”Əli Abbasovun qaynının, Vidadi Zeynalovun şirkətləri ilə iş görmüşük”
“Ad çəkmək istəmirəm, sifarişləri icra etmişəm. İstintaqa verdiyim ifadələri təsdiq edirəm, mənə sual verməyin”.
Bu sözləri noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses zamanı “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov deyib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin məhkəmə prosesi davam etdirilib.
Prosesə yeni vəkil qoşulub
Meydan TV-nin məlumatına görə, proses başlayarkən hakim Əfqan Hacıyevin bildirib ki, Namazəli Məmmədovun müdafiəsi üçün yeni vəkillə – Tamerlan Zeynalovla müqavilə bağlanıb, məhkəməyə order təqdim edilib. N.Məmmədov yeni vəkilin qoşulmasına etiraz etməyib.
Daha sonra Beytulla Hüseynov Vidadi Zeynalovun vəkili Ceyhun Yusufovun sualları cavablandırıb. Vəkilin ittihamda mənimsəmə faktının şişirdilməsi ilə bağlı sualına cavab olaraq Beytulla Hüseynov deyib ki, o, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin göstərişlərini icra edib.
Sonra hakim Beytulla Hüseynovun istintaqa verdiyi ifadəni elan edib. Sabiq birlik rəhbəri ifadəsində bildirib ki, tikinti qiymətlərinin şişirdilməsi üçün sifarişi nazir Əli Abbasov verib: “Sifarişi Əli Abbasova versə də, bu barədə hesabatları Vidadi Zeynalova vermişik. 2009-2015-ci illərdə görülən işlərin, alınan malların qiymətləri 20-25 faiz artırılıb. Hər ayın sonunda BTRİB-nin baş mühasibi Anar Mustafayev bundan əldə olunan vəsaitin 80 faizini nazirliyə çatdırırdı. Nazir bizə göstəriş vermişdi ki, vəsaiti və hesabatı Vidadi Zeynalova verək. Vidadi Zeynalov da hesabat zamanı ona təqdim olunan məlumatları, əldə edilən vəsaitləri tutuşdururdu. Bir neçə dəfə özüm də nazir Əli Abbasova bu vəsaitlərlə bağlı hesabat vermişəm. Bu vəsaitdən vergi əməkdaşlarına təxminən 11 milyon, nazirin Nadir adlı qrup yoldaşına hər ay 1000 manat pul verilib. Bundan başqa, mənə çatan puldan Avropa Oyunlarına bir milyon manat xərcləmişəm. Ev alması üçün 2 milyon Əli Abbasova, 1.5 milyon isə nazir müavini İltimas Məmmədova vermişəm. Moskva Dövlət Universitetinin Bakı filialının kabelləşməsinə özüm 400 min xərcləmişəm. Hər ay 30 min mənə qalırdı. Ümumilikdə mənə 2.5 milyon pul qalıb. Əli Abbasovun qaynının, Vidadi Zeynalovun şirkətləri ilə iş görmüşük”.
“Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb”
Bundan sonra iş üzrə təqsirləndirilən Anar Mustafayev ifadə verib. Mühasib istintaqın qərəzli aparılmasından, rəqəmlərin şişirdilməsindən narazılıq edib: “İstintaq məni təşkilatçı kimi qələmə verib. Guya planı mən hazırlamışam. Əgər planı mən yazmışdımsa, belə ağlım, bacarığım vardısa, niyə istintaqın qənaətinə görə, Beytulla Hüseynov və Vidadi Zeynalovun hər birinə 10 milyon vermişəm, özümə isə 567 min manat götürürdüm? Mən bununla günahsız olduğumu demək istəmirəm. Günahımı ilk gündən etiraf etmişəm.
Xarici şirkətlər gəlib deyib ki, müqavilələri bizimlə bağla, bonus veriləcək. Bunlar rəsmi olaraq qeydiyyata alınmayıb. Beytulla Hüseynovun mənə əməliyyatlar üçün 7 min manat verdiyini demişəm. Həmin pulun 2 min manatı mənə qalırdı. Qalanı müxtəlif işlərə, o cümlədən işçilərin xəstəliklərinin müalicəsindən tutmuş, onların övladlarının təhsilinə, bayram tədbirlərinə qədər müxtəlif məsələlərə xərclənib.
Deyirlər ki, dövlət vəsaitini talan etmişik. Belə olmayıb. Bir tikinti şirkəti hansısa işə vəsait qoyursa, necə ola bilər ki, qazanc əldə etməsin?! Yalnız tenderlər vasitəsilə müəyyən pullar əldə olunub. Ya vəsaiti biz oğurladıq, ya da oğurlanmasına şərait yaratdıq – eyni şeydir. Hərçənd, bilirdik ki, bir gün qapı döyüləcək, amma eləyirdik. Layihələr hazırlanırdı, onların icrasını inandığımız adamlara həvalə edirdik. Amma onlara əvvəlcədən deyirdik ki, siz qazanc götürməyəcəksiz. O adamlara şişirtmə nəticəsində qalan vəsaitdən «paket» əməkhaqqı verilirdi. Bu baxımdan, biz dövlət əmlakını mənimsəməmişik, Bayram Vəliyev, Emin Məmmədov və Namazəli Məmmədovun haqqını tapdalamışıq. Qismən də olsa, özümü təqsirli bilirəm. Dəfələrlə Maliyyə Nazirliyi, Vergilər Nazirliyi yoxlamalar aparıb, heç bir kənarlaşma aşkarlanmayıb. Həqiqətən də, ədalətli araşdırılsa, görünər ki, zərrə qədər yayınma yoxdur. Başqa şirkətlərlə işləsəydik, daha baha başa gələcəkdi”.
“Biz vəzifəyə karyeramızı bitirməyə gəlməmişdik”
Fasilədən sonra proses davam etdirilib. Anar Mustafayev dövlət ittihamçısının və vəkillərin suallarına cavab verib. O deyib ki, B.Hüseynovdan ümumi maaşdan əlavə təxminən 100 min manat alıb: “Biz vəzifəyə karyeramızı bitirməyə gəlməmişdik”.
Təqsirləndirilən Bayram Vəliyev istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. Hakim onun istintaqa verdiyi ifadəsini elan edib. “Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə imza atırdım”, – deyə, B.Vəliyev ifadəsində bildirib
Digər təqsirləndirilən şəxslər isə ifadə verməyə hazır olmadıqlarını bildiriblər.
Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.
Beytulla Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.