Bəli, sual işarəsi təsadüfən qoyulmayıb. Xam adam siyasi səhnəyə tamaşa edib heç cür anlamaz ki, bu il bu ölkədə prezident seçkiləri keçiriləcək.
Arif adam anlayır ki, Azərbaycanda seçki adlanan ictimai-siyasi tədbir xalqımızın şanlı ənənələrinə uyğun olaraq 1970-ci illərdə plandan əlavə öhdəliklərin vaxtından əvvəl artıqlamasilə yerinə yetirilməsi kimi bir şeydir.
Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticələrini elan etməsi pambıqçıların respublika müşavirəsində raykom katiblərinin şəxsən yoldaş Əliyevə qələbə raportları verməsinin “xalası oğlu”dur.
İlham Əliyevin say-seçmə vətən oğulları qarşısında Konstitusiyaya sədaqət andı içib növbəti müddətə dövlət büdcəsinə və neft-qaz pullarına atalıq qayğısı göstərməyə girişməsi isə yoldaş Əliyevin Moskvada əziz Leonid İliçdən növbəti keçici Qırmızı Bayraq almasının doğmaca “bibisi oğlu”dur.
Xalq o zaman da, indi də çəpik çalmaqla məşğuldur. Daha doğrusu, xalqın 99,99 faizi bütün bu olaylara adi dolalay kimi biganə tamaşa edirdi və edir, tədbirdən mənfəət götürən 0,001 faiz mərasimdə fəal iştirak edib banketin non-stop davam edəcəyini gözləyir.
Buradan da məntiqi və qaçılmaz bir sual doğur: Ayə, bu Azərbaycan xalqı demokratiyaya, yaxud demokratiya Azərbaycan xalqına layiqdirmi? ABŞ prezidentliyinə milyarder şoumen Donald Tramp cənablarının seçilməsindən sonra belə bir sualın verilməsi əsla qəribə görünməsin.
Təbii ki, seçkini saxtalaşdırıb öz hakimiyətinə qanuni don geyindirən şəxslər inadla deyəcəklər ki, “xalqın gözü tərəzidir”, xalq həqiqətən onun qayğısını çəkən şəxsə, yaxud siyasi qüvvəyə səs verib və ona öz müqəddəratını tapşırıb. Ağzı vəzifə axurundan uzaq düşmüşlər isə deyəcəklər ki, “xalq ona səs verməyib, saxtakarlıq olub” və sairə həmişəki dilxoşluqlar.
Necə də olsa, bu il Azərbaycanda prezident seçkisi keçirilməlidir.
2003-cü ildən bəri bu kürsüdə əyləşmiş İlham Əliyevin hakimiyyəti kiməsə vermək niyyəti əsla yoxdur.
Niyə də versin? Kim ona mane ola bilər ki, dördüncü, beşinci və altıncı dəfə öz hakimiyyətini seçki adlandırılan mərasim vasitəsilə qanuniləşdirsin?
Müxalifət? Hakimiyyətin məqsədyönlü və ciddi fəaliyyəti nəticəsində müxalifət qeybə çəkilib.
Xalq? Ondan soruşan varmı?
Ziyalılar? Məni güldürməyin.
Xaric? Nöyüt və qaz gəlirsə, xaric şadlığına niyə şitlik etsin?
Lakin kim də desə ki, hakimiyyəti seçki məsələsi əsla narahat etmir, yanılar. Narahatlıq üçün əsas var. Olmasaydı, referendum keçirməzdilər, Birinci vitse-prezident təyin etməzdilər. Daxildə gözə görünməyən şiddətli yorğanaltı çəkişmələr getməzdi.
Gəlin fikirləşək, bu narahatlığın səbəbləri var, yoxsa biz özümüzü aldadırıq?
Hakimiyyət seçkiyə necə gedir? Qələbə raportları üçün əsas varmı?
Əvvəllər hakimiyyətdən hesabatı Moskva tələb edirdi, doğru-yalan nəyisə düzüb-qoşub raport verirdilər. İndi isə kim hesabat tələb edəcək? Moskvaya bircə şey lazımdır: Bakı onun əziz-xələf Qarabağ qarmağına dəyməsin. Əgər bu şərtə əməl edirsə, qoy qalıb öz xalqını və ərazisini idarə etsin.
Avropaya lazımdır ki, əvvəla, neft və qaz axını kəsilməsin, Azərbaycandan mümkün qədər az adam Avropaya köçsün. Hakimiyyət hər iki şərtə imkanı daxilində əməl edir.
