Zabrat sakinləri üçün tanış mənzərə – tavanda gəzən siçovullar. 100 dən çox yaşı olan Nəriman Nərimanov küçəsində yerləşən bu ikimərtəbəli binaların hər an uçma təhlükəsi var. Sakinlər deyir ki, Fövqəladə Hallar Nazirliyi ötən il binanın qəzalı olması barədə rəy versə də, onların həyatına sahib çıxan yoxdur. İstismar müddəti bitmiş, qəzalı vəziyyətdə olan binanın sakinləri əlaqədar dövlət orqanlarına müraciət edib.
Bir müddət öncə Sabunçu Rayon İcra Hakimiyyətindən onlara göndərilən məktubda binanın qəzalı vəziyyətdə olduğundan sökülüb yenidən tikilməsinə rəy verildiyi də yazılıb. Amma ortada heç nə yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətindən və 71 saylı Mənzil İstismar Sahəsindən də bildirilib ki, sakinlərə ya kompensasiya veriləcək, ya da bina sökülüb yenidən təhvil veriləcək.
Burada yaşayan 90-dan çox ailə dövlətdən gələcək yardımı gözləyir. Bəzilərisə təhlükə səbəbindən evlərini tərk etməyə məcbur qalıblar.