”Biz də bilirik, heç nə dəyişən deyil”

Gürcüstanda yerli özünü idarə orqanlarına seçkilər keçirilib

Source:


Gürcüstanda yerli özünü idarə orqanlarına seçkilər keçirilib

Oktyabrın 10-da Gürcüstanda yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Seçkilərdə 22 siyasi partiya, 5 seçki bloku və 1 təşəbbüs qrupu iştirak edir.

“Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev mətbuata açıqlamasında hakim “Gürcü Arzusu” Partiyasının seçicilərə təzyiq göstərdiyini deyir. Azərbaycanlıların kompakt şəkildə yaşadığı Marneuli rayonunda seçki prosesi gərgin şəraitdə keçirilir. Müstəqil gürcü mediasının verdiyi xəbərə əsasən Marneulidə bəzi seçki məntəqələrinin yaxınlığında polis yerləşdirilib. “Gürcü Arzusu”nun Marneuli merliyinə namizədi Temur Abazov bu iddiaları rədd edir. Bir çox azərbaycanlı səsvermə prosesində iştirak etsələr də, seçkinin şəffaflığına və müsbət nəticələrinə inanmırlar.

“İcra hakimiyyətinin və bələdiyyənin kəndlərdəki nümayəndələri insanları iqtidar partiyasına səs verməyə vadar edir”

“İcra hakimiyyətinin və bələdiyyənin kəndlərdəki nümayəndələri insanları vadar edir ki, iqtidar partiyasına səs versin. İnsanlar öz qohumları öz postlarını itirməsinlər deyə çox vaxt bu işə razı olurlar. Seçkidən sonra da qohum-qonşu arasında dava başlayır. Yəni, bir sözlə, bu seçkilərdə klanların savaşı gedir. Hərçənd biz siyasətdən uzaq durmaq istəyirik, ancaq yenə də həmin sistemin içərisindəyik. Bəziləri də pul alıb səs verir. Yoxsa bizim camaatda seçkiyə heç maraq olmaz. Gürcü höküməti də həmişə azərbaycanlıların səsini özünə qarantiya hesab edir. Ümid edirik, bu dəfə elə olmaz. Seçkilərdə layiqli namizəd olar” – 55 yaşlı Təzəkəd sakini Oqtay Əzimov bildirir.

Təzəkənd sakini Oqtay Əzimov qurumuş su arxını göstərərək kəndə aylardır ki, su verilməməsindən şikayət edir

“Bircə ümidimiz ona qalıb ki, bəlkə digər partiya namizədlərindən kimsə seçilsin və kənd camaatı üçün nə isə iş görsün”- o deyir

75 yaşlı Sabirkəd sakini Kamil Hacıyev öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün gəldiyini lakin heç bir müsbət dəyişikliyə inanmadığını deyir.

“Bir çox insan səslərinin nəyisə dəyişəcəyinə inanmır. Ayda cəmi 80 lari pensiya alıram. Ailədə 10 nəfər adam var. Heç birimiz işləmirik. Bu millət nə ilə dolanmalıdır? Yenə əvvəllər iş var idi. İndi o da yoxdu. Gəlmişik vətəndaş kimi borcumuzu yerinə yetirək. Yoxsa biz də bilirik ki, heç nə dəyişən deyil”.

75 yaşlı Sabirkənd sakini Kamil Hacıyev səs verib.

“Bütün torpaq sahələrimiz tək bir icarəçiyə satıldı. Heyvanımızı otlatmağımız, əkin-biçin üçün bir hektar da sahəmiz qalıb. Kəndlərin yolları bərbad. Kəndə su gəlmir. Elə seçkinin keçirildiyi məktəb görün nə gündədir. Biz uşaq vaxtı təhsil alanda necə idisə, elə də qalıb. Təmir olunmayıb. Uşaqlarımız burda xəstələnir. Kəndə adi bir zibil qutusunu da qoymurlar. Bütün namizədlər səs verir. Biz də hər il bəlkə nə isə dəyişər deyə səs veririk. Ancaq heç nə dəyişmir” – Təzəkənd sakini, Oqtay Əzimov bildirir.

İqtidar partiyası ölkədəki seçki qanunlarının ziddinə olaraq seçki günü də öz kampaniyasına davam edir. Belə ki, “Gürcü Arzusu” Partiyasının Marneuli merliyinə namizədi Temur Abazovun şəkilləri bir çox seçki məntəqələrinin yaxınlığında vurulub.

Temur Abazovun şəkli Algeti kəndindəki 10 saylı seçki dairəsinin düz qarşısında yerləşən uşaq bağçasının girişinə vurulub.

Marneulinin bir çox kəndində seçicilər məntəqələrə xüsusi avtobuslarla gətirilib. Qızılhacılı kəndindəki 48 saylı seçki məntəqəsinin yaxınlığında gətirdiyi seçicilərin səs verməsini gözləyən avtobuş sürücüsü Mehman Ələkbərov öz qohumlarını seçkiyə gətirdiyini bildirir.

“Burda nə var ki? Öz qohum-əqrabamı gətirmişəm səs versin. Kimin imkanı var, aparır öz yaxınlarını səsverməyə”.

Seçkiyə gələn qadınların hansı partiyaya səs verdiyini söyləyən Elçin Abbasov isə deyir ki, səsverməyə gələn, adını açıqlamaq istəməyən xanım özü kimə səs verəcəyini deyib.

“Özü bizə dedi ki, “Gürcü Arzusu” Partiyasına səs vermək istəyir. Biz heç kimi yönəltmirik. Necə səs verəcəyini bilmir. Bizdən kömək istədi” – o bildirib.

Günün birinci yarısı seçki komissiyasına Marneulidə baş verən qanun pozuntuları ilə bağlı 17 şikayət daxil olub. Tolerantlıq və Rəngarənglik İnstitutunun (TDİ) məlumatına görə, Marneuli rayonunun Qızılhacılı kəndində qanun pozuntusu baş verib. Təşkilatın nümayəndələri bu barədə mətbuata bildiriblər. Hadisə yerinə polis çağırılıb.

Hadisə yerində olan müşahidəçinin verdiyi məlumata əsasən, seçki məntəqəsinin önündə seçicilərə pul paylanılıb. Lakin sakinlər jurnalistləri gördükdən sonra həmin yerdən uzaqlaşdıqları üçün bunu sübut etmək mümkün olmayıb.

Ötən il parlament seçkilərində Qızılhacılıda 48 saylı seçki məntəqəsində qarşıdurma baş verib. Kənd sakinləri seçki saxtakarlığına etiraz ediblər. Həmin qarşıdurma nəticəsində ötən il oktyabr ayının 13-də xüsusi təyinatlı polis dəstəsi Marneuli rayonunun Qızılhacılı kəndinin 6 sakinini həbs edib.

Ana səhifəXəbərlər”Biz də bilirik, heç nə dəyişən deyil”