Xalqa lazımdır ki, çörək və əyləncə olsun. Çörək hərdən azalır, hərdən artır, lakin heç vaxt kəsilmir. “Buna da şükür” şüarı ilə yaşayan məxluq əsla etiraza qalxmır. Əyləncə isə boldur, telekanallar səhərdən axşamacan şit və bayağı əyləncə verilişləri ilə nümunəvi YAP-çı vətəndaş yetişdirir.
Yarımcan müxalifətdən bayaq dedik, onu saya almamaq mümkündür.
Yenə gəlirik hakimiyyətdaxili münasibətlərə. Hakimiyyət daxilində bir neçə adam var ki, topladıqları nəhəng sərvət onları dingildədir, əlaltdan da olsa, siyasi iddialarını təmin etmək üçün hansısa tədbirləri görməyə sövq edir. Hakimiyyətdəki son addımlar məhz belə iddiaları qabaqlamaq üçün atılmışdır.
Bu dəfə hakimiyyətə İlham Əliyev özü namizəd olacaq. Olacaq və “seçiləcək”. Siyasi səhnənin indi yürüdülən təmizlənməsi siyasəti daha beş il davam etdiriləcək. İndi yüngülcə dingildəyən fərdlərin çıxdaş edilməsi siyasəti davam etdiriləcək. Siyasi rəqib siyahısından adları əməlli-başlı silinmiş varlı adamların sayı tədricən, lakin aramsız artacaq.
Haradadır Rəsul Quliyev? Haradadır Əli İnsanov? Haradadır Ziya Məmmədov? Haradadır Eldar Mahmudov? Haradadır Fazil Məmmədov?
Bir azdan siyasi səhnəyə tamaşa edən istənilən şərhçi indi üzdə olan iki-üç adı da əlavə edib soruşacaq: onlar haradadır?
Təbii ki, onlar, əgər özlərini düzgün aparsalar, sağ və səlamət yaşayacaqlar, hətta böyük zəhmət hesabına topladıqları sərvətin beş-on faizini özlərində saxlamağa icazə verəcəklər. Gördükləri və yaşadıqları təcrübə müqabilində onlar, lap elə xalqın əksəriyyəti kimi, “buna da şükür” deyəcəklər.
Ay keçib il dolanacaq, ta o biri seçkilərdə tam boşaldılmış siyasi səhnədə birinci ledi peyda olub parlaq qələbə qazanacaq, iki-üç möhlət də olan-qalan ölkəni idarə edəcək.
Ondan sonra hakimiyyətin həmin vaxt yeganə və layiqli sahibi Heydər İlham oğlu Əliyevin prezident kürsüsündə əyləşmək növbəsi çatacaq. Olan-qalan xalq böyük həvəs və coşqunluqla ona səs verəcək. Heydər Əliyevin seçki proqramında seçicilərə verəcəyi ən mühüm vədlərdən biri də Qarabağın dinc yolla Azərbaycana qaytarılması olacaq.
Yeri gəlmişkən, bu il Misirdə də prezident seçkisi keçiriləcək
Misrin beş min illik tarixində ilk və yeganə şəffaf və ədalətli seçkidə qələbə qazanmış və indiki prezident Əbd-ül-Fəttah əs-Sisi tərəfindən qanlı çevriliş yolu ilə devrilmiş professor Muhamməd Mursi hələ də zindandadır.
Prezidentliyə öz iddialarını bildirmiş namizədlərin isə taleyi aşağıdakı kimidir:
Namizədlik iddiasını bildirmiş polkovnik Əhməd Kansava tutulub altı il həbs cəzası alıb. Namizədlik iddiasını bildirmiş sabiq Baş nazir general-polkovnik Əhməd Şəfiq qorxudulub geri çəkilib. Namizədlik iddiasını bildirmiş sabiq Baş Qərargah rəisi general Sami Annan oğurlanıb. Sabiq prezident Muhamməd Ənvar əs-Sadatın qardaşı oğlu, İslahat və Tərəqqi partiyasının lideri Muhamməd Ənvar İsmət əs-Sadat elan edib ki, namizədliyini vermək fikrindən vaz keçib. Hələ də namizəd sayılan vəkil Xalid Əli elan edib ki, geri çəkilmək məsələsini müzakirə edir.
Beləliklə, Misirdə də, lap elə Azərbaycanda olduğu kimi, seçki mətləbi iflasa uğrayıb.
Buradan da belə nəticə çıxır ki, Husni Mübarəkın Bakıdakı heykəlini götürməkdə hakimiyyətimiz bir az tələsib.
O kişi gərək Bakıda oturduğu yerdə oturaydı.
Belə-belə işlər.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.