Əliməmməd Nuriyev: ”Mənə yalnız müraciət olarsa, bunun əsasında sorğu verib Ədliyyə Nazirliyinə rəy göndərə bilərəm”
Siyasi məhbus hesab olunan şəxslərin yaxınları vəfat edərkən onların dəfnə buraxılması yenə problem olaraq qalır. Son bir ayda Səid Dadaşbəylinin anası Qətibə Qarayeva və onunla birgə həbs olunan Samir Qocayevin qayınatası Mikayil İsmayilov vəfat edib. Ancaq hər iki məhbus yas mərasiminə buraxılmayıb. Əvvəllər də oxşar situasiya olub, məsələn, Nemət Pənahlının atası və anası vəfat etsə də, dəfnə buraxılmayıb. Ondan daha ağır maddə ilə ittiham olunan Rauf Mirqədirova isə atasının yas mərasimində iştirak etmək icazəsi verildi.
Məsələ ilə bağlı İşçi Qrupun və Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxladıq.
O, Cəzaların İcrası Məcəlləsini xatırladaraq bildirdi ki, böyük ictimai təhlükəsi olmayan, az ağır cinayət törətmiş şəxslərə bir həftə məzuniyyət verilə bilər. Əgər özlərini yaxşı aparırlarsa, onlardan şikayət yoxdursa. Ancaq ağır, xüsusilə ağır cinayətlərə görə məsuliyyətə cəlb olunmuş şəxslərə qanun bu hüququ vermir.
Əliməmməd Nuriyev “adları çəkilən məhbuslara ədalətsiz yanaşma göstərilmirmi” sualına belə cavab verdi: “Məcəllədə yazılmır ki, məhbus mütləq buraxılmalıdır. Bu, imperativ yox, despotativ normadır. Hər şeydən əvvəl məsələyə yanaşmada məhkumun özünü necə aparması tətbiq olunur. Bu amil və məhkumun məzuniyyətdən qayıtma ehtimalı da nəzərə alınır. Rauf Mirqədirova gəldikdə, o, yetərincə cəmiyyətdə tanınmış adam olduğundan ictimaiyyət üçün böyük təhlükə yaratmır. İkinci səbəb isə o, həbsxanada yüksək səviyyədə davranışlar sərgilədiyi üçün 3 günlük atasının yasına buraxıldı. Digərlərilə bağlı suala cavab verə bilmərəm. Hər şeydən əvvəl 2 şərt vacib götürülür; birincisi, etdiyi cinayətin ağır və xüsusilə ağır olub-olmaması, ikincisi isə həbsxanada özünü aparması, davranışlarıdır. Bəlkə həmin şəxsə müəssisə rəhbərliyi tənbeh tədbirləri tətbiq edib, bilmirəm”.
Ə.Nuriyev”Səid Dadaşbəyli və Samir Qocayevin yaxınlarının yasına buraxılmamasının səbəbini araşdıra bilərsinizmi” sualına cavab verdi ki, Əvf Komissiyasının üzvü kimi onun belə səlahiyyəti yoxdur: “Mənə yalnız müraciət olarsa, bunun əsasında sorğu verib Ədliyyə Nazirliyinə rəy göndərə bilərəm. Əgər bir çox məhkum hüquqlarının pozulduğunu düşünürsə, inzibati qaydada şikayət verə, yaxud məhkəməyə müraciət edə bilərlər”.
2007-ci ildə 1974-83-cü illərdə doğulan Said Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum ediliblər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli idilər.