Adı hallanan şəxs bütün qruplaşmalara barmaq silkələmək iqtidarındadı
Azərbaycanda son proseslərinin təhlilindən görünən budur ki, ölkə yeni prezident seçkilərinə hazırlaşır. Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendumdan sonra bu məsələ daha da aktuallaşdı. Yeni prezident seçiləcək parlamenti buraxmaq səlahiyyətlərinə malik olacaq. Bu isə o anlama gəlir ki, bu ilin sonuna qədər prezident, gələn ilin əvvəllərində isə ölkədə yeni parlament seçkiləri də keçirilə bilər. Bir sözlə, bu situasiya ölkədə yeni kadr rotasiyalarını qaçılmaz edir. Bu isə hakimiyyətdaxili savaşın yeni mərhələsinin anonsudur. İndi hamını daha çox bir sual düşündürür: Yeni təsis olunmuş vitse-prezidentlər kimlər olacaq? Diqqət daha çox birinci-vitse prezident postunun mümkün sahibinin araşdırılmasına yönəlib.
Prinsipcə, birinci vitse-prezidentin kimliyi ölkənin gələcək prezidentinin kimliyini və xarici kursunun da istiqamətini müəyyənləşdirəcək. Beləliklə, bu posta ən mümkün namizədlərə nəzər yetirək. Müşahidəçilərin fikrincə, ölkənin birinci vitse – prezidenti postuna ən şanslı namizəd ölkənin birinci ledisidir. Maliyyə strukturlarına demək olar ki, tam nəzarət edən Paşayevlər bir sıra nazirliklər üzərində də nəzarət zərfinə malikdirlər. Güc nazirliklərindən ən önəmllisi ilə birbaşa əlaqədə olan, müxalifətin müəyyən kəsimi ilə təmasları olan “ikinci hakim ailə” ən güclü qruplaşma kimi qəbul olunur. Bir sözlə, Heydər Əliyev Fondunun rəhbəri birinci vitse – prezident postunun bir addımlığındadır. Lakin bu məsələdə bəzi problemlər mövcuddur. “İkinci hakim ailə”nin birinci olmasına hakimiyyətin bel sütunu olan “Naxçıvan klanı”nın reaksiyası necə olacaq? Son illər ərzində bu klanın mövqeləri zəifləsə də, mobil və çeviklik baxımından, ümumi maraqlar naminə birləşmək bacarığına görə və heç də az olmayan maliyyə resurslarına görə istənilən namizədə əzələ nümayiş etdirə bilər. Bunu anlayan “ikinci hakim ailə” “Naxçıvan qruplaşması”nın ünlü simalarına revaranslar etməkdədir. General Məhərrəm Əliyev və qardaşı Adil Əliyev Paşayevlərə dəstək verməyə hazır olduqlarını nümayiş etdirirlər. Bu isə heç də sıradan bir məsələ deyil. Əslində, “ikinci hakim ailə”yə qarşı çıxış etməyə heç kəsin cəsarəti çatmaz…
Prezidentin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Naxçıvanın şəriksiz lideri Vasif Talıbovdan başqa. Əslində, “Naxçıvan klanı” bu postda Vasif Talıbovu görmək istəyir. Onun barəsində yayılan lətifələrə baxmayaraq, Naxçıvan qruplaşmasında birmənalı şəkildə qəbul edilən Talıbovun qarşısına yalnız bir nəfər çıxa bilər – sirlər və müəmmalar dağarcığı olan general Bəylər Əyyubov. Ölkə rəhbərinə az qala hamıdan yaxın olan, birinciliyə iddiası olmayan, ölkə başçısının yerinə göz tikənin “gözünü tökə” biləcək general Əyyubov Mehriban Əliyevadan sonra bu posta ən yaxın namizəddir. Siyasi müşahidələr onu deməyə əsas verir ki, elə seçim də bu iki şəxsin arasında keçirilə bilər. Qısaca onu demək mümkündür ki, ölkədəki situasiya başqa simtompları ilə üzə çıxıb, əgər “ikinci hakim ailə”yə maneçilik yaradılsa, hamını birləşdirəcək bir simaya ehtiyac yaranır və bu fonda Bəylər Əyyubovun şansları artır.
Vitse- prezidentlərin kimliyi də maraq doğurur. Bu məsələdə regional klanların maraqlarının təmin olunacağını ehtimal etmək mümkündür. Naxçıvan klanı Vasif Talıbovla, Qarabağ klanı DİN başçısı general Ramil Usubovla təmsil oluna bilər. Bakı – Şirvan klanının “könlünü almaq” üçün sabir prezident Ayaz Mütəllibovun da vitse- prezidentlərədən biri ola biləcəyi ehtimalı az deyil. İqtisadi blokdan ölkə rəhbərinin müşaviri Natiq Əmirovun, maliyyə naziri Samir Şərifovun, vergilər naziri Fazil Məmmədovun da irəli çəkiləcəyini də ehtimal etmək olar. Sadalanan namizədlərdən başqa Prezident Aparatının şöbə müdiri Fuad Ələsgərovun da şansları az deyil. Getdikcə siyasi və iqtisadi baxımdan bankrot olan FHN rəhbəri Kəmaləddin Heydərovun Mehriban Əliyevanı və yaxud Bəylər Əyyubovu dəstəkləyəcəyi ehtimalı olduqca böyükdür. Bir məsələyə də diqqət yetirmək lazım gəlir. Birinci vitse – prezident ölkədə yeni əmlak bölgüsünə rəvac verəcəkmi və Qərbin buna reaksiyası necə olacaq? Ən başlıca sual isə açıq qalır – referendum planı hansı ölkənin maraqlarına xidmət edirdi? MDB məkanındakı proseslər fonunda görünən budur, “şimal qonşumuz” bu dəfə də əsas güc sahibidir. Birinci vitse- prezidentliyə ən şanslı namizəd ölkənin növbəti birinci şəxsi də ola bilər. Bunu isə unutmaq olmaz…