”Biz özümüz üçün danışırıq?”

Tələbələrə güzəştlər istənildi

Source:


Tələbələrə güzəştlər istənildi

Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa əsasən, bu ilin sonuna qədər mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin dəqiq müəyyən edilməsi işləri yekunlaşdırılacaq. Bundan sonra hər il dövlət büdcəsindən DSMF-yə nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar isə Fondun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi hesabına mümkün olacaq. Pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib. Birinci istiqamət, 1992-ci ilə qədər əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir. Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək. Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-nə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda “Əmək pensiyaları haqqında” qanunun 19-cu və 20-cu maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərindən ibarət komissiya yaradılıb. Komissiya Bakının Xəzər və Xətai rayonlarında uçotda olan pensiyaçıların işlərini tam araşdırıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmləri müəyyən edilib. Eyni zamanda Lerik və Qax rayonlarında da bu işlər aparılmaqdadır”.

Müzakirələrdə deputatlar bir sıra təkliflərlə çıxış ediblər.

Zahid Oruc
Zahid Oruc

Qubada tonlarla alma yerdə qalıb çürüyür

Deputat Zahid Oruc deyib ki, son 10 il ərzində bölgələrə qoyulan 50 milyard manata yaxın vəsait orada müsbət nəticəsini versə də, indiyədək bölgələrdə açılan zavod və fabriklərin heç də hamısı bazar iqtisadiyyatının minimum rəqabətinə dözməyib: “Bir qismi ya sıradan çıxıblar, ya da yarımgücü ilə fəaliyyət göstərirlər. Bir neçə gün əvvəl Quba rayonunda olarkən tonlarla almanın yerdə qalıb çürüdüyünü gördüm”. Deputatın sözlərinə görə, bütün rayon üzrə bunun çəkisi min tonlara çatır, nəticədə, insanlara milyonlarla manat ziyan dəyir: “Əvəzində nə qədər ürəkağrıdan mənzərə olsa da, bütün respublika bazarları İrandan gələn qurudulmuş alma-armud və digər meyvələrin sirkəsi, şirəsi ilə doludur. Bizim ekoloji təmiz meyvələrimiz isə rayonda istehsal gücü zəif olan zavodların ucbatından əhalinin qida rasionundan kənarda qalır və gündən-günə cavanlaşan xəstəliklərimizdə öz əksini tapır. Təklif edirəm ki, hökumət indiyədək regionlarda açılan müəssisələrin yararlılıq və istehsal imkanları haqda müfəssəl bir hesabat hazırlayıb dövlət rəhbərinə təqdim etsin və onun Milli Məclisdə geniş müzakirələri təşkil edilsin. Onda iş axtarışı ilə bölgədən paytaxta üz tutanlar azalacaq, Bakı şəhərinin əmək və mənzil bazarındakı gərginlik səngiyəcək. Bir qədər obrazlı desək, təkcə Quba rayonunda sahələrdə külə dönən yerüstü sərvətdən böyük bir “Apple” müəssisəsinin filialını açmaq olardı. Axı nəhəng korporasiyalar da milyonlarla manat dəyəri olan belə məhsullardan vaz keçmirlər”.

Tələbələrə güzəştli nəqliyyat kartları verilsin

Deputat Azər Badamov bildirib ki, tələbələr və pensiyaçılar cəmiyyətin sosial müdafiəsinə daha çox ehtiyacı olan təbəqəsidir. O, tələbələrin ictimai nəqliyyatda hərəkət etməsində güzəştlər edilməsini təklif edib. Deputat qeyd edib ki, bu təcrübə bir çox ölkələrdə var: “Düşünürəm ki, güzəştli tələbə kartların verilməsi böyük vəsait təşkil etmir və tələbələrə belə güzəşt tətbiq olunmasına dövlət büdcəsində vəsait nəzərdə tutulsa, yaxşı olardı . Əgər bu məsələni reallaşdıra bilsək, on minlərlə tələbənin sosial durumunun yaxşılaşdırılmasına töhfə verməklə, tələbələrimizi sevindirmiş olarıq”.

Vahid Əhmədov
Vahid Əhmədov

Pensiya yaşının artırılması büdcəyə nə verdi?

Deputat Vahid Əhmədov deyib ki, ötən il pensiya islahatları adı ilə pensiya yaşının artırıldı:

“Çox ciddi qərar qəbul edərək pensiyaya çıxmağın yaş həddini dəyişdirdik. Kişilərin və qadınların pensiya yaşını 65 edib, eyniləşdirdik. Bəs, bu, dövlət büdcəsinə nə verdi? Dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Ümumiyyətlə, bunu hesabladılarmı? Aparılan pensiya islahatlarının hələ ki, müsbət nəticəsi yoxdur. Ona görə də hesab edirəm ki, “Pensiya sistemi haqqında” qanuna yenidən baxmağa çox böyük ehtiyac var. Yeni nazir Sahil Babayevə təklif edirəm ki, pensiya yaşı ilə bağlı məsələyə ciddi şəkildə baxılsın. Biz ciddi bir şəkildə pensiya yaşını artırdıq. Mən başa düşə bilmirəm ki, biz qadınları niyə 65 yaşında pensiyaya çıxarırıq?”

Dövlət böyük özəlləşdirməyə getməlidir

Deputat Qüdrət Həsənquliyev deyib ki, ölkədə fəaliyyət göstərən bir neçə müəssisə, səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirməyin vaxtıdır: “Onların özəlləşdirilməsi nəticəsində büdcəyə vergi daxilolmaları daha da arta bilər. Bu gün büdcədən investisiya və sənayeyə kifayət qədər pul ayrılır. Lakin gəlin görək onlar büdcəyə nə qədər vergi ödəyirlər? Bu baxımdan düşünürəm ki, xidmət sahələrinin özəlləşdirilməsinə ehtiyac var. Sözügedən müəssisə və səhmdar cəmiyyətlərini uzun müddətdə idarəetməyə vermək mümkündür. Bununla büdcəni yükdən azad edə bilərik. Dövlətin yükünü azaltmasaq, bəzi problemləri həll etmək çox çətin olacaq. Bu baxımdan dövlət böyük özəlləşdirməyə getməlidir”.

Biz özümüz üçün danışırıq?

İclasda deputat Elman Məmmədov hökumət üzvlərini tənqid edib. O deyib ki, Milli Məclisdə dövlət büdcəsi müzakirə edilir, təkliflər irəli sürülür, problemlər qaldırılır, amma bəzi nazirlər bunu eşitmir: “Biz qaldırdığımız məsələləri hökumət üzvlərinin diqqətinə çatdırmağa çalışırıq, amma onların bir çoxu iclası tərk edib. Biz özümüz üçün danışırıq?”

Milli Məclisin sədri Oqtay Əsədov isə ona cavab olaraq deyib ki, hökumət üzvləri iki gündür iclasda iştirak edirlər: “Bəzi sahələrin aidiyyatı şəxsləri gediblər. Amma müzakirəyə aidiyyatı olan şəxslərin hamısı iclasda iştirak edir”.

Müzakirələrdən sonra “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Qanun layihəsi səs qoyularaq, birinci oxunuşda qəbul edilib.

Müvafiq icra hakimiyyəti orqanının – Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə büdcəsinin gəlirləri 3 928 104 000 manat, xərcləri 3 928 104 000 manat məbləğində nəzərdə tutulub. Sənəddə pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 22 milyon 500 min manat, 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar 13 milyon 400 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

Ana səhifəXəbərlər”Biz özümüz üçün danışırıq?”