Bu dəfəki yazımda söhbət romantik anlamda yalnızlıqdan yox, ümumbəşəri anlamda yalnızlıqdan gedəcək. Doğrudanmı biz yalnızıq?
Aydın və qaranlıq gecədə sakit bir yerdə olsanız, nəzərlərinizi səmaya kökləyən zaman belə bir mənzərənin şahidi olarsınız. Gözəldir, elə deyilmi?
Elə bir insan yoxdur ki, onu bu gözəllik aciz qoymasın. Lakin çox az bir insan səmaya baxarkən düşünür: Orda, çox-çox uzaqda da kimlərsə mənim baxdığım kimi səmaya baxıb valeh olurmu? Bu sualı özünə verənlərdən biri də məşhur italyan fiziki Enriko Fermi olmuş və eyniadlı paradoksun müəllifi kimi tanınmışdır: Əgər kimsə də varsa, bəs onlar hardadırlar?
Gəlin, bir az rəqəmlərlə oynayaq. Təsəvvür edin, qalaktikamızda 100-400 milyarda yaxın ulduz var və hardasa o rəqəmlər ətrafında da qalaktikanın mövcudluğu təxmin edilir. Demək, Süd Yolunda olan hər bir ulduza bir qalaktika düşür. Xülasə, kainatda 1022 və 1024 arası ulduz var. Bu da o deməkdir ki, yerdəki bütün çimərliklərdəki hər bir kiçicik qum dənəciyinə 10.000 ulduz düşür.
Alimlərin fikrincə o ulduzlar içərisində günəş tipli ulduzlar (eyni temperaturu və parlaqlığı bölüşən) 5-20% civarındadır. Gəlin, bu rəqəmi sadəlik üçün 5% götürək. O zaman məlum olur ki (riyaziyyat elmlərin açarıdır deyilirdi sizə məktəbdə, yadınızda??), 500 kvintilyon, yəni 500 milyard milyard günəş tipli ulduz var.
Bu ulduzların da ətrafında yer tipli (eyni uzaqlıqda, eyni temperaturda və eyni kimyəvi elementlərin ola biləcəyi) planetlərin sayını da alimlər 20-50 faiz ətrafında düşünürlər. Gəlin biz son PNAS tədqiqatının nəticəsinə görə bu rəqəmi 22% götürək. Yenə riyazi bilikləri işə salaraq müəyyən edirik ki, cəmi 1%, yəni 100 milyard-milyard yer tipli planet ola bilər. Demək, hər qum dənəciyinə 100 yer tipli planet düşür (yayda Mərdəkana dənizə gedərkən bunu bir düşünün).
Bir az da irəli hesablama aparsaq (bitiririk riyaziyyatla, söz verirəm) artıq spekulyativ olmalıyıq. Tutaq ki, o sayda planetlərin cəmi bir faizində həyat yaranıb və onların da bir faizində sivilizasiya bizimki qədər irəli gedib. Bu bizə 10 milyon milyard sivilizasiya verir.
Çox uzağa getməyək, götürək elə Süd Yolu qalaktikamızı. Bu hesabata görə bizim qalaktikamızda 1 milyard yer tipli planet və 100 min şüurlu sivilizasiya olmalıdır.
Yaxşı, bu qədər hesabladıq, nəticəyə gəldik. İndi də belə bir sual ortaya çıxır: Bəs onda bütün camaat (yəni digər sivilizasiyalar) hardadır?
Kardaşyov adlı rus alim keçən əsrin ortalarında bir şkala tərtib etmişdir. O şkalaya görə, şüurlu sivilizasiyalar 3 tipə bölünür:
Tip 1- Öz planetinin verdiyi enerjidən tam istifadə edənlər. Karl Saqana görə biz demək olar ki, birinci tipə aidik. O bizə 0,97 tipli sivilizasiya deyirdi.
Tip 2- Öz sistemlərində olan ulduzun enerjisindən tam istifadə edə bilənlər. Düzdür, bizim kimi “primitiv” olanların ağıllarına belə gəlməz ki bu necə mümkündür.
Tip 3- Qalaktika səviyyəsində enerjiyə sahib olan, idarə və istifadə edənlər. Sadəcə təsəvvür belə bizim təfəkkürümüzdən qat-qat uzaqlardadır. Fərz olunur, onlar o qədər irəli gediblər ki artıq texno sinqulyarlıq yarada bilirlər. Müqayisə üçün deyim ki, biz qravitasiya dalğalarını hələ bu ay kəşf etmişik.
