Yenə eyni mövzu. Nəsə dəyişəcəkmi? Bilmirəm. Qadınları aşağı saymaq uğrunda Azərbaycan kişisinin mübarizəsi davam edir. 100 illərdir, gedir. Amma bitmir. Nə qadınlar tam azad ola bilir, nə də kişilər qələbə qazana bilir.
Bir rəvayət var. Tazı ceyranın ardınca qaçır. Ceyran qaça-qaça ona deyir ki, “sən heç vaxt mənə çata bilməyəcəksən”. Tazı niyəsini soruşanda ceyran deyir ki, “çünki mən həyatım üçün qaçıram, sən isə sahibinə daha çox yarınmaq üçün”.
İndi bu vəziyyətdə də qadınların arzusu fitridir. Onları mübarizəyə sövq edən daxildən gələn hissdir, insanın təbiətində var olan nəsnədir. Bu, insanı insan edən azadlıqdır. Kişinin istəyi də fitri ola bilər, amma azadlıq qədər ilkin, təbii ola bilməz. Başqasını özünə tabe etmək istəyi azadlıqan qədim deyil. Onunla yaşıd da deyil.
Biz təbiətdən, ölümdən, təsadüflərdən azad olmaq uğrunda mübarizə aparanda hələ patriarxat yox idi. Ona görə də, kişi işğalı heç vaxt başa çatmayacaq. 19-cu əsrdə də Azərbaycan qadınları sıxışdırılırdı. Əgər onlar kişilər istəyən kimi olsa idilər, heç sıxışdırmağa da ehtiyac olmazdı. Onlar heç vaxt elə olmayıblar. 19-cu əsrdə də, qadınları zəncirləyən onlarla ayəsi olan Qurani-Kərim gələndə də, ondan əvvəl də. Heç vaxt da olmayacaqlar, yoxsa bu, təbiətə zidd olardı.
Yalnız kişilərin apardığı mübarizə nəticəsində əldə edilən dəyərlər yarımçıq olacaq, qurulan cəmiyyət axsaq olacaq. Bunu təkrar-təkrar yazırıq, amma hamı da bilir bunu. Yenə də öz mənasız mağara təfəkkürlərinə qalib gələ bilməyən kompleksli, özünü təsdiq üçün qadına qadağalar qoyan yazıq kişilərimiz hələ də geri zəkalarını irəli gəlməyə qoymurlar.
Empati, “özünə rəva görmədiyini başqasına rəva görmə” hissləri bu işin əsasıdır. Sən mübarizə aparırsansa, qadın da apara bilər, çünki bu mübarizənin nəticəsində əldə olunacaq dəyərlərdən hər ikiniz istifadə edəcəksiniz. Sən öz arvadına, nişanlına, bacına, anana nəyisə qadağan edirsənsə, gərək başqalarına da bunun qadağan olunmuş, ayıb bir şey olduğunu anladasan.
Sən sevgilini mitinqə çıxmağa qoymursansa, deməli, mitinqə çıxan qadınları pisləməli, bunun ayıb bir iş olduğunu deməlisən. Əks təqdirdə sən ayıb iş görürsən. O zaman sən ali dəyərlər uğrunda necə mübarizə aparacaqsan? Axı sən özün ayıbsan.
“Qadınlar insandır” deyənin ağzından vurub “biz bunu anlayırıq” demək asandır, anlaya bilərsiniz, amma tətbiq etməyə cəsarət istər, irəli düşüncəli beyin istər, ürək istər. Sən gəncliyindən azad şəkildə sekslə məşğul olub evlənməyə bakirə axtarırsansa, mitinqə çıxan qızları profil şəkli edib öz arvadını meydana çıxmağa qoymursansa, “qadınlar insandır” sözünü yaz alnına ki, hər güzgüyə baxanda görəsən, bəlkə, beyninə oturdu. Qadınlar insandır və bunu bizim cəmiyyət hələ də dərk etmir. Bu cəmiyyət üçün 2 hal həqiqət ola bilər: ya insan deyə bir şey yoxdur, kişilər və onlardan aşağı qadınlar var. Ya da kişilər insandır, qadınlar yox.
Heç biri düzgün deyil, əlbəttə. Bu qədər banal şeyi yazmaq gülünc görsənə bilər. Amma həqiqəti ifadə edən vasitə gülünc deyil. Gülünc, biabırçı olan həqiqətin özüdür. Cəmiyyətin, davranışlarımızın yaratdığı, dözdüyümüz həqiqətin özü. Sən mitinqə çıx, arvad evdə yemək bişirsin – bu, nə qədər davam edəcəksə, rəzil həqiqətlər və onları ifadə edən, sizin geri zəkalı beyninizdən bir az aşağıda yerləşən ağzınızla güldüyünüz belə ifadə tərzləri də davam edəcək.
Biz gülünc olacağıq, yubka geyinəcəyik, başqa mübarizə üsulu seçəcəyik, söyüləcəyik, damğalanacağıq, amma təslim olmayacağıq. Bu cəmiyyət bizimdir – bütün cinsləri, irqləri, xalqları, bütün insanları ilə….
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.