Şəhid anası prezidentə müraciət ünvanlayıb
“Oğlum 1994-cü ildə şəhid olub. O vaxt rəhmətlik yoldaşım Məmmədəliyə oğlum Faiqə görə dəfn pulu verildi. Təxminən 30-40 “şirvan” pul (o vaxtın kursuna görə 90 dollar) ödəmişdilər. Evdə məsləhətləşdik, həmin pula 7-8 qoyun aldıq və baxmağa başladıq”.
Şəki rayonunun Aşağı Göynük kəndində yaşayan şəhid anası Məhkurə Zamanova belə deyir. O, 5 oğul, 3 qız anasıdır. İtirdiyi oğlu Faiq uşaqlarının ən böyüyü olub:
“İtirdim, torpağa verdik. Bu vətənə görə. Amma bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bugünə qədər bizim gördüyümüz bu 40 “şirvan” pul olub. Bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, heç nə verilməyib. Həddən artıq kasıb vəziyyətdə yaşasaq da, dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq”.
M.Zamanova deyir ki, 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşaq böyüdüb. Böyük oğlu Faiqi də elə həmin daxmadan öncə iki illik əsgərliyə, sonra da 1992-ci ildə Qarabağ Müharibəsinə yola salıb:
“Faiq cəbhəyə getməmişdən əvvəl Gürcüstana getdi. Muzdla işlədi. Həmin pula həyətimizdə daşdan ev tikmək istəyirdi. Təəssüf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi evin daş divarları arasına onun tabutu “qonaq” oldu”.
Ana deyir ki, indiyədək oğluna görə onlara olunan birdəfəlik yardımdan başqa, heç nəyi qəbul etməyib. Hətta kolxozdan bayramlarda göndərilən payları da geri qaytarıb:
“Amma ailəmizə ən çox təsir edən prezidentin sərəncamı əsasında şəhid ailələri vərəsələrinə ayrılan 11000 manat pulun Dövlət Sığorta Kommersiya Təşkilatının verdiyi “5-6 manata” görə verilməməsi oldu. Bu, bizə mənəvi tərəfdən çox pis təsir göstərdi. O vaxt ödədikləri kursa görə 100 dolları bu gün 500 dollar kimi hesablayıb, deyərdilər ki, nəzərdə tutulan 11000 manatdan 800 manat çıxıb, qalanını sizə veririk. Bunu etmədilər, əksinə, bizi yardımdan məhrum etdilər”.
Məhkurə Zamanova deyir ki, vaxtilə ödədikləri 90 dollara görə bu gün birdəfəlik ödəmədən imtina etmələri başa düşülən deyil:
“Heç olmasa şəhidin “qan pulu”na göz dikənlər əvvəlcə ermənilərdən soruşaydılar ki, siz niyə 1993-cü ildə Zəngilan cəbhəsində Daxili Qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq”in başına 3 milyon rubl pul qoymuşdunuz?”
Ana deyir ki, oğlunun döyüş yoldaşları bu barədə ona danışıblar. Çünki Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin muzdlulardan ibarət peşəkarlarının bütün sərhəd boyu hücumlarının qarşısını alıb və qarşı tərəf hər hücumdan sonra xeyli canlı qüvvə itirərək geri çəkilmək məcburiyyətində qalıb:
“Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olub və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak edib”.
Məhkurə Zamanova deyir ki, Zəngilanın işğalından sonra Faiq Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında döyüşüb:
“Təəssüflər olsun ki, o vaxt daxili qoşunların briqada komandirinin müavini vəzifəsini icra edən polkovnik Sabir Şabanovla aralarında davam edən soyuq münasibətlərə 1994-cü ilin yanvarın 27-də, saat 16:00-da son qoyulur. Belə ki, o zaman Namiq oğlum da Faiqin yanında könüllü olaraq birlikdə cəbhədə döyüşürdülər. Yanvarın 27-də gecə döyüşdən sonrakı istirahət vaxtı S.Şabanov Faiqin otağına daxil olaraq özü ilə daha iki nəfəri götürüb təcili olaraq yaxınlıqdakı təpədən düşmən mövqeni müşahidə etməyə getməyi əmr edir. Namiqin dediyinə görə, Faiq ona qalmağı tapşırır və özü ilə iki nəfəri götürüb Şabanovla gedirlər. Bu onun son gedişi olur. Belə ki, Şabanov əvvəlcədən təyin etdiyi koordinata çatdıqda əmr verir ki, qabaqda Faiq olmaqla üçbucaq (sacayağı) formada düzlənib müşahidəyə hazır olsunlar. Özü isə 40-50 metr kənara çəkilərək durbinlə qarşı tərəfi müşahidə etməyə başlayır və elə bu anda, saat 16-00-da hər üç əsgərin düz ortalığına əvvəlcədən hesablanmış koordinat üzrə mina mərmisi düşür. Və hər üç əsgərimiz şəhid olurlar. Faiqi yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn etdik”.
Ana deyir ki, bu gün vətən üçün canından keçənlərin xatirəsinə hörmət edilmir:
“Budur, bu gün bizim şəhid ailəmizə qoyulan qiymət də göz qabağındadır. Ədalətsizliklə üzləşmişik. Və bugünə kimi heç bir imtiyazdan istifadə etmədiyimiz halda, Dövət Sığorta Şirkəti vaxtilə ailəmizə etdiyi cüzi yardımı filə döndərib. Deyir ki, şəhid Faiq Əbdürəhmanovun vərəsəsinə yardım verilib. Bir daha deyirəm, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş, bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq, amma kimsəyə əl açmamışıq”.
Məhkurə Zamanova sonda prezident İlham Əliyevə müraciət edərək xahiş edir ki, Sığorta şirkətinin 1994-cü ildə ailəsinə etdiyi cüzi ödəmənin məbləğini çıxdıqdan sonra birdəfəlik ödəmənin qalan hissəsini hərbi qulluqçu olmuş şəhid oğlu Faiq Əbdürəhimovun vərəsəsi kimi ona ödənilməsinə kömək etsin.