Bir neçə kəndin pinəçisi, Kettinin dostu…

Vurğun İslamov. Fotolar: Meydan TV

Onu həm də dülgər, bənna və elektrik kimi tanıyırlar

Göyçayın Alıkənd kənd sakini Vurğun Yolçu oğlu İslamov 34 ildir ki, pinəçilik edir.

Onun Ləkçıplaq kəndində kiçik pinəçi dükanı var.

59 yaşlı usta hər gün səhər içi ləvazimatlarla dolu torbasını götürüb qonşu kəndə gedir.

Vurğun İslamovu təkcə Alıkənddə, Ləkçılpaqda deyil, başqa kəndlərdə də tanıyırlar. Yol ötən, qarşılaşan hər kəs pinəçi ilə hal-əhval tutur, “işin avand olsun” deyir.

Onunla üzərinə göy hərflərlə “Ayaqqabı təmiri” yazılmış​ dükanında görüşürük. Nimdaş, kiçik dükanda avadanlıqlar yanaşı, yamanmaq və tikilmək üçün növədə gözləyən ayaqqabılar var.

“İşi, əməyi gərək sevəsən, onunla nəfəs alasan, daim çalışasan. Gecəyarı çəkmə gətirən olsa, tez yuxudan qalxıb pinəçiliyimi edirəm, eləcə də dülgərliyimi. Madiyyat üçün yox, sənətimə olan sevgimdəndir bu. İnanın, gecə səhərin açılmasını istəyirəm ki, durub işimə gedim”, – Vurğun İslamov deyir.

Onun sözlərinə görə, ailədə 12 övladdan beşincisi olub, sakit təbiəti və sənətkarlığa meyli ilə digərlərindən seçilib.

Atası Yolçu İslamov sürücü, anası Şövkət xanım isə bir neçə kəndin tibb bacısı olub.
Ailəsindən, valideynlərindən, qardaş və bacılarından həvəslə danışır, gəncliyini, uşaqlığını sevgiylə xatırlayır.

“Tez götürmək və öyrənmək qabiliyyətim var”

Vurğun İslamov deyir ki, pinəçiliyi böyük qardaşı Abildən öyrənib. Tez öyrənən, həmişə seçilən tələbə olub.

Buna görə də üç fərqli​ peşə məktəbini fərqlənmə ilə bitirib:

“8-ci sinfi 1980-cı ildə Mırtı kənd tam orta məktəbində bitirdim. İki il Göyçaydakı 58 nömrəli peşə məktəbində oxudum. 1984-cü ildə hərbi xidmətə yollandım və iki ildən sonra qayıtdım. Gizir rütbəsi ilə geri döndüm, hətta mənə fərqlənmə diplomu veriblər. 1987-ci ildə Mingəçevirdə 69-nömrəli peşə məktəbində​ çilingər peşəsi üzrə bir illik təhsili aldım.​ Xaricə göndərdilər, getmədim. Tez götürmək və öyrənmək qabiliyyətim var. Uşaqlıqdan və nəsilliklə təmir-tikinti işində bacarıqlıyıq. Atamdan öyrənmişəm. Biz valideynlərimizə,​ övladlarım da bizə hörmət və qayğı ilə yanaşırlar. Əsmər və Jalə adlı iki qızım. Səməd adlı bir oğlum, üç nəvəm var. Oğlum ali dini təhsilli şəxsdir. Ərəb dilini bilir. Tələbələri, yetirmələri var.​ Bugünkü qazancım, peşəmə bağlılığım zəhmətkeş​ valideynlərimin tərbiyəsi hesablna və sənətimə olan sevgimdəndir”.