Hesab edək ki, bütün mövcud sivilizasiyaların cəmi bir faizi bu qədər irəliləyərək 3-cü tip olmuşdur. Belə çıxır ki, hardasa 1.000-ə yaxın 3-cü tip sivilizasiya elə bizim qalaktikamızda var.
Nəzərə alsaq ki onların fəaliyyəti nəzərə çarpacaq qədər irimiqyaslı olacaq, biz onları ən azı uzaqdan da olsa görə bilərik. Amma, biz onları nə görürük, nə eşidirik, nə də onlar bizi ziyarətə gəliblər. Bəs hardadırlar onlar?
Fermi paradoksuna xoş gəldiniz!
Bilirsiniz, qədim dövrlərdə insanlar buna oxşar məsələlərlə bağlı mübahisə edərdilər. Məsələn, yer kürə formasındadırmı, ildırımı Zevsmi göndərir, Valhalla hardadır və ora necə getmək olar tipli suallar. İndi biz də bu sual ətrafında bildiklərimiz də ildırımı Zevsmi göndərir səviyyəsindədir.
Bu paradoksun səbəbini əgər siz on alimdən soruşsanız, on müxtəlif cavab ala bilərsiniz. Təbii ki, onların içərisində doğru və ya səhv axtarmaq indiki biliklərimiz səviyyəsində sadəcə mənasızdır. Gəlin, sadəlik üçün mümkün izahları iki növə ayıraq. Tip 2 və 3 sivilizasiyaların mövcudluğu inkar olunanlar və onları qəbul edib varlıqlarına köklənənlər.
Birinci qrup: Tip 2 və 3 sivilizasiyaları yoxdur
Bu qrup fikirlərinin özəyini məşhur Böyük Filtr nəzəriyyəsi təşkil edir. Nəzəriyyə ilk dəfə Robin Henson tərəfindən 1996-cı ildə irəli sürülüb. Ona əsasən, hər hansı yaşamın ömür sürdüyü zaman oxunda bir yerdə böyük bil filtr dayanır və o filtrdən heç bir sivilizasiya uğurla keçib Tip 2 və 3 ola bilmir. Lakin bu filtrin hansı zaman kəsiyində olduğu haqqında heç bir məlumatın verilməməsi nəzəriyyənin zəif nöqtəsidir. Gəlin, hesab edək ki, nəzəriyyə doğrudur. Demək, belə çıxır ki, biz ya nadirik, ya yeganəyik, ya da məhv olacağıq.
1. Biz nadirik. Böyük filtri keçmişik.
Biz o Böyük filtri keçmişik. Amma, biz onu keçən yeganə sivilizasiya deyilik. Bu ssenari nəyə görə Tip 2 və 3 sivilizasiyalarının olmamasını izah edə bilər. Həm də o bizə ümid verir ki, biz onlardan (alilərdən) biri olaq (çox-çox uzaq gələcəkdə). Ola bilər ki bu filtr həyatın başlanmasını təmin etmək üçün elə zaman oxunun lap əvvəlində dayanıb.
2. Biz ilkik.
Ola bilər ki, bizdən başqa da sivilizasiyalar var, amma biz onların içərisində hələ ki ən inkişaf etmişlərik. Digərləri hələ primitiv hüceyrə səviyyəsindən yeni çıxıblar. Son illərdə bizim kainatın uzaq nöqtələrindən qeydə aldığımız qamma şüaları o planetlərin səthində baş verən vulkanik aktivliyin və ya digər geoloji aktivliyin izləri ola bilər. Əgər yerdəki geoloji aktivliyi həyatın yaranmasının başlıca səbəbi kimi qəbul etsək, bu bizi optimist olmağa sövq edir.
3. Biz öləcəyik. Filtr qabadadır.
Söhbət əlbəttə ki, bir sivilizasiya səviyyəsində ölməkdən gedir. Təsəvvür edin, biz o zaman kəsiyinin böyük qismini keçmişik və bizi qarşıda o filtr gözləyir. Onu da bizə qədər heç kim keçə bilməyib. Vahiməli ehtimaldır..
İkinci qrup: Tip 2 və 3 sivilizasiyaları mövcuddurlar.
