Bu ilin 3 ayı ərzində bank sektorunu 635 nəfər tərk edib
2017-ci ilin aprelin ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 312 nəfər təşkil edib. Martda bank sektorunda çalışanların 350 nəfəri işdən çıxıb. Fevral ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 662 nəfər olub.
Cari ilin 3 ayında bank sektorunu 635 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.
APA Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) statistikasına əsasən bu barədə məlumat yayıb.
Bildirilir ki, ilin I rübündə banklara məxsus 8 filial bağlanıb.
“Əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, martın sonunda bu göstərici 561-ə qədər azalıb. Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, martda şöbələrin sayı 137-yə yüksəlib”,-deyə məlumatda qeyd olunub.
Eyni zamanda Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bankın lisenziyasının ləğv olunmasını istisna etmir.
Fondun “Regional iqtisadiyyatın inkişaf perspektivləri: Qafqaz və Mərkəzi Asiya” adlı icmalında deyilir ki, Azərbaycanda kapitallaşma və dövlət tərəfindən problemli kreditlərin alışı prosesi davam edib. Lakin kapitallaşma ilə bağlı yeni planların işlənməsindən sonra bir neçə bank da bağlana bilər.
2016-cı ildə Azərbaycanda müxtəlif səbəblərdən 11 bankın lisenziyası ləğv olunub. Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 32-dir.