“Nə qədər tələbənin ayaqqabısını düzəltmişəm”

Usta gün ərzində 3-4, bəzən 5-6 sifarişin gəldiyini deyir. Dediyinə görə, qışda sifarişləri çoxalır. Sifarişlər isə müxtəlif kəndlərdən gəlir:

“Edə bilməyəcəyim iş təklifi gələndə deyirəm ki, mənlik deyil. Bakıda da beş il pinəçi işləmişəm. Orada çox idi sifarişçilərim. Nə qədər tələbənin ayaqqabısını düzəltmişəm. Bir tələbə qızın ayaqqabısını düzəltdim, səhər çoxlu​ tələbəni gətirmişdi ki, bunların da ayaqqabısı təmir olunmalıdır. İlk dəfə iynə batdı əlimə, işə uyğunlaşa bilmədim.​ Qorxdum ki, öhdəsindən gələ bilmərəm. Ancaq bir aya öyrənə-öyrənə çətinliklərə​ sinə gərdim. İlk dəfə yanıma köhnə ayaqqabı qoydum, bir də gördüm sifarişlər gəlir. Şükür, peşəni tam​ öyrəndim. Çörək ağacım, təsəllimdir bu sənət”.

“Qonşu kəndlərin tək çəkməçisiyəm”

Vurğun usta artıq təkcə Ləkçıplaq kəndinin deyil, ətraf​ kəndlərin də məşhur pinəçisidir. Deyir ki, əvvələr çox pinəçi​ çalışsa da, sonradan çətinliklər üzündən başqa işlə məşğul olublar.

Bir ayaqqabını 20-25 dəqiqəyə təmir edən pinəçi işindən narazı olan şəxslərin olmadığını deyir.

Kasıb, imkansız şəxslərə isə pulsuz kömək etdiyini və hətta təmir edib satışa qoyduğu çəkmələrdən pay verdiyini də əlavə edir. Ondan öyrənən gənclər də çox olub, ancaq az qazanc və çətin sənət olması onlara bu işi davam etdirmələrinə mane olub.

“İşimdə qiymət deməyi sevmirəm, bunu müştərinin vicdanına buraxıram. Ancaq dediyim qiymətdən çox verən, yaxud az verən də var. Heç pul verməyən, ya da pulsuz verdiklərim də olub. Narahat, yalançı adamları isə qara siyahıya salmışam. Qonşu kəndlərin tək çəkməçisiyəm. Uzaq kəndlərdən də gəlirlər. Deyirlər ki, bizim çəkməçilər yaxşı təmir etmir. Yerimi 3-4 dəfə dəyişdilər. Nəhayət, burada qərarlaşdım. Məni deyil, rayon mərkəzindən pinəçi seçib sonradan üstümə gələnləri qəbul etmirəm. Özümə güvənirəm. Mənə güvənənlər də çoxdur”.

“20-25 manatlıq ayaqqabını təmir edib 4-5 manata satıram”

Pinəçi deyir​ ki, ona daha çox kasıb insanlar müraciət edir, nisbətən, imkanlılar isə çəkməçiyə pul verməkdə maraqlı deyillər.

“Bəziləri ağlayır ki, ayaqqabımın dabanı qopub. Zarafata salıb deyirəm ki, qopmalıdır da. Bəs biz çəkməçilər nə ilə dolanaq? Mənə köhnə ayaqqabılar gəlir, təmir edib ucuz qiymətə​ satıram, pay verirəm. 20-25 manatlıq ayaqqabını təmir edib 4-5 manata satıram. Ayaqqabıların təmiri problemdir. Od qiymətinə ayaqqabı alırlar, çox getmir. Hər növ ayaqqabını təmir edirəm”.

“Gərək bildiyini edəsən, bilmədiyindən də çəkinəsən”

Vurğun İslamov təkcə pinəçi deyil. Özünü də dediyi kimi, həm də dülgər və bağbandır. Onun hətta elektrik ustası kimi də məharəti var. Çünki bu peşə üzrə də bir illik təhsil alıb.

İş başında olarkən elə iki stulu təmir edərək sifarişçiyə təhvil verir:

“Atam usta, dülgər, elektrik, ovçu idi. Ondan çox şey öyrəndim, xüsusən dülgərlik işində. Atam işində diqqətli və səliqəli idi. Bir səhv​ detalı belə tez sezirdi. Çalışdığım qədər ondan bəhrələnməyə çalışdım ki, peşəkar dülgər olum. Hər bazar evdə çalışıram, bağda, həyətdə, götürdüyüm sifarişləri görürəm. Mən Mingəçevirdə oxuyan zaman, bir paltar rəfi gəldi, heç kim yığa bilmədi. Lahiyə eksizini götürüb yığdım. Bundan sonra digər birini də yığdım. Beləcə həmişə seçildim. Amma bir iş var, gərək bildiyini edəsən, bilmədiyindən də çəkinəsən”.
O hətta usta kimi isə ev tikintisi, təmiri ilə də məşğul olduğunu deyir.

