Ülvi Həsənli: Turizm sahəsi qəsdən inkişafdan saxlanır
Viza sadələşdirilməsi, ölkəyə turist cəlb edilməsi, Avropa Şurası ölkələrinə vizasız səyahət və s. məsələlər bir çox ölkənin diqqət mərkəzindədir.
“Belta” agentliyi yazır ki, Belarusiya prezidenti Aleksandr Lukaşenko 80 ölkənin vətəndaşına Belorusiyaya 5 günlük vizasız giriş icazəsi ilə bağlı fərman imzalayıb.
Avropa Parlamenti Ukrayna və Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə dair qanunvericilik prosesinin başa çatmasını təsdiqləyib. Proses tamamlanandan sonra gürcü və ukraynalılar Avropa ölkələrinə vizasız gedib-gələ biləcəklər.
Neftin qiymətinin düşməsi, iqtisadi böhran səbəbindən Azərbaycan da son illər turizmin inkişafına önəm verir.
Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir ki, Körfəz regionu ölkələrinin vətəndaşları üçün hava limanında viza rəsmiləşdirməsi təcrübəsinin həyata keçirilməsindən sonra Azərbaycana gələn turistlərin sayı artıb:
“Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2014-cü ildə 821, 2016-cı ilin doqquz ayında 38 931 nəfər olub. İraqdan gələn turistlərin sayı da artıb”.
Bütün bunlara görədir ki, İlham Əliyev Azərbaycanı dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından birinə çevriləcəyini düşünür.
Bunu Avropa ölkələri ilə də etmək olarmı?
Turizm sahəsi üzrə ekspert Ülvi Həsənli deyir ki, hökumət ölkəyə turist cəlb etmək istəyirsə, öncə viza sadələşdirməsinə getməlidir:
“Bunu, ilk növbədə, əsas turist gələn ölkələrlə etməlidir. Bəzən təhlükəsilik məsələlərini əsas gətirib viza sadələşdirilməsinə getmirlər”.
Ülvi Həsənli deyir ki, hökumət özü də gördü ki, viza sadələşdirməsi nə qədər vacibdir. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) və Fars körfəzi ölkələri ilə viza rejimi sadələşdiriləndən sonra ölkəyə gələn turist sayı artıb:
“Bunu Qərb ölkələri ilə də etmək olar. Həmin ölkələrdən turistlər cəlb etməklə, ölkəyə külli miqdarda valyuta cəlb edə bilərlər. Turizm elə bir sahədir ki, burada müştərinin istəkləri önəmlidir. Viza da bu istəklər sırasındadır. Təəssüf ki, Azərbaycanda hər şey tərsinə olduğu kimi, bu yanaşma da tərsinədir. Hökumət elə bilir ki, turistlər sərhəd məntəqələrində sıraya düzülüb gözləyirlər ki, ASAN Viza tətbiq edilsin və onlar Azərbaycana gəlsinlər”.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda turizmin prioritet sahələrdən biri olduğunu və turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü deyib.
Nazir bildirib ki, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyası hazırlanır.
Ülvi Həsənli isə əksini düşünür. Deyir ki, turizm sahəsi məqsədli şəkildə inkişafdan saxlanılır. Bu sahə də ciddi monopoliyadadır:
“Mədəniyyət və Turizm Nazirliyinə kimin “əli çatır” hökumətin ayırdığı pullara da həmin adamlar nəzarət edir. Gəlmə turizmi monopoliyaya alıblar. Kimlər güclüdürsə, ölkəyə turist qruplarını onlar gətirə bilirlər. Başqalarına isə problem yaradırlar. Təsadüfi deyil ki, bu problemlərdən ən önəmlisi də viza ilə bağlıdır”.