Biz niyə aqressivik?

Bacı-bacını öldürdü. Qaynana gəlini və nəvəsini

Source:

Bu yaxında aşağı məhəllədən öz həyətimizə doğru qalxarkən, arxadan gələn maşın az qaldı məni əzsin. Əlil arabasından istifadə etdiyim üçün yoxuşu qalxmaq elə də asan deyil. Həmin yol o qədər də geniş deyil ki, maşın gəlib, yanımdan rahat keçə bilsin. Mən anlayıram, maşındakı tələsə bilər. Çətin durumda olan insanın dalınca gedə bilər. Amma dayanmadan siqnalı basmaq maşınla əlil arabasındakının üstünə şığımaq anlaşılan deyil. Nə yaxşı ki, cəld tərpənib özümü kənara verə bildim. Yoxsa qalacaqdım maşının altında.

Bu ilk belə hadisə deyil. Bundan əvvəl də dostum məni gəzdirərkən belə durum yaşanmışdı. Həmin vaxt dostum maşındakı insanın üstünə çox pis hirsləndi. Onu sakitləşdirməyə çalışdım. Çünki, bu insanların sürücülük və piyada ilə davranış mədəniyyəti mənə bəllidir. Deyərdim ki, bir növ belə situasiyalara öyrəşmişəm. İnsanlar nə vaxt bu qədər aqresiyya havasına girdi, bilinmir. Sanki bir-biri ilə qan düşmənidilər. Elə bil, uşaqlıqdan bunlara intiqam aşılanır.

Nədir aqressiya.. Aqressiya (latın dilində- “hücum etmək” deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi nəzərdə tutulrur. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər.

Şərti olaraq aqressiyanı 2 növə bölürlər:

Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün;

İnstrumental -məqsədə çatmaq üçün;

Mən ümumi danışmıram. Sözüm böyük kütləyə aidddir. İnsanlar kin-küdurətlə qidalanırlar. Dillərində ən çox işlətdikləri ifadə isə “nifrətdir” . “Filan adama nifrət edirəm, filan şeyə nifrət edirəm”. Niyə axı? Səbəb nədir? Bu suallara cavab tapmaq çox çətindir. Özlərinə bu sualı verəndə əksəryyəti “nə bilim bezmişik”. Bilmirlər həm də. Deyərdim ki, bu hüzursuzluq ölkəmizdə yayılan xəstəlikdir.Bəli çətindir həyat. Əsasda bizim kimi sosial-iqdisadi ağır durumu olan ölkələr. Axı həyat bir o qədərdə gözəldir. Həyat mübarizədir. Niyə bu qədər tez bezmək və nifrət etmək olsun axı?!

Ətrafımdakı insanları səbrə çağırmaqdan sakitləşdirməkdən yorulmuşam. Çox yaxın qohumlardan tutmuş ən yaxın tanışları nəzərdə tuturam. Bizdə və ya hər hansı başqa bir yerə yığışarkən onların arasında mübahisə və davalar usanmır. Hər an nəsə bir intriqa yaranması çox təbii haldır. Hələ yarım saat içərisində heç bir mübahisənin olmaması rekord göstərici sayılır. İnsanlar fərqli fikirə hörməti hələ də anlamırlar. Hər bir fərd başqalarını özü kimi görmək istəyir. Onlar öz prinsip və fikirlərini müqəddəs və müdrik sanırlar.

Nədənsə bizdə səbrli olmaq itaət etmək kimi anlaşılır. Yəni mən “niyə imkan verim ki, məni əzsinlər,”loxlasınlar”?” Əslində səbr-dirənməkdir! Dik duraraq dirənməkdir. Müdriklər deyir ki, ən güclü insan əsəbləşdiyi zaman, əsəbilərini cilovlayan insandır.

Son zamanlar baş verən kriminal hadisələrə baxın. Bacı-bacını öldürdü. Qaynana gəlini və nəvəsini öldürdü. Ər arvadı arvad ərini öldürdü. Həm də amansızcasına. Cinayətlərin təfərrüatlarını yazmayacam. Bu nə deməkdir? Yer kürəsinə gələn ən mükəmməl varlıq – insan nə üçün belə olub?! Düzdür, əvvəllər də belə hadisələr olurdu, amma belə tez-tez və geniş miqyasda yox. İnsanlarımız hansı səbəbə görə belə oldu, anlamıram. Artıq kriminal xəbərləri izləmirəm. Çox pis təsir edir mənə həmin olaylar.

Bəzi insanlar hər şeyi yeyib-içməyin üstünə atır. Guya ki, yediyimiz-içdiyimiz bizə aqressiv təsirlər ötürür. Hətta bəzi vegeterianlar insanlarımızın ət yeməkdən əsəbi olduqlarını söyləyirlər. Amma elə ailələr var ki, qazanlarında aylarla ət qaynamır. Həmin insanların əsəbləri nədən qaynaqlanır bəs? Balaca uşaqlar da əsəb içindədir. Çünki valideynlərindən örnək götürürlər.

