Mənbə: Meydan TV

Bir gəncin manifesti

Bacımla kəndə başqa bir bacıma dəyməyə getmişdik. Axşam qayıtmaq məqamında qonşudan bizi aparmaq üçün xalturşik çağırdılar. Sözarası çatdırdılar ki, əgər o maşınla getmək istəməsəniz, kəndin mərkəzində düşərsiniz. Ordan rayon mərkəzinə hər vaxt getmək olurdu. Qapının ağzındakı qəza vəziyyətində antik “Jiquli”ni görüb mənimlə gedəsi şəhər əhli bacım qolumdan dartınan kimi oldu. Bilməzdən gəlib ərklə maşına yaxınlaşdım. Gecənin bir aləmi kəndin qaranlıq guşəsindən ana yola çıxmaq üçün ikimizdə bir adamın ayağı yoxdu. Durub komfort-zad axtarası deyildik ki. Özümüzü birtəhər yellənən oturacaqlara təpib “allaha pənah” deyərək yola düşdük. Yüz metr getməmişdik, arxadan möhkəm bir səs gəldi. Səsboğucu qırılıbmış. Birtəhər sürücüyə eşitdirdim ki, bizi ana yolda düşürtsün, ordan özümüz gedərik. Yoxsa bacım bayaqdan kürəyimi döyəcləyib eyni şeyi təkrar etsə də, deməyə üzüm gəlməyəcəkdi. Cavabında ürək-dirək verdi ki, narahat olmayaq. Nasaz maşının səsi nə qədər bərkdən çıxsa, yoldakı maneələr tez çəkilirlər. Bizi yolda düşürtməkdən isə söhbət gedə bilməz. Kiçik bir cəhddən sonra anladım ki, etiraz etməyə səsim çatmayacaq. Bacım da taleyi ilə barışmışdı yəqin. Kürəyimdən “əl-ayaq” kəsilmişdi.

Turist şəhərinə bayramqabağı axışan “inomarka” avtomobillərin arasında traktor səsi verən tüstülü bərbad “Jiquli”nin sərnişini olmaq elə mənim rastıma çıxa bilərdi. Salamatlıq olsun, əhvalatı danışanda ab-havanı təsəvvür etdiyim məqamda yanaşı oturduğum gənc yüksək səslə danışmağa başladı, nə başladı:

– Bilirəm, bibi, düşmək istəməkdə haqlı idiniz. Belə maşına kim oturar ki? Mən üzümə salıb qoymadım. Əvvəla, qonşuluqda əmanət idiniz. İkincisi də, rayonun haqqı ayrıdı, qayıdanbaş gecəyə düşən iki-üç nəfər də götürərəm. Üç uşağım var. Kiçiyi qızdır. Ən çox da onu istəyirəm. İndi xəstədir. Qızdırması düşmür. Bu gün həkimə aparıb nə yazıblarsa artıqlaması ilə almışam. Ondan ötrü hər şeydən keçərəm. Anam deyir ki, bu qədər bağlanma uşağa, bir az rahat ol, uşaq da sərbəst böyüsün. Ola bilmirəm. Onları dərsə göndərmək üçün hər mövsümdə meşədən qoz, moruq, böyürtkən, allahın verdiyindən hər şey yığıb qəpiyi qəpik üstünə qoyuram. Bir ailədən üç uşaq məktəbə gedirsə, başqa ehtiyaclara yer qalmır. Üstəlik son illər atam xərçəng xəstəsi oldu. Vəziyyəti yüngülləşsin deyə hər dəfə Bakıya aparmaq üçün nələrdən keçmədik. Axırda daha gətirməyin, dedilər. Bir neçə ay əvvəl üzüaxşama dəhşətli ağrılar başladı. Ağrıkəsicilər təsir etmir, əlimizdə-ovcumuzda heç nə yoxdu. Adam qıvrıla-qıvrıla qalıb. O gecə ilk dəfə çarəsizliyin nə demək olduğunu o qədər dərindən anladım. Amma təslim olmadım, bibi.

Ara verib boğuq səslə davam etdi:

– Atamı... həmin bu maşınla Bakıya apardım. Başa düşürəm, bunda bir hünər yoxdu. Amma mən heç ömrümdə Bakıya maşın sürməmişdim axı... Təsəvvür edirsizmi, arxada ağrıdan huşunu itirmiş xəstə, gümana gedilən yol və açarla işə düşən ağac, kol qoxulu təsərrüfat arabası. Bakıya qədər yalnız bir neçə an gözlərimi yoldan çəkib arxaya dönmüşdüm. Yad döngələr, eniş-yoxuşlar arxada qaldıqca, atamın əzab-əziyyəti azalır kimi gəlirdi mənə. Yaxşı ki, Respublika Xəstəxanasına biz tərəfdən şəhəriçi məsafə azdır. Çata bildik, bibi. Əllərim sükandan güclə qopartdım. Atamı sakitləşdirdilər. Onu o hadisədən bir-iki ay sonra itirdik. Sadəcə mənim o gecə qalxan təzyiqim hələ düzəlmir. Lumonla-zadla birtəhər salıram. Olsun, düzələcək. Otuz üç yaşım var, allaha şükür, ailəmin başındayam. Bayaq dediyim kimi bir loxma çörəyimizi meşədən, daşdan-kəsəkdən çıxardıram, amma yağlı tikədən ötrü kimsənin qabağında alçalmıram. Bilirəm, çətinliklər çoxdur. Qiymətlər də gündən-günə artır. İş-güc yox. Uşaqlar böyüdükcə xərclər artır. Məktəb bir tərəfdən istəyir, müəllim yanına göndərmək var. Əlim-ayağım tutur, inşallah, öhdəsindən gələcəm. Lap çox istədiyimiz kiçik qızım yoxdumu? Bax, onu həkimlik oxutduracam. Əllərim sükana yapışan o gecə ürəyimdən keçdi bu arzu.

Mən dinləmirdim... Ölkənin gündəlik sosial-iqtisadi, psixoloji-mənəvi durumundakı vətəndaş çabalarından bəhs edən bir həyat filminə ürək ağrısı ilə baxırdım. Rayonun girişində ayıldım ki, əlim o ipək ürəkli gəncin bərkiyib sərtləşmiş əlinin üstündədir. Bacım da əlini sakitcə çiynimə qoyub içəridəki səs-küyün arasında söhbətə diqqət kəsilmişdi.

Limon alası oldum. Bütün bunlardan sonra evdəkilər yetməzdi. Münasib bir yerdə saxlayaram, dedi. “Münasib yer” tünlük olmayan yer deməkdi. Bizə görə çəkinirdi yəqin. Deyə bilmədim ki, guruldayıb daha da diqqət cəlb edən “veteran” maşın mənə görə oğurluq, haram sərvətlərlə sürülən hər hansı markalı avtonəqliyyatdan daha rahatdır.

Sağollaşanda narahatlığa görə üzr istəyib, həyətin işığını yanana qədər bizi qapıda gözlədi...

P.s. O istiqanlı, əzabkeş Azərbaycan gəncinin adı Rafiq idi deyəsən...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i4uviu

Ən çox baxılan