Beynəlxalq statistikada məhsullar texnoloji səviyyəsinə görə 4 qrupa ayrılır: yüksək, orta yüksək, orta aşağı və aşağı texnoloji məhsullar
Azərbaycan iqtisadiyyatının durumunu obyektiv və peşəkar təhlil etmək imkanı olan mütəxəssislərin ölkənin postneft erasında düşəcəyi vəziyyəti təsəvvür etmək problemi olmayıb.
Təhsilin sürətlə geri getdiyi, effektiv, şəffaf və hesabatlı idarəetmənin formalaşdırılmadığı, azad sahibkarlıq mühitinin yaradılmadığı, resursların ədalətsiz və qeyri-bərabər bölüşdürüldüyü ölkədə yüksək texnoloji məhsulların istehsalına əsaslanan iqtisadi model qurmaq mümkün deyil.
Son müşavirədə ölkə prezidenti postneft dövründə milli iqtisadiyyatın modeli ilə bağlı fikir bildirib:
“İnkişaf etmiş ölkələr nəyi ixrac edir? Ağlı, zəkanı, texnologiyanı ixrac edir. Maşınlar, mexanizmlər, dəzgahlar, müasir texnologiyalar ixrac olunur və o ölkələr bununla da çox inkişaf edir. Biz nə ixrac edə bilərik? Hələ ki biz texnologiya ixrac edə bilmirik və yəqin ki, edə bilməyəcəyik. O böyük dövlətlərlə ayaqlaşmaq mümkün deyil. Onların texnoloji inkişafla, tərəqqi ilə bağlı minlərlə beyin mərkəzləri var. Ən mütərəqqi, qabaqcıl alimlər, Nobel mükafatı laureatları işləyir”.
Hərçənd ki, Estoniya kimi çox kiçik (əhalisi bizdən 8.5 dəfə az) ölkənin ixracının strukturuna baxanda ümid etmək olur ki, balaca ölkələrin də texnoloji məhsullar ixrac etmək imkanı var. Məsələn, Estoniyanın ixracında yüksək texnoloji sinfə aid məhsulların payı 13 faiz, yüksək-orta texnoloji məhsulların payı 37 faiz, orta-aşağı təsnifata malik məhsulların payı 8 faiz, aşağı texnoloji qrupa aid məhsulların payı isə 42 faizdir.
Yeri gəlmişkən, beynəlxalq statistikada məhsullar texnoloji səviyyəsinə görə 4 qrupa ayrılır: yüksək, orta yüksək, orta aşağı və aşağı texnoloji məhsullar. Məsələn, hava gəmiləri, təməl əzcaçılıq məhsulları, bilgisayarın və yüksək dəqiqlikli cihazların istehsalı yüksək texnoloji qrupa aiddir, avtomobil, silah, yüksək dəqiqlikli cihazlara aid olmayan digər elektronika məshulları, kimya sənayesi məhsulları orta-yüksək qrupa aiddir, metal sənayesi məmulatları, gəmilərin istehsalı, saflaşdırılmış neftdən alınan emal məhsulları orta-aşağı texnolji qrupa aiddir, qida (tütün və içkilər də daxil), tekstil, geyim və dəri sənayesi məhsulları, mebel sənayesi isə aşağı texnoloji qrupa aiddir.