddaşına “oğlumu ermənilər öldürüb” həkk olunub.
Bir nəsil dəyişib və bayaq dediyim təbliğat şəraitində böyüyüb. Nə vaxtsa yüyürə-yüyürə məni qarşılayan dostumun oğlu üçün mən daha “Əmi” deyiləm. Bu günlər postlarda ən çox işlədilən ifadələrə əsasən, dostlarımın övladları üçün mən onların vətəninin “çörəyi ilə böyümüş arxadan vurmaq üçün fürsət axtaran müdhiş, məkrli şərəfsizin biri”yəm. Yazıq dostlarım kim ilə oturub-durduqlarını bilməyiblər.
İndən belə heç kəs korrupsiyadan, seçki saxtakarlığından, ofşor qalmaqalından, insan haqlarının pozulmasından, məmurların özbaşınalığından, orduda dedovşinadan – bir sözlə, ölkədə hər hansı ədalətsizlikdən danışmasın, özünü müxalifət adlandıranlar əbəs yerə camaatı meydanlara çağırmasın.
Çünki “rejim üçün” başağrısı yaradan ən kiçik daxili narazılıq qalxan kimi, yenə “xarici düşmən bir oyun çıxaracaq” və hamı həmin rejim nümayəndələri ilə bir cərgəyə düzüləcək – münaqişənin hər iki tərəfində.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.