Şəhərdə gəzərkən insanlarımızın simalarına bir diqqət edin. İnsanların üzlərində nə qədər kədər və aqressiya var. Obrazlı düşünsək, sanki hər kəs qarnına bomba bağlayıb, kamikadzelər kimi terror törətməyə hazırdır. İnsanlara bir söz demək olmur. Çox şeyi tərsinə başa düşürlər. O dəqiqə bombanın ipini çəkib, özlərini və ətraflarını partladırlar. Heç kəs bir-birinə güzəştə getmir. Hər şeyə dərhal neqativ reaksiya verirlər. Hüquqlarını tapdayanlara irad bildirməyə qorxanlar, əsəblərini sıravi vətəndaşlardan çıxırlar.

Bir yaxın tanışım var. Bir dəfə bizə gələndə blokun ağzındakı uşaqlara salam verib, uşaqların heç biri salamını almayıb. Həmin tanışım uşaqlara başa salıb ki, “Baxın, əgər sizə salam yerinə hər hansı təhqiredici ifadə və ya söyüş işlətsəydim, dərhal daha sərt söyüş və təhqirlə cavab verərdiniz. Amma salama cavab verməyə ərinirsiniz”.

Bəli, qütbləşmiş cəmiyyət üçün salamlaşma artıq ənənələrdən silinib, getmək üzrədir. İnsanlar sanki salam verərkən pulları və ya var-dövlətləri gedir. Elə bil, ona görə də salamı əsirgəyirlər.

Bu yaxında ABŞ-dan qayıdan bir tanışım demişdi ki, ordakı insanlar nəinki gülümsəməklə yetinir, hətta dükanda, bazarda, və ictimai yerlərdə tanımadıqları insanlarla salamlaşır və hal-əhval tuturlar. Təsəvvür edin, Bakıda tanımadığın birinə salam verirsən. O dəqiqə sənə salam vermək əvəzinə, adama “dəli” etiketi yapışdırırlar. Əhalisinin çoxu müsəlman olan ölkəmizin öz peyğəmbərlərinin: “Aranızda salamlaşmanı yayın ki, birlik və mehribançılıq olsun” kəlamı ciddi qəbul olunmayıb. Zatən olunsaydı, insanlar çox asan şəkildə bir-birinin haqqına girməzdilər. Nə isə… Bu tamamilə başqa mövzudur.

Sivil Avropa cəmiyyətində insanlıq əsas dəyər kimi qiymətləndirilir. Orda hər kəs bir-birinin üzünə gülümsəyir. Küçələrdə ictimai yerlərdə dindar-ateisti, hicablısı-feministi, sağçısı-solçusu və s. çox rahatlıqla, tolerant şəkildə bir yerdə yaşayırlar. Çünki hökumət də bu işləri nizama salır. İnsanların yaşayış rifahını yüksəkdir. Maariflənmə yüksək səviyyədədir.

Televiziyada intellektual, hərbi və sosial verilişlər çox azdır. Siyasət, səhiyyə və iqtisadiyyata aid mövzu olarkən müğənnilər ekspert kimi iştirak edirlər həmin verilişlərdə. Bizə TV ekranlarından xitab edən müğənniləri, dəyər kimi sırıyırlar. Həmin manısların oralara çıxıb, milləti xurafata, bambılılığa və savadsızlığa səsləməsi cəmiyyəti daha da aqressiv etmək siyasətinin bir hissəsidir.

Çox az qism insan kitab oxuyur. Oxumayanlar da kitaba ironiya ilə yanaşırlar. Kitablar qütbləşmə buzlarını əridib, fərdlərin stressdən qurtularaq, cəmiyyətlə əlaqələrini gücləndirir. Alimlər deyir ki, kitab oxumaq insana səbr etməyi və tamamlanmağı öyrədir. Gündəlik ictimai problemlərin nəticəsi olan streslə mübarizədə kitabların rolu danılmazdır. Fərqli hekayələrlə qarşılaşarkən gündəlik stressdən az da olsa, azad oluruq.

Səbrli olmasaq, bir-birimizə güzəştə getməsək, ruhumuza bulaşmış aqressiya mərəzindən qurtula bilmərik. İdmanla məşğul olun. İdman depressiv vəziyyəti aradan qaldırmaqda önəmli məşğuliyyətdir. İmkanınız varsa, psixoterapevt yanına gedin. Və ən əsası özünüzü hər zaman başqasının yerinə qoymağı öyrənin. Bu hal “empatiya” adlanır. Ən səbrli insanlar məhz belə formalaşır. Pis düşüncələri özünüzə yaxın buraxmayın. Mövqemiz eşq, üsulumuz ədəbdir bizim. Qəlbiniz eşqlə bol olsun həmişə.

Ana səhifəMənim FikrimcəBiz niyə aqressivik?