”Bir dövlətin bazarda monopoliya funksiyasını yerinə yetirməsini istəmirik”

Amos Hokstayn: ”Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil”

Source:
Amos Hoktayn foto APA
Amos Hoktayn foto APA


mos Hokstayn: ”Qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil”


Dekabrın 15-də ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn mətbuat konfransı keçirib.

Suallara cavab verməzdən öncə Amos Hokstayn gün ərzində prezident İlham Əliyev, energetika naziri Natiq Əliyev və digər rəsmilərlə görüşdüyünü dedi.



“ABŞ Cənub-Qaz dəhliziylə bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir”

ABŞ rəsmisi bildirdi ki, Vaşinqton Azərbaycan hökuməti və xalqı ilə nəinki dost, həm də strateji əhəmiyyət daşıyan münasibətlərə malikdir:

“Strateji tərəfdaşlıq çoxşaxəli və çoxsaylı ərazilərə şamil oluna bilər. Bugünkü görüşlərdə isə yalnız energetika məsələrini müzakirə etmişdim. Son bir neçə ildə Azərbaycan və digər tərəfdaşlarla çox sıx fəaliyyət göstərərək Cənub Qaz Dəhlizinin reallaşmasına öz səylərimizi sərf etmişik. Cənub Qaz Dəhlizi Azərbaycan üçün də vacib layihə olmaqla yanaşı Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. 1990-cı illərin sonunda Amerika hökuməti BTC-nin gerçəkləşməsinə yardım göstərdiyi qədər Cənub Qaz Dəhlizinin də eyni strateji əhəmiyyətə malik olduğunu başa düşürük. Məhz buna görə Azərbaycan və digər şirkətlərlə sıx əməkdaşlıq edir, layihənin uğurunu təmin etmək üçün səylər göstəririk. Avropada enerji sahəsindəki monopoliya istiqamətindən olan təhlükələrə görə Cənub Qaz Dəhlizini bilavasitə siyasi və enerji təminatı üçün nəzərdən keçiririk. Ona görə Azərbaycan Avropaya enerjinin təminatı yönündə mühüm rol oynayır. Düzdür, Avropada müəyyən siyasi dəyişikliklər mövcud olub, həm də Amerikadakı siyasi dəyişiklikləri nəzərə alsaq, prezident Əliyevlə görüşdə bu məsələləri müzakirə etdik və ABŞ-nin Cənub Qaz Dəhlizilə bağlı üzərinə götürdüyü öhdəliyi bir daha xatırlatdım”.

Amos Hokstayn sonda sualları cavablandırdı.


Turan İA: İrana sanksiyalar götürdükdən sonra Azərbaycan qazının Avropaya nəqli nə dərəcədə mümkündür?

Amos Hokstayn: İranla nüvə proqramı barədə sövdələşmə əldə olunub və bununla bağlı müəyyən sanksiyalar Tehranın üzərindən götürülüb. Sanksiyalar sırasında bilavasitə enerji sahəsinə aidiyyatı olan məqamlar da var ki, onlar da qaldırılıb. Bu, İrana dünya qlobal enerji bazarına daxil olmaq, yenidən inteqrasiya imkanı yaradır. Lakin o şərtlə ki, bu prosesdə digər sanksiyaların təsiri altına düşməyən şirkətlər, iştirakçılar mövcuddur. Yəni bu şərt olduğu təqdirdə İran bazara daxil ola bilər. Ümumiyyətlə, bu sahədə olan hər hansı sövdələşmələr, yaxud qərarlar bilavasitə kommersiya zəminində nəzərə alınmalıdır. Onu demək istəyirəm ki, enerji bazarında mövcud olan vəziyyətdən asılı olaraq qərarlar qəbul edilə bilər. Hazırda “Şahdəniz” yatağından hasil olunan qazı ilkin olan prioritet kimi görürəm.


Amerikanın səsi: “Trans-Xəzər” qaz layihəsi yenə də gündəmdə qalırmı və bu barədə danışıqlar aparılırmı?

Amos Hokstayn: Xəzər ətrafındakı dövlətlər arasında müəyyən sövdələşmələr ola bilər. Nəinki neft, həm də enerji sahəsində hasil olunan malların Avropaya çatdırılması mümkündür. Məncə, bu layihənin irəliləməsi qonşu dövlətlərin razılığından asılıdır. Amma hazırda bizim prioritetimiz cərəyan edən layihələr üzərindədir.


Blomberq: TAP layihəsinin aqibəti barədə nə deyə bilərsiniz, bir sıra yerli dövlətlər bu layihənin gerçəkləşməsinə təpki göstərirdilər? İkinci, Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşdığı dövrdə “Türk axını” layihəsi real görünür. Bu layihə Cənub-Qaz Dəhlizinə təhlükə yaradırmı?

