”Un, çörək, yem, ətin, süd və yumurtanın qiyməti də qalxacaq”
2017-ci ilin ilk 6 ayında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri bahalaşıb. Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
Məlumata görə, 2016-cı ilin müvafiq dövrünə nisbətən istehlak məhsulları və xidmətlərin qiyməti 13,9 faiz artıb.
Bu sırada ərzaq məhsullarının 18 faiz, qeyri-ərzaq məhsullarının 12 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərinsə 9 faiz bahalandığı bildirilir.
Bu ilin iyununda maya nisbətən istehlak məhsullarının və xidmətlərin 1 faiz, o cümlədən ərzaq məhsullarının 2,5 faiz ucuzlaşdığı, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilən ödənişli xidmətlərin 0,1 faiz bahalandığı qeyd olunur.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan və qarğıdalı yağlarının, pasterizə olunmamış üzlü südün, çay və qəhvənin, mineral sular və bulaq suyunun, şəkər və şəkər tozunun, kartofun, şirin bibərin, pomidorun, xiyarın, çiyələyin, əriyin, alçanın, gilasın, tütün məmulatlarının qiymətlərinin ucuzlaşdığı deyilir.
Kərə və zeytun yağlarının, kolbasa məmulatlarının, yumurtanın, almanın, limonun, soğanın, çuğundurun, göyərtinin qiymətlərində isə bahalanma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
“Dünya bazarında ərzaq buğdasının qiyməti 2016-cı ilin dekabrında 122,8 dollar, 2017-ci ilin yanvarında 137 dollar, bu gün isə 206,22 dollardır. Bu da çörəyin qiymətinin qalxacağını göstərir”, – kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözləridir.
V. Məhərrəmov deyir ki, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir. Ehtiyacını idxal hesabına ödəyir. Odur ki, dünya bazarında buğdanın bahalaşması ölkədə çörəyin qiymətinin qalxmasına gətirib çıxaracaq:
“Yaxın zamanlarda Azərbaycanda unun, çörəyin, yemin, ətin, südün, yumurtanın və sair ərzaq mallarının bahalaşacağı gözlənilir”.