Xətai rayonunda yerləşən binanın zirzəmisi 4 ildən çoxdur ki, çirkab suları ilə doludur. Seyid Əzim Şirvani küçəsində yerləşən binanın sakinləri deyir ki, hara müraciət etsələr də, onların şikayətinə heç kim baxmır.
Bina sakini Ceyranxanım Xəlilova deyir ki, zirzəminin üfunət iyi evlərindədir.
Sakinlərin sözlərinə görə, bina 1978-cü ildə istifadəyə verilib. Həmin vaxtdan indiyə qədər borular dəyişdirilməyib.
“2008 – 2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda şəhər və qəsəbələrin təmizləyici qurğular və kanalizasiya xidmətləri ilə tam təmin edilməsi, çirkab suların təmizlənməsi nəzərdə tutulub.
Xətai rayonu, Sukanal İdarəsinin sahə rəisi Ramiz Quliyev isə Meydan TV-yə bildirdi ki, tezliklə zirzəmidəki su çəkiləcək. Borularda müvəqqəti təmir işləri aparılacaq.