Kamran Hümbətov 10 aydır yoldaşı ilə birlikdə küçədə yaşayır. Əl-üzlərini həyətdə yuyur, yeməkləri küçədə bişir, gecəni də maşında yatırlar. Onların hər ikisi dərzidir. 2011-ci ildə Kamran Hümbətova Memarlıq və İnşaat Universitetinin kafedra müdiri Əli Əliyev və sonradan vəfat edən Rafət Bəylərov 4250 ədəd fəhlə geyimi sifariş ediblər. Öz aralarında razılaşıblar ki, bu işin qarşılığında Kamran Hümbətova 94 min 200 manat ödəyəcəklər. Amma pul ödənməyib. Pulun qarşılığında iki ev verilib ki, sonradan bu evlərin başqa adamlara satıldığı üzə çıxıb.
Kamran Hümbətov 2012-ci ildən Binəqədi rayon 40-cı polis bölməsinə müraciət edərək onu aldadan şəxslərin tutulmasını, ona dəyən ziyanın qaytarılmasını istəyib. Amma şəxslər istintaqa cəlb olunmayıb, iş də bağlanıb.
Dərzi onu aldadan şəxslərin məsuliyyətə cəlb olunması üçün dövlət qurumlarına müraciət etdikdə, əksinə özünün həbsə düşdüyünü deyir.
Dərzinin onu aldatdığını iddia etdiyi Əli Əliyev Memarlıq və İnşaat Universitetinin Kimya fakültəsində kafedra müdiri işləyir. Universitetdən bildiriblər ki, kafedra müdiri məzuniyyətdədir.
Binəqədi rayon 40-cı polis bölməsinin dəftərxana şöbəsindən deyiblər ki, 2012-ci ilə aid olan arxiv yandırılıb. Kamran Hümbətov sonuncu dəfə iyunun 30-da Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək Əli Əliyevdən şikayətçi olub. Polis bölməsindən bildiriblər ki, onu izahat yazmağa çağırsalar da, gəlməyib.
Pulunu ala bilməyən Kamran Hümbətov əlini dövlət idarələrindən üzüb. O yoldaşı ilə birlikdə toz basmış tikiş maşınlarını işə salıb başlarının üstünə bir dam düzəltmək istəyir.