Müstəntiq Meydan TV-nin sualına “bilmirəm” cavabını verdi
Meydan TV DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin saxlanması ilə bağlı açıqlamasını araşdırıb.
E.Zahidov hüquq müdafiəçisinin öz həmyerlisi olan bir vətəndaşa bıcaqla xəsarət yetirdiyinə görə saxlanıldığını deyib.
Ancaq Meydan TV-nin araşdırması nəticəsində məlum olub ki, bıçaqlandığı iddia olunan Arzu Qəhrəmanlı adında heç bir şəxs martın 31-də və aprelin 1-də Gəncədəki xəstəxanalara daxil olmayıb. Təcili tibbi yardım stansiyasına da belə bir məsələ ilə bağlı çağırış edilməyib.
Gəncədə iki xəstəxana var, amma Abbas Səhhət adına xəstəxana təmir olunduğundan tibbi müəssisənin bütün tərkibi Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına köçürülüb.
Qaydaya əsasən, xəsarət alan şəxsləri xəstəxanalar qeydiyyat kitabçalarında qeyd edirlər və bu barədə yerli polis şöbəsi məlumatlandırılır. Son iki gündə isə xəstəxananın qeydiyyat kitabçasında Arzu Qəhrəmanovun adına rast gəlinməyib. O cümlədən, xəstəxanadan polis şöbəsinə bu barədə məlumat verilməyib.
Meydan TV-nin əməkdaşı işi aparan müstəntiq Füzuli Şıxıyevdən Arzu Qəhrəmanovun hansı xəstəxanaya aparılmasını sual etdikdə o “bilmirəm” cavabını verib.