Biz və başqaları…

Qonaqpərvərliyimizin nəticələri

Source:

– Ay uşaq, ordan yaxşı bir xörək bişirin, axşam qonağımız gəlir!

– Hardan bişirək?!

– Nə bilim hardan? Deməyiblər ki, allah qonağın ruzusunu özündən əvvəl yetirər? Baxaq görək nə yetirir, barı qonaqla bahəm bizim də ağzımız dada gəlsin…

Bu arada qonşu arabada külfətin tək ümidi boz keçini gətirib gəlir ki: “Ayağı təkərə düşdü, haram olmasın deyə başını kəsib gətirdim”. Evin kişisi bığlarını sığallayıb lovğalanır:

– Mənim proqnozum həmişə düz çıxır. Gördünüzmü, allah yetirdi…

Cəfakeş keçini bu halda görüb hər səhər bir kasa südlə aldatdığı iki uşağa sabah nə verəcəyi barədə baş çatladan qadın ərini tərs-tərs süzüb dillənir:

– Beləmi göndərəcəkdi allah qonağın ruzusunu, uşağın ağzından kəsib? Ara yerdə yazıq keçinin canı getdi, uşaqların da öynəsi …

Və bir-birinə dəyən ev adamı, qab-qacaq səsi, yır-yığış, sil-süpür, dərin saxlanclardan çıxarılıb süfrəyə düzülən şirniyyatlar, turşular… Gecəyarısına qədər davam edən gətir-götür, açıl-tökül, işığa yığılanlar, səsə gələnlər, boğazdan yuxarı sağlıqlar, öpüşmələr, sarılmalar və bir loxma yemək növbəsi gözləyə-gözləyə küncdə-bucaqda yuxuya gedən uşaqlar. Qonaqlıq əməliyyatından sonra ən azı bir-iki ay stabil ağır vəziyyətdə çabalayan ailə büdcəsi…

Yaddaşımızın özəl guşələrində yerləşib indiyə qədər qüvvədə olan əzəli və əbədi  qonaqpərvərliyimizə aid yüzlərlə belə parlaq misal var. Doğrudur, əziyyəti, borcu-xərci çoxdu, di gəl ki, bu adət artıq qanımıza işləyib. Və qonaqpərvərlik sənətində dünyanın heç bir allah bəndəsi bizim yerişimizi yeriyə bilməz. Yəni, dünya adamı iki aylıq büdcəni bir gecəyə dağıda bilsəydi, onda daha biz də adımızı dəyişib Corcdan-morcdan, Mersedesdən-zaddan qoyardıq…

Lovğalıq olmasın, istənilən əcnəbi istənilən məsələdə bizimlə ayaqlaşa bilməz. Lap elə Corcun özü. Tutaq ki, Corc dediyimiz dolların üstündəki amerikalıdı. Yəni, bir zamanlar Amerikanın prezidenti olan Corc Vaşinqton. Onlara görə ilk əvvəl amerikalı, sonra vaşinqtonlu, ən sonda prezident gəlir… Bizim tam tərsimiz! Odur ki, bircə addım qabağa gedə bilirlərmi? Yox! Çünki nə böyüyə hörmət qanırlar, nə də rəhbər qədri bilirlər. Hansı ki, bizi ağ günə çıxardan atalar sözlərimizə və nəsihətlərə qeydsiz-şərtsiz əməl etməyimizdir. Məsələn, “Göydə allah, yerdə padşah”, “Ağa deyir sür dərəyə, sür dərəyə”, “Bəy dediyin nədir, bəyənmədiyin nədir?” və sairə kimi. Məhz bu tərbiyənin bəhrəsidir ki, indiyə qədər bircə padşah, prezident, nazir, hətta JEK midiri də bizdən inciməyib. Özləri bizi incidiblər ki, belə qiymətli misallar qoyub gedən atalarımızın ruhları şad olsun.

Qaldı ki, Mersedes… Necə ki, bizdə ceyran, maral kimi o da avropada qadın adıdır. Di gəl ki, bizdən fərqli olaraq onlar sevimli zərif cinsin adına avtomobil də həsr ediblər. Məsələn, məşhur “Mersedes” markalı avtomobilin adı ixtira sahiblərindən birinin qızının şərəfinə qoyulubmuş. Dəqiq hesablamaların, çətin sınaqların, sağlam rəqabətlərin sayəsində bütün dünyanı fəth edən dəmir parçasının… Bizimkilər isə həmin “mersedes”lərdə “əjdaha Nadirin” “Maral” havasını güclü kolonkalara qoşub vaxtlı-vaxtsız xalqın beynini silkələməklə məşğuldurlar. Başgicəlləndirici sürət, güclü siqnal, və bayağı hay-küy… Gəl keyfim, gəl! Biliklə zəhmətin vəhdəti olan  mükəmməl alman texnikasında anormal “Maralşüvənlik” edənlərin şüur səviyyəsini ölçmək üçün daha bir ixtiraya ehtiyac yoxdurmu?

Söhbət “maral”da və yaxud “ceyran”da deyil, manıslarımızın “repertuarı”  azarkeşlərin “zövqü” ilə üst-üstə düşən belə nümunələrlə aşıb-daşır. Özfəaliyyətimiz elə bundan ibarətdir? Xeyr, menyuda hələ Amerikaya, Avropaya ünvanlanmış qınaqlarla, danlaqlarla dolu informasiya müharibəsi də var! Inşallah, hökümətimiz bu savaşdan da qalib çıxaraq rəqiblərimizi mat, məəttəl və peşman edəcəkdir.

Təxminən bu və ya başqa tipli həqiqətlər yüz illərdir gündəlik həyat tərzimizə pərçimlənib qopmaq bilmir. Sözsüz ki, bütün bunların bir izahı, cavabı və çarəsi vardır. Buna inanmaq və inandırmaq zorundayıq. Sadəcə beynimi bir sual deşir ki, biz niyə əsrlər boyu cürbəcür boyunduruqları eyni sədaqətlə daşımaqda davam edirik? Həm də milyonlarla adamın normal həyat səviyyəsindən xəbərdar olduğumuz halda.

Niyəsini yaxın tarixin fədakar dahiləri anlatmaq, başa salmaq, nəhayət qandırmaq istədilər, di gəl ki, isbatlı bir nəticə hasil olmadı… Bu gün mən ya özümü, ya da sözümü həmin o böyük şəxsiyyətlərlə və onların bənzərsiz qələmləriylə bir tərəziyə qoymağı heç xəyal da eləmərəm. Sadəcə hərdən nəfəs almaq üçün içində yanıb kömürə döndüyümüz, amma heç cürə bişə bilmədiyimiz qazandan bir-iki çömçə boşaltmağa çalışıram. Nəhəng yanğını söndürmək üçün dimdiyində bir damcı su gətirən sadəlövh sərçə kimi…

P.S. Nə qədər sadəlövh olsam belə, güclü bir yazı əmələ gəldiyini düşünmürəm. Amma ən azından düşündüyümü yazdığımı düşünürəm…

Ana səhifəMənim FikrimcəBiz və başqaları…