Bir ovuc gilas yuxusu

Sovet kəndinin kitabxana müdirliyindən imtina edib yerli qəzetin redaksiyasında qışda ocaqçı, yayda xadimə işinə gedən adamam

Source:
Nazlı Ağayeva
Nazlı Ağayeva

Sovet kəndinin kitabxana müdirliyindən imtina edib yerli qəzetin redaksiyasında qışda ocaqçı, yayda xadimə işinə gedən adamam. Kənddən çıxanda özümlə evə gətirdiyim maaşın “boş yerə” əldən çıxmasından doğan günahlarımı aparmışdım. Hərçənd “mükafatım” yalnız bu olmadı, üstəlik təzə iş yerimdə yarımştat maaş deyil, yalnız qonorar alacağımı söylədilər. Yəni, cəmi dörd səhifəlik rayon qəzetində ştatlı əməkdaşlardan artıq nə qədər yer qalardı ki, o qədər sözləri qəpiyə çevirib mənə qonorar yazaydılar. Bunları özümdən “sənət fədaisi” düzəltmək üçün yazmadım. Höcət, inadkar biri olduğumu demək istədim. İndiyə qədər yaşamağım da məhz bu səbəbdəndi, başqası çoxdan ölüb getmişdi.

Gedişim islahatlar gedən vaxta təsadüf etdiyinə görə mənə dövlətdən əhaliyə düşən torpaq payı verilmədi. Rayonda isə mövsümə uyğun xadimə və yaxud ocaqçı kimi orijinal müxbir olaraq məni dərhal sevməyə başladılar. Sənədlərimi ev növbəsinə düzəldib adımı xüsusi qrafada siyahının əvvəlinə saldılar. Artıq anam da yanımda idi. Tikintisi başlanan binada “evimizin” təxmini yerini ona göstərəndə sevindiyindən ağ sifətində əmələ gələn qırmızı ləkələri xatırlayıb öz ayağımla yerin dibinə girmək istəyirəm. Çünki gözlərini “JEK” köşələrində qapayan o mələk qadın mənim axmaq prinsiplərim üzündən düz otuz il kirayələrdə süründü. Amma istiqanlı, evdar anam tez-tez dəyişən özgə qapılarını elə sürətlə isti yuvaya çevirirdi ki, özümüzü daimi evimizdəki kimi hiss edirdik.

Həmin o xoşbəxt vaxtlarımızda ilk ağır zərbəni inşası gedən “bizim bina” yağmalananda aldım. Və onlarla insanın arzusu, ümidi texnikanın qabağana verilib yerlə-yeksan edilərkən ürəyimə damdı ki, belə cəmiyyətdə heç vaxt mənim evim olmayacaq… Daha bir neçə ağır sınaqdan sonra isə bunun sadəcə əlamət deyil, həqiqət olduğuna inandım.

Qayıdışı olmayan söz davasına çıxmışdım. Üzrlü və üzrsüz səbəblərə görə yanıma aldığım anam oğlunu, nəvələrini və gəlinini çox sevərdi. Əlimizə düşən yaxşı nə varsa onlara göndərib ölmə-diril dolanardıq ki, bununla həm özümüz rahat olaq, həm də onlar sıxıntı çəkməsinlər.

Yaşadığımız uzun illərdə eyni təyinatlara xərcləndiyimi görən anam artıq kimsə yaşamayan kənddəki evimizlə könlümü almağa çalışıb, haçansa ora qayıtmaq xəyallarını qururdu. Təbii ki, ora qayıdası deyildik. “Qabiliyyət imtahanlarından” daim kəsildiyimə görə arzularımın yorğunu olduğum məkanda da bir yuvam olacağı mümkünsüz görünürdü. Şəhərdə yaşayan qardaşım kənddə boş qalmış evimizi “gələcək üçün” anama mənim adıma vəsiyyət etdirdi. Gələcəkdə nə olacaqdı ki? Ömrüm boyu problemlərinə çiynimi verib, özlərini ürəyimdə daşıdığım ciyərparalarım o dörd divarla bir bağa görəmi qolumdan tutacaqdılar? Belə mənasız və gülünc ehtimalı özümə necə yaraşdırardım? Anam yanımda, doğmalarım ətrafımda, özüm də sap-sağlam. Adama daha azar lazım deyil ki…

Azar isə lazım olmayanda da gəlirmiş… On il əvvəlki qəza sağlamlığımı və ayrı düşdüyümüz müddətdə özünü yeyib-bitirən anamı məndən aldı. Dəmir əsalara, dostların ondan da möhkəm dəstəyinə söykənərək digər övladlarının iştirakı ilə anamı quşların yuva qurduğu evində yerdən götürüb mərasimlərini verdik. Qayıdanda qədim JEK mənzilinin böyük otağında özümü həyatla təkbətək gördüm. Çox gecələrdə başımı qoyub bir göz yuxu almağa yer tapmadığım şenlikli evimizdə yel vurub yengələr oynayırdı. Özümə yaraşdırmadığım “gülünc, mənasız ehtimalın” acı gerçəyini qəbullanmaq şikəstliyə alışmaq qədər ağrılı oldu. Tələblərə, ehtiyaclara cavab verə bilməyən şikəst adamın artıq istifadə müddəti bitmişdi…

Özümlə nə edəcəyimi bilmədiyim illərdə məni ürəklərində, “ciblərində” daşıyan dostlarım bilirlər, mən nə anamın vaxtında, nə də onsuz qalanda o notarius kağızının üzünü açmadım. Sadəcə ağır şərtlərlə yaşadığım JEK evindən haçansa qopa biləcəyim uzaq ehtimallarda hardasa doğulub böyüdüyüm anam qoxulu bir yuva barədə düşündüyüm anlar olurdu. Ömrümün son aylarını, bəlkə son günlərini yaşayıb da, ordan sevdiklərimə qovuşmaq ümidi kimi bir şey. O divarlara və ağaclara iddialı olacaq başqa səbəbim yox idi. Ola da bilməzmiş, çünki…

Əslində uzun illər öncədən o köhnə ocağa nəinki mənim, hətta oranı əllərilə quran anamın da heç bir aidiyyəti yox imiş. “Uğurla başa çatan” islahatlarda həmin mülkiyyət rəsmən anamdan “alınıb” heç bir məntiq və zərurət olmadan ailəsi ilə bərabər öz evində yaşayan oğluna “verilibmiş”. Möhtərəm komissiya hətta anamı da unutmayıb səksən yaşlı qocaya “ev tikmək üçün” öz həyətinin qıraq yerindən rəsmi sənədlə torpaq sahəsi ayırıbmış. Yaxşı ki, min ilin evdarı anam dünyadan quru torpaq üstündə köçdüyünü bilməyib. Bütün bu həyasızlıq onun yaşına hesablana bilərdi. Amma mən anamdan cavan idim axı… Hətta Azərbaycan məhkəmələrində bu ibtidai dələduzluq nümunəsini udmaq mümkün olduğu halda mən sadəcə artıq yaşadığım illər üçün doğmalarımdan üzr istəmək qərarına gəldim. Çünki anam üstündə qurulan saxta oyundan xəbər tutsaydı belə, yenə biz onları sevməkdən vaz keçməyəcəkdik. Həm də bütün həyatını qarşılıqsız sevgi və səmimiyyətə uduzmuş adamın yaralarına məhkəmə kağızları məlhəm ola bilməz…

***

…Evimizin qabağındakı qırmızıya boyanmış gilas ağacına əlimi uzadanda qəzəblə üstümə gələnlərə gilas xoşlamadığımı, eləcə budağa toxunub gedəcəyimi söylədim. Sifətlərindəki ifadə dəyişməyəndə var gücümlə “yetər!” deyə fəryad etdim. Yuxudan oyananda boğazım göynəyirdi.

Şəxsi və ictimai haqsızlıqların, faciələrin ümumiləşdiyi ölkədə hər gün minlərlə insanlıq dramı yaşanır. Kütləvi səhnələrin həqiqi personajlarıyıq…

Ana səhifəMənim FikrimcəBir ovuc gilas yuxusu