“Vicdanla işləyən gözükölgəli olmaz”

Vurğun İslamov deyir ki, istənilən peşə sahibi işinə vicdanla yanaşmalıdır:

“Vicdanla işləyən gözükölgəli olmaz. Hər gün işə gedirəm, axşam saat 6-da gəlirəm. Evə gələndən ancaq dülgərlik və ustalıqla məşğul oluram. Bir neçə sahə üzrə bacarığım olsa da, bu iki sənətə sevgim ayrıdır. Məişət avadanlıqlarını yonmaq, itiləmək, sap hazırlamaq vaxt aparır. Ancaq vaxtında edib qaytarıram ki, sifarişçilərim narazı olmasın”.

Sahibini hər həmlədə anlayan Ketti…

O, zəhmətkeş və işinə məsuliyyətli olduğu qədər heyvanlara qarşı da mehriban, qayğıkeşliyi ilə seçilir.
Həyətlərində saxladıqları, qızının “Ketti” adlı iti onun​ dostudur. Boş vaxtlarında və yorulanda “Ketti” ilə oynayır, onunla birgə vaxt keçirir.

Ketti isə dəcəl, ağıllı və sahibinə sədaqətli heyvandır.

Usta deyir ki, hər gün iti yemləmək, onun qayğısına qalmaq və onunla oynamaq da bir​ peşədir. Ancaq bu peşədə o yorulmur, dincəlir, ruhən rahatlanır:

“Qızımın itidir, inanın, itdən ayrıla bilmirəm, dost kimidir. Ağır iş günümdə kefimi açan yaxşı dostdur. Həssas və ağıllıdır. Sahibini hər həmlədə anlayır”.

“İstəyirəm ki, hər dəqiqəmi​ faydalı işlərə həsr edim”

Həyətindəki bağ da öz zəhmətinin nəticəsidir. Deyir ki, hər gün bağda tək-tək ağacları gəzib, yoxlayır, calaqlara nəzər salır.

“İllərdir ki, öz bağımda və qonşuların bağlarında calaq edirəm. İl ərzində, bəlkə də, 100-lərlə. Hər il öz bağımda 30-40 ağacda calaq edirəm. İstəyirəm ki, vaxtım boşa getməsin, hər dəqiqəmi​ faydalı işlərə həsr edəm. Bu işi də kənddən bir ayrı adamdan öyrəndim. Bacarıq gözəl keyfiyyətdir. İndiki gənclər bunları öyrənməyə maraqlı deyillər. Heç öz övladlarım da. Ancaq mən təbiət, torpaq adamıyam deyə ayrı qala bilmirəm”, – deyir Vurğun İslamov.

Elə bu an həyətdəki iki avadanlıq diqqətimizi cəlb edir. Məlum olur ki, biri ağacdakı meyvələri rahat dərməyə, digəri isə heyva doğramaq üçündür. Bunların da Vurğun İslamov özü düzəltdiyini deyir.

“Hər kəndə belə sənətkar lazımdır”

Vurğun hərtərəfli insandır. Bizim bacarmadığımız çox işləri bacarır. Ayaqqabı təmirindən tutmuş dəhrə, baltaya, mişara, calağa qədər onun üstünə qaçırıq. Xasiyyəti də qızıldır. Edə bilməyəcəyi işi götürməz, edə biləcəyini isə əsirgəməz. Hər kəndə belə sənətkar lazımdır”, – deyə kənd sakini, qonşusu Zaur Yaqubov bildirir.
Biz sağollaşıb həyətdən uzaqlaşırıq, Vurğun usta isə sevimli Ketti ilə oynamağa başlayır. Bu, həm də onun həyat tərzinə çevrilib..

Ana səhifəBölgəBir neçə kəndin pinəçisi, Kettinin dostu…