Amos Hokstayn: Cənub Qaz Dəhlizi kimi bir neçə dövləti əhatə edən iddialı layihəni həyata keçirdiyimiz zaman ola bilsin müxtəlif mərhələlərdə yerli icmalarla və siyasətçilərlə müəyyən çətinliklərlə üzləşə bilərik. Ancaq bu kimi çətinliklərin həll olunması istiqamətində əməkdaşlıq şəraitində birgə işləyə bilmişik. Bəli, İtaliyada bu layihəyə müxalif iradlar səslənir. Əminəm ki, layihədə iştirak edən dövlətlərlə birgə problemləri aradan qaldıra bilərik. “Türk axını” layihəsinə gəldikdə, vacib məsələ odur ki, məhz Avropaya qaz təchizatının diversifikasiyası istiqamətində birgə səylər göstərək. Hər hansı boru xətləri, enerji təchizatları hər hansı dövlətin müstəqilliyi, yaxud siyasi müstəvidə olan silah kimi istifadə olunmalı deyil. Bu kimi prinsiplər Avropada da, Ukraynada da böyük əhəmiyyət daşıyır.


Haqqın.az: Çoxu Amerikanı neft qiymətlərini qaldırmaqda, yönəltməkdə günahlandırır. OPEC bu yaxınlarda hasilatı aşağı saldı, amma bir çox ekspert hesab edir ki, ABŞ öz slans neftini satışa çıxararsa, qiymətlər yenə enəcək. Doğrudanmı, Amerika gözəgörünməyən bir əllə neft bazarını idarə edir?

Amos Hokstayn (gülür): Bu kimi suallar mənim üçün yeni deyil. İşimə görə bir müxtəlif ölkələrə gedirəm və Amerikanı çox şeylərə görə günahlandırırlar. Hətta pis hava şəraitinə və ya günün batmasına görə də Vaşinqtonu günahlandırırlar. Amma mənim bu kimi suallardan xoşum gəlir, çünki sualın daxilindəki ironiyanı görürəm. Yeganə dövlətik bu sahədə ölkədə neçə şirkətin işlədiyi böyük əhəmiyyət kəsb etmir, bütün məsələlər qiymətdən asılıdır. Enerji sahəsində fəaliyyət göstərən digər dövlətlərdə 1,5, 10, 20 şirkət işləyirsə, Amerikada isə 4 mindən çox şirkət var. Mən, yaxud prezident müəyyən Amerika şirkətinə müraciət edib hasilatı azaltmağı xahiş etsək, həmin şirkət bizi dinləməyəcək. Bu isə neft və qaz sahəsindəki texnoloji inqilabın nəticəsidr. Bu kimi texnologiyaların inkişafı sahəsində Amerika slans neftinin hasilatını artırıb. Sizin cavabınız sualın daxilindəydi, yəni qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil. Siz OPEC-in adını çəkdiniz, bu qurum bir kartel kimi qiymətlərin dəyişilməsinə təsir göstərir. Onlar bir araya yığışıb müzakirə aparıb qərar qəbul edirlər.


Meydan TV: Siz çıxışınızda monopoliya məsələsinə toxundunuz. Bu mənada Cənub Qaz Dəhlizilə bağlı Rusiya amilini nəzərə alırsınız? 1994-cü ildə Azərbaycan xarici şirkətlərlə müqavilə imzalayandan əvvəl də, sonra da Moskva bir çox problem yaratdı, son vaxtlar isə Rusiyanın regionda gücünün artdığını nəzərə aldıqda bu barədə nə deyə bilərsiniz?

Amos Hokstayn: Nə ABŞ, nə də digər dövlət hesab etmir ki, Rusiya Avropaya enerji təchizatının bir hissəsi ola bilməz. Amma bizim istədiyimiz ondan ibarətdir ki, enerji ehtiyatlarının istənilən təchizatçısı bazar qaydalarını pozmasın və bazara daxil olub monopoliya yaratmasın. Bilirsiniz, nəinki bu bölgədə, istənilən regionda hər hansı dövlətin təchizatçı mövqeyindən istifadə edərək, digər dövlətlərin mövqeyinə təsir edib, yeganə monopolist rolunu oynamasını istəmirik. İstənilən dövlət bazara daxil olub, öz təchizatçısını seçmək imkanına malik olmalıdır. Bu təchizatçı Azərbaycan da, Amerika da, Qatar da, Rusiya da ola bilər. Amma alıcı dövlət bazara azad şəkildə daxil olub, məhz qiymət amili əsasında öz qərarını verib, təchizatçısını seçməlidir. Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarlarına çatması bizim üçün çox vacibdir. Əminəm ki, bu istəyimiz bir gün baş verəcək.

Ana səhifəXəbərlər”Bir dövlətin bazarda monopoliya funksiyasını yerinə yetirməsini istəmirik”