Bu qrup fikirləri daha optimist xarakter daşıyırlar. Fəlsəfədə sıradanlıq prinsipinə görə (mediocrity principle) nə yer, nə də biz, insanlar kainatda xüsusi, əlamətdar mövhumat deyilik. Düzdür, biz bizdən digər şüurlu sivilizasiya aşkar edənə qədər bu prinsipin tam doğrunu olduğunu əminliklə söyləyə bilmərik. Xülasə, sizə 10 maraqlı nəzəri səbəb təqdim edirəm:
1. 2 və 3-cü tip sivilizasiyalar bizi ziyarət edib, sadəcə bu çox-çox əvvəllər olub. Nəzərə alsaq ki, yazılı tariximiz maksimum 5.500 il keçmişə gedir, ola bilər ki, bizim ulu əcdadlarımız mağaralarından çıxanda onları təsadüfən görüblər, sadəcə nə gördüklərini dərk etməyiblər.
2. Əslində, onlar qalaktikamızı fəth ediblər, sadəcə biz çox uzaqda yaşayırıq deyə, hələ növbə bizə gəlib çatmayıb. Bu yaxşıdır ya pis, onu hələ demək olmaz.
3. Onlar o qədər inkişaf ediblər ki, onların kimlərləsə kontakt qurmağa ehtiyacları yoxdur, sosial və digər bizə həyati vacib olan bağlar onlarda yoxa çıxıb.
4. Bəzi vəhşi sivilizasiyalara görə onlar kainata siqnal göndərib, öz yerlərini göstərmək istəmirlər. Adətən bu tip ssenarilər sci-fi tipli oyunlarda və kitablarda çox geniş müzakirə olunur Hətta Karl Saqan da yadplanetlilərin nə qədər sülhsevər olduğuna təkid etsə də, bu ehtimalı da həmişə nəzərində saxlamışdır.
5. Kainatda yalnız bir super inkişaf etmiş sivilizasiya var, onlar özlərinə yaxın səviyyəyə qədər inkişaf edənləri məhv edirlər və bir gün növbə bizə də gəlib çatacaq. Bəlkə elə o Böyük filtr onlardırlar?
6. Bizlə digər sivilizasiyalar əlaqə yaradır, amma hökumət bunu insanlardan gizlədir. Düzdür, nə qədər absurd səslənsə də, bu haqda çox danışılır. Bildiyiniz conspiracy theory..
7. Ali sivilizasiyalar bizim mövcudluğumuzu bilirlər və hətta bizi müşahidə də edirlər. Məşhur Zoopark nəzəriyyəsi bu haqdadır. Onlar bizim tipli bütün planetləri “bax, amma toxunma” prinsipi ilə müşahidə edirlər. Onlar o qədər ağıllıdırlar ki, bunu biz hiss etmədən edə bilirlər. Maraqlı olduğu qədər də vahiməlidir. Özüm də heç vaxt zooparkda olmamışam..
8. Onlar var, lakin biz onları görüb hiss etmək üçün çox primitivik. Məşhur amerikalı alim Miçio Kaku bunu belə təsvir edir: təsəvvür edin ki, meşənin ortasında bir qarışqa yuvası var. Onun da yaxınlığından sürətli yol (şosse) keçir. O qarışqalar bu yolun nə məqsəd daşıdığını, onun necə salındığını və ona aid digər bilgiləri dərk edə biləcəklər? Yəni biz ola bilsin ki, o qarışqalarıq və o yolu dərk edə bilmirik.
9. Onlar bizə siqnal göndərirlər, sadəcə biz lazımi yerə baxmırıq. Əlinizdə qələm ola-ola qələm axtardığınız yadınıza gəlir? Bunu da onun kimi təsəvvür edin.
10. Bizim bütün kainat, fizika, astronomiya anlayışlarımız çox primitivdir və həqiqətdən uzaqdır. Reallıq anlayışımız düzgün deyil. Əslində kainat hansısa holoqram tipindədir və biz bunu əvvəldən səhv dərk etmişik? Fərziyələr çox ola bilər bu barədə, sadəcə fantaziya ilə sərhədlənir.
Bütün bunları düşünərkən isə məni qarışıq hisslər bürüyür. Çünki, biz yalnız olsaq da, olmasaq da bu eyni dərəcədə vahiməlidir.
Mənbələr:
1. Erik A. Petiguraa, Andrew W. Howard, and Geoffrey W. Marcy: Prevelance of Earth-sized planets orbiting around Sun-like stars: http://www.pnas.org/content/early/2013/10/31/1319909110.abstract
2. Кардашёв Н. С. Космология и цивилизации //Древняя астрономия: небо и человек
3. Ray Kurzweil: The Law of Accelerating Returns: http://www.kurzweilai.net/the-law-of-accelerating-returns
4. John A. Ball: The Zoo